Maliyyə Nazirliyi “Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumata münasibət bildirib.
Agentliyin* sorğusu əsasında Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev reytinq üzrə proqnozun mənfidən sabitə yüksəldilməsini şərh edərək agentliyin bundan əvvəl dərc etdiyi reytinq hesabatında tələskənliyə yol verildiyini qeyd edib. “Mövcud vəziyyətin düzgün qiymətləndirilməməsi ilə razılaşmadığımızı və bundan təəssüfləndiyimizi bəyan etmişdik. Hesab edirik ki, “Standard&Poor’s” agentliyi neft və neft məhsullarının qiymətlərinin azalması fonunda dərhal ölkənin kredit reytinqini aşağı endirməklə bağlı qərarlarında tələsmişdi. Buna baxmayaraq, Agentliyin nümayiş etdirdiyi bugünkü adekvat və çevik mövqeyi yüksək qiymətləndiririk”, – deyə mətbuat katibi bildirib.
Xatırladaq ki, “Standard&Poor’s” Azərbaycanın suveren kredit reytinqinin ənənəvi qiymətləndirməsini apararaq müvafiq hesabatını açıqlayıb. Agentlik Azərbaycanın uzunmüddətli xarici və milli valyutada suveren kredit reytinqini ‘BB+/B’ səviyyəsində təsdiq edərək reytinq üzrə proqnozu mənfidən sabitə yüksəldib. Reytinq agentliyinin yaydığı hesabatda tədiyyə balansına olan təzyiqlərin azalması fonunda xarici valyuta ehtiyatlarının artması, 2014-cü ildən bəri ilk dəfə olaraq büdcənin profisitlə icra olunacağının proqnozlaşdırılması və ölkənin iqtisadi inkişaf göstəricilərində gözlənilən artım reytinq üzrə proqnozun yaxşılaşdırılmasına əsas səbəblər kimi göstərilib. Belə ki, agentlik 2018-ci ildən başlayaraq ölkə iqtisadiyyatında növbəti dörd il ərzində orta hesabla 3,3% artım proqnozlaşdırır.