Bu ilin fevral ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrası proqnozu üstələyib.
Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Belə ki, fevral ayında dövlət büdcəsinin gəlirləri 2 milyard 686,1 milyon manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 3,04 milyon manat və ya 0,1 % çox olub.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 863,2 milyon manat, Dövlət Gömrük Komitəsindən 530,6 milyon manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 4,2 milyon manat, Dövlət Neft Fondundan transfert isə 1 milyard 206,8 milyon manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 40,6 milyon manata, sair daxilolmalar isə 40,7 milyon manatabərabər olub.
Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, fevral ayında dövlət büdcəsinin xərcləri 3 milyard 026,3 milyon manat təşkil edib ki, bu da aylıq proqnozdan 65,4 milyon manat və ya 2,2 % çoxdur.