28 C
Baku
Saturday, July 27, 2024

Maliyyyə savadlılığı aylına yekun vuruldu

9 dekabr 2013-cü il, Bakı: Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzinin təşəbbüsü ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində 31 oktyabr 2013-cü il tarixində Azərbaycanda Beynəlxalq Əmanət Günü (BƏG) və onun davamı olaraq, noyabr ərzində Maliyyə savadlılığı aylığı keçirilmişdir. Əhalinin maliyyə maarifləndirilməsi tədbirlərinin təşkilatçıları habelə Azərbaycan Banklar Assosiasiyası, Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və bir sıra kommersiya banklarıdır.

Beynəlxalq əmanət günü və Maliyyə savadlılığı aylığının keçirilməsində əsas məqsəd müxtəlif maarifləndirici tədbirlər vasitəsilə ölkə ictimaiyyətinin maliyyə savadlılığı məsələlərinə diqqətini artırmaq və əhalidə bank sektoruna inamı gücləndirməkdən ibarətdir.
Əsas hədəf qruplarının məktəb şagirdlərinin olduğu maliyyə savadlılığı aylığı çərçivəsində bank işçiləri və təşkilatçılar tərəfindən Bakıda və regionlarda 38 məktəb ziyarət edilmiş, 3000 şagirdə bankçılıq, maliyyə və iqtisadiyyat mövzusunda təlimlər keçirilmişdir.

Bununla yanaşı Beynəlxalq Əmanət Günü münasibəti ilə Mingəçevir şəhərində 22 məktəbin komandalarının iştirakı ilə “Breyn-ring” intellektual oyunu təşkil edilmiş, bank məhsulları barədə ətraflı məlumat verilmiş və maarifləndirici materiallar paylanmışdır.
Maliyyə savadlılığı aylığı ümumilikdə ölkə üzrə 10.000-dən çox məktəblini əhatə etmişdir. Şagirdlərə “Məktəblinin şəxsi büdcə planlaşdırılması kitabçası”, bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər, iqtisadi oyunlar, üzərində BƏG-in rəmzi olan köynəklər, papaqlar, çantalar, bloknot, qələmlər və müxtəlif hədiyyələr paylanmışdır.

Həmçinin aylığın iştirakçısı olan bankların Bakı şəhərində və regionlarda yerləşən 25-dən çox filiallarında “Açıq qapı” günləri keçirilmiş və geniş ictimaiyyət, məktəblilər, gənc ailələr ilə görüşlər təşkil olunmuşdur. Bu tədbirlərdə bank sektoru, kreditlər, büdcə planlaşdırılması və bu kimi digər məsələlər barədə müştərilərə məlumatlar verilmiş, onların sualları cavablandırılmış, müxtəlif kitabça və bukletlər hədiyyə olunmuşdur.

Xatırladaq ki, 31 oktyabr – Beynəlxalq Əmanət Günü ölkəmizdə ilk dəfə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə 2012-ci ildə keçirilmişdir.

Son xəbərlər
Digər xəbərlər