7 C
Baku
Thursday, December 12, 2024

Maliyyə Nazirliyi “Sovetski”də mülkiyyətçilərə təklif olunan məbləğ barədə açıqlama verib

Maliyyə Nazirliyi Bakıda “Sovetski” adlanan ərazidə nəzərdə tutulan söküntü işləri və burada daşınmaz əmlaka malik olan mülkiyyətçilərə təklif olunan məbləğ barədə açıqlama verib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, hər hansı dövlət qurumu tərəfindən icra olunan layihələr, müxtəlif infrastrukturların tikintisi və bu zaman həyata keçirilən köçürülmələr və mülikiyyətçilərdən əmlakın alınması dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur və Maliyyə Nazirliyinin müvafiq strukturları tərəfindən maliyyələşmə aparılır. “Sovetski” adlandırdığınız əraziyə gəlincə bildiririk ki, burada evlərin alınması tam könüllülük prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Baş Nazirinin müavini Abid Şərifovun 21 fevral 2014-cü il tarixində mətbuata verdiyi müsahibədə bildirdiyi kimi, həmin ərazidə yaşayan əhaliyə məxsus əmlakların, mənzil və torpaq sahələrinin dövlət ehtiyacları üçün məcburi qaydada alınması nəzərdə tutulmamışdır. Belə ki, həmin ərazidə yerləşən əmlakların mülkiyyətçiləri (sahibləri) öz iradələrinə, mülkü hüquq prinsiplərinə və Azərbaycan Respublikasında qüvvədə olan mülkü qanunvericiliyin tələblərinə uyğun olaraq, öz əmlaklarını tam könüllü surətdə dövlətə sata bilərlər. Bu ərazidə yerləşən əmlakların dövlət tərəfindən alınması zamanı, əmlakın faktiki ümumi sahəsinin hər bir kvadrat metrinin dəyəri 1500 (bir min beş yüz) manat həcmində yuxarı hədd müəyyən olunub. Qeyd edilən məbləğin müəyyən olunması üçün həmin ərazidə kifayət qədər təhlillər aparılmış və müstəqil ekspert rəyləri nəzərə alınıb.

Beləki, qeyd olunan sahənin Bakı şəhərinin mərkəz hissəsinə yaxın ərazidə yerləşməsinə baxmayaraq, bir sıra amillər həmin ərazidə yerləşən əmlakların bazar dəyərinə mənfi təsir göstərməkdədir. Belə ki, ərazidə yerləşən tikililərin böyük əksəriyyəti bugünki şəhərsalma qayda və tələblərinə uyğun gəlmir, yaşayış sahələri müvafiq təhlükəsizlik və yaşayış üçün müəyyən edilmiş ümumi tələblərə cavab vermir, kommunal, kommunikasiya və digər infrstruktur sistemləri qənaətbəxş vəziyyətdə deyil və onların yenidən qurulması üçün xüsusi təyinatlı texnikanın əraziyə daxil olmasında darısqal, ensiz yollar ciddi maneələr yaradır.

Qeyd olunanları nəzərə almaqla, göstərilən məbləğin müəyyən olunması ilə bağlı qərarı əmlak bazarının reallıqlarını adekvat əks etdirən və kifayət qədər ədalətli hesab etmək olar.

Müvafiq dövlət orqanlarında mövcud olan məlumatların təhlili nəticəsində, son dövrlərdə ərazidə alqı-satqı olunmuş əmlakların hər bir faktiki kvadrat metrinin dəyərinin 1500 manatdan daha az olduğu müəyyən edilmişdir. Bütün bunlarla belə, qeyd olunan ərazidə mülkiyyətçilərə dövlət büdcəsinin vəsaiti hesabına əmlakların alınması üçün müəyyən olunmuş ən yuxarı hədd – 1500 manat təklif olunur.

Beləliklə, təklif olunan qiymətə razı olmayanlar öz evlərində, sözügedən ərazidə əvvəlki qaydada yaşamaqda davam edirlər. Öz əmlaklarını qeyd olunan qiymətə satmağa razı olanlar isə, müvafiq qurumlara müraciət edərək alqı-satqını rəsmiləşdirirlər. İndi 100-ə yaxın mülkiyyətçi ilə alqı-satqıya dair müvafiq razılaşma sənədi imzalanıb və onların pul vəsaiti bankdakı hesablarına köçürülüb.

Salamnews.

Son xəbərlər
Digər xəbərlər