10 C
Baku
Wednesday, December 11, 2024

Maliyyə Nazirliyi dövlət büdcəsinin gəlir və xərclərini açıqlayıb

Maliyyə Nazirliyində Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyevin verdiyi tapşırıqlara, 2017-ci ilin birinci yarısında dövlət büdcəsinin icrasının gedişi və 2018-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin müzakirəsinə və qarşıda duran digər vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, Maliyyə Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov bu ilin ilk altı ayının sosial-iqtisadi yekunlarından bəhs edib, ötən dövr ərzində aparılmış makroiqtisadi siyasətin nəticəsi olaraq ölkədə məzənnə sabitliyinin bərpa olunduğunu, qeyri-neft ixracı, habelə strateji valyuta aktivlərinin artdığını, eyni zamanda ümumi daxili məhsulun azalma templərinin səngidiyini qeyd edib.

Qeyd olub ki, Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hökumətin gələcək fəaliyyətində prioritet istiqamətin dəyişmədiyini vurğulamış, qeyri-neft sektorunun, xüsusilə də sənaye və kənd təsərrüfatının aparıcı sahələrinin inkişafı, iqtisadiyyatın səmərəliliyi və dayanıqlılığının təmin edilməsi, bölgələrə investisiyaların cəlb edilməsinə dair mərkəzi və yerli icra orqanları qarşısında mühüm vəzifələr qoyub.

Cari ilin ilk 6 ayında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirildiyini, əmək haqqı, müavinət, pensiya və digər sosial xərclərin, həmçinin dövlət borcu üzrə öhdəliklər və digər zəruri xərclərin tam və vaxtında maliyyələşdirildiyini qeyd edən S.Şərifov ilin ikinci yarısında da sosial müavinətlər, maaş, pensiya, təqaüd, və digər bütün sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsinin təmin olunacağını vurğulayıb.

İclasda bildirilib ki, ilin ilk 6 ayında bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşdirilməsinə nail olunub.

İlin birinci yarısında dövlət büdcəsinin icrası vəziyyəti ilə əlaqədar qeyd edilib ki, bütövlükdə 6 ayda icmal büdcənin gəlirləri 11,6 mlrd. manat və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 25,3%, xərcləri isə 11,5 mlrd. manat və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 25,9% çox icra edilib. Dövlət büdcəsinin mədaxili isə 7,7 mlrd. manat və ya 102,3%, xərcləri isə 8,2 mlrd. manat və ya 100,0% icra edilib.

Cari ildə nazirliyin qarşısında duran vəzifələr arasında 2018-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda qoyulmuş tarixlərə uyğun olaraq aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı işlərin təşkilinin vacibliyi xüsusilə vurğulanıb. Təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq təşkilatlar üzrə sifarişlərin və gəlirlər üzrə proqnozların nazirliyə daxil olduğunu nəzərə alaraq aidiyyəti struktur bölmələrə, dövlət xidmət və agentliklərə 2018-ci il dövlət və icmal büdcə layihələri və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibi işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

2018-ci il dövlət büdcəsinin gəlirlərinin təmin olunması ilə bağlı qarşıda duran vəzifələr kimi qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin və vergi daxilolmalarının yığım əmsalının artırılması, vergi borclarının ləğv edilməsi və vergidən yayınmaların qarşısının alınması istiqamətində tədbirlərin gücləndirməsi, respublikanın şəhər və rayonlarının yerli gəlir və xərclərinin tarazlaşdırılması istiqamətində işlərin davam etdirilməsi, dövlət büdcəsi layihəsinin tərtibi prosesinin və xərclərinin strukturunun təkmilləşdirilməsi, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi, xərcləri optimallaşdırmaqla orta və uzunmüddətli dövrləri əhatə edən proqramlar əsasında büdcə tərtibinin daha da genişləndirilməsi qeyd edilib.

Kollegiya iclasında Azərbaycan Respublikasında 2018-ci il və sonrakı üç il üçün makro-fiskal çərçivə və “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan prezidentinin 27 dekabr 2016-cı il 1180 nömrəli Fərmanına müvafiq olaraq Maliyyə Nazirliyinə tapşırılmış fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni büdcə qaydasının, dövlət borc siyasəti strategiyasının və ortamüddətli xərclər çərçivəsi və nəticəəsaslı büdcə tərtibi mexanizmi ilə bağlı təkliflərin hazırlanması barədə maliyyə nazirinin müavini Emin Hüseynovun məruzəsi dinlənilib.

Bildirilib ki, nazirlik qarşısında qoyulmuş tapşırıqlara uyğun olaraq beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla büdcə qaydalarının tətbiqi ilə bağlı normativ-hüquqi aktların və dövlət borcunun idarəedilməsi üzrə orta və uzunmüddətli strategiya sənədinin layihələri, habelə ortamüddətli xərclər çərçivəsi və nəticəəsaslı büdcə mexanizminin formalaşdırılmasına dair təkliflər hazırlanıb. Kollegiya iclasında hazırlanmış sənədlərin nəzərə alınması və qısa müddət ərzində Maliyyə Sabitliyi Şurası və Nazirlər Kabinetinə təqdim edilməsi barədə qərar qəbul edilib.

İclasda həmçinin, “2017-ci ilin birinci yarısında dövlət büdcəsinin icrasının gedişi haqqında” və “Dövlət gəlirlərinin proqnozlaşdırılması və modelləşdirilməsi metodologiyası”nda dəyişikliklər edilməsi haqqında” məruzələr dinlənilib, müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilib.

Sonra Azərbaycanda uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Maliyyə Nazirliyinin 8 nəfər əməkdaşına medallar təqdim olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər