-1 C
Baku
Sunday, December 15, 2024

Maliyyə Palatası bu sahəyə işçi qrupu yaratdı

Azərbaycanda qeyri-neft sektorunun inkişafı məqsədilə ölkə prezidentinin rəhbərliyi altında bir sıra istiqamətlərdə islahatlara başlanılıb ki, onlardan biri də kənd təsərrüfatının inkişaf etdirilərək iqtisadiyyatın sabit və dayanıqlı sahələrindən birinə çevrilməsidir.

Bu barədə Banker.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Aqrar sektorun inkişafı, onun sabit-dayanıqlı sahəyə çevrilməsi və buraya investisiyaların cəlb edilməsi üçün tələb olunan addımlardan biri də kənd təsərrüfatındakı risklərin düzgün və səmərəli idarə edilməsidir.

Bu məqsədlərə nail olmaq üçün Azərbaycanın kənd təsərrüfatı sahəsində mövcud sığorta mexanizminin yenidən qurularaq etibarlı sığorta modelinin  yaradılması nəzərdə tutulur.

Bu ilin aprel ayından fəaliyyət göstərməyə başlayan Maliyyə Bazarlarına Nəzarət Palatası kənd təsərrüfatı sığortası mexanizminin təkmilləşdirilməsi istiqamətində işlərə başlayıb. Belə ki, Azərbaycanın sığorta bazarının xüsusiyyətlərinə, kənd təssərrüfatı şəraitinə və dövlət siyasətinə uyğun olan kənd təsərrüfatı sığortası modelinin seçilməsi üçün beynəlxalq təcrübə öyrənilib, eyni zamanda, uğurlu kənd təsərrüfatı sığortası mexanizmləri, eləcə də ABŞ, Türkiyə, İspaniya, Avstriya, Kanada, Almaniya, İsrail və s. ölkələrin təcrübəsi araşdırılıb.

Kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi sahəsində atılan addımlardan biri də Türkiyə Respublikasının TARSİM modelinin daha yaxından araşdırılması olub. Bu məqsədilə Palatanın əməkdaşları Türkiyə Respublikasına ezam edilərək həmin modeli daha yaxından öyrəniblər, həmçinin Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən Azərbaycan hökumətinə təklif edilən Azərbaycanda Aqrosığorta mexanizminin yaradılması layihəsi ətraflı şəkildə  araşdırılıb və Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri ilə ətraflı müzakirə edilərək Azərbaycan üçün perspektivləri qiymətləndirilib.

Bu sahədə görülən işlərin daha səmərəli və operativ həyata keçirilməsi, ölkə üçün ən optimal kənd təsərrüfatı sığortası modeliin müəyyən edilməsi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqədar dövlət qurumlarının fəaliyyətinin koordinasiya edilməsi məqsədilə Palatanın təşıbbüsü ilə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə işçi qrupu yaradılıb.

Oktyabrın 4-də Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə yaradılmış işçi qrupunun ilk iclası keçirilib. Görüş zamanı kənd təsərrüfatı sığortası mexanizminin əhəmiyyəti, mövcud problemlər, atılacaq addımlar müzakirə olunub.

Bildirilib ki, işçi qrupunun qarşısına qoyulan hədəflər qısa müddət ərzində beynəlxalq təcrübəni öyrənmək, uyğun modelin seçilməsini təmin etmək və ölkə iqtisadiyyatına töhfə verən kənd təsərrüfatını risklərdən qorunma mexanizmini yaratmaqdır.

İclasda vurğulanıb ki, kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi aqrar sahəyə biznesin marağını və investisyaları artıracaq,  istehsalın yüksəlməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına, eləcə də kənd təsərrüfatı məhsullarının idxalından ixracına keçidinə imkan verəcək.

Kənd təsərrüfatı sığortası mexanizminin təkmilləşdirilməsi nəticəsində əldə olunan imkanlar, yuxarıda göstərilən müsbət nəticələrlə yanaşı, kənd əhalisinin həyat səviyyəsinin artması ilə bağlı urbanizasiyanın və ölkədən miqrasiyanın qarşısını alacaq, yeni iş yerlərinin açılmasına imkan yaradacaq və kənd təsərrüfatı sahəsinə dəstək məqsədli maliyyə alətlərinin aktivləşməsinə gətirib çıxaracaqdır.

Son xəbərlər
Digər xəbərlər