Azərbaycanda fəaliyyət göstərən banklar “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddətinin bu il dekarbrın 4-nə qədər uzadılması barədə hökumətə müraciət edib.
Məsələ ötən gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilmiş görüşdə müzakirə olunub.
İndi banklar bununla bağlı ölkə rəhbərliyinin qərarını gözləyir.
“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev məsələ ilə bağlı “Report”a açıqlama verib: “Bildiyimiz qədər, bu məsələ Maliyyə Sabitliyi Şurasında müzakirə edilib və Şura bu təşəbbüsü dəstəkləyib. Düşünürük ki, hazırkı mərhələdə bu problemə hökumətin dəstək göstərməsi məqsədəuyğun hesab edilir və bu təşəbbüsləri ali rəhbərlik dəstəkləyir. Hesab edirik ki, Milli Məclisin yeni tərkibinin ilk iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddətinin bu il dekabrın 4-nə qədər uzadılması barədə qanun layihəsi qəbul ediləcək”, – deyə o, qeyd edib.
Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” qanun 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, vətəndaşların banklara inamının bərpa edilməsi olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il uzadıb.
Ötən dövr ərzində qanunla bağlı gözləntilər özünü tam doğruldub. Sənəd qüvvəyə mindikdən 3 ay sonra Azərbaycanda bank əmanətləri yenidən artmağa başlayıb və ötən ilin oktyabr ayında 4 illik maksimumu yeniləyərək 8,8 milyard manata çatıb.