Azərbaycan Maliyyə Nazirliyi 2025-ci ilin I yarımilliyində tətbiq edilən yeni tarif dərəcələri və artan geosiyasi qeyrimüəyyənliklərə görə biznes və əhalinin ehtiyatlı davranışları fonunda dünyada iqtisadi artım tempi zəiflətdiyini açıqlayıb.
Banker.az xəbər verir ki, bu barədə MaN-nın ötən gün açıqladığı 2026-2029-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsindəki “Makro-risklər”ə dair şərhdə bildirilib.
Ticarət tariflərinin inflyasiyaya təsiri ölkələrdə fərqli xarakter daşımaqdadır. Yeni tariflər ixracatçılarda mənfi tələb şoku kimi çıxış etməklə inflyasiya təzyiqlərini aşağı salsa da, digərlərində idxal olunan malların maya dəyərini artırmaqla qiymət artımın tədricən istehlak qiymətlərinə ötürülməsi nəticəsində inflyasiya təzyiqləri yaratması gözlənilir. Tarif tədbirlərinin dolayı qlobal təsirləri arasında inflyasiya gözləntilərinin yüksəlməsi nəticəsində qlobal faiz dərəcələrinin artması ehtimalı və maliyyə şərtlərinin daha da sərtləşməsi, eləcə də birbaşa xarici investisiyaların məhdudlaşması fonunda inkişaf etməkdə olan ölkələr üçün fiskal və maliyyə sabitliyi baxımından əlavə risklərin yaranması yer alır.
Ümumilikdə, tarif siyasətinin ölkələr üzrə iqtisadi artıma və inflyasiya proseslərinə təsiri tətbiq olunan rüsumların dərəcələrindən, müvəqqəti və daimi xarakter daşımasından, şirkətlərin artan maya dəyərini hansı dərəcədə tənzimləməsindən, eləcə də ticarət dövriyyəsinin strukturundan asılı olaraq dəyişir.
“Ticarət strukturunun məhsul qrupları üzrə təhlilinə əsasən digər ölkələrlə müqayisədə ticarət tariflərinin Azərbaycana əhəmiyyətli təsir göstərməsi ehtimalı aşağı qiymətləndirilir”- deyə, Azərbaycanın Maliyyə Nazirliyinin şərhində qeyd edilib.
Öncədən bildirək ki, keçən il ABŞ-dəki Respublikaçı namizəd ölkə prezidenti seçildikdən sonra bir sıra ölkələrlə idxal prosesesində minimum 10%, maksiumum hətta 100%-ə yüksələn tarif tətbiq edib, lakin bu sırada Azərbaycan minimal (10%) tariflə üzləşən ölkə olub.