2016-cı ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3678,1 mln. manat, xərcləri 2623,5 mln. manat olmuş, 1054,6 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranmışdır.
Gəlirlər
2016-cı ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3570,6 mln. manat proqnoza qarşı 3678,1 mln. manat və yaxud 3,0 faiz çox olmuşdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 101,4 faiz icra edilməklə dövlət büdcəsinə 1542,0 mln. manat vəsait təmin edilmişdir.
Həmin vəsaitin 78,5 faizi və yaxud 1210,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 9,0 faiz-bənd çoxdur.
2016-cı ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 114,8 faiz əməl edərək büdcəyə 416,9 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz və yaxud 74,9 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 47,5 mln. manat təşkil etmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 11,7 mln. manat vəsait daxil olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1660,0 mln. manat vəsait transfert edilmişdir.
Xərclər
2016-cı ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 73,3 faiz və yaxud 2 623,5 mln. manat icra olunmuşdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 54,4 faizi və yaxud 1426,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz və yaxud 52,0 mln. manat çoxdur.
Cari ilin 1-ci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 16,0 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 153,4 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 4,8 mln. manat vəsait yönəldilmişdir.
2016-cı ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
Cari ilin 1-ci rübündə dövlət büdcəsində 1054,6 mln. manat büdcə artıqlığı (profisit) yaranmışdır.
İcmal büdcə
Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 4473,2 mln. manat, icmal büdcənin xərcləri isə 3348,3 mln. manat icra olunmuşdur. İcmal büdcənin artıqlığı 1124,9 mln. manat təşkil etmişdir.