Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən, vergi ödəyicisi malları əlavə dəyər vergisini (ƏDV) ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.
Vergi tutulan əməliyyatın aparıldığı vaxt isə Məcəllənin 166.2 maddəsinə əsasən, 159.5 maddədə göstərilən hallar baş verdikdə vergi tutulan əməliyyatın vaxtı sayılır.
Bir məqamı qeyd etmək lazımdır ki, fövqaladə hal ətraf mühitə və insan səhhətinə ziyan vuran, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir. Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür.
Təbii mənşəli fövqəladə hallar fəlakətli təbiət hadisələridir. Bunlara zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii hadisələr daxildir.
Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir. Bunlara yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. aid edilir.
Bir sözlə, fövqalədə hal vergi ödəyicisinin təqsiri ucbatından baş verməyən bədbəxt hadisədir.
Misal 1. Müəssisə 2022-cı ilin fevral ayında kommersiya məqsədləri üçün 40.000 manat dəyərində (ƏDV-siz) mal alıb və aldığı mala görə ödədiyi 7.200 manat ƏDV məbləğini fevral ayında büdcə ilə əvəzləşdirib. Amma iyun ayının 25-də həmin mal qeyri-kommersiya məqsədləri üçün istifadə olunub.
Bu halda 2022-ci il iyun ayının 25-i vergi tutulan əməliyyatın aparıldığı vaxt hesab olunur. Buna görə də əvəzləşdirilmiş 7.200 manat ƏDV məbləği iyun ayının ƏDV bəyannaməsində büdcəyə hesablanmalıdır.
Misal 2: ƏDV ödəyicisi olan şəxsdə 2022-ci il yanvar ayının 10-da aparılan inventarizasiya zamanı ƏDV-ni ödəməklə əldə edilən və müvafiq əvəzləşdirmə alınan 2.000 manat məbləğində mal əskik gəlmiş və 3.000 manat məbləğində mal xarab olmuşdur. Göstərilən məbləğlərə ƏDV daxil deyildir. Şəxsin hesablamalı olduğu ƏDV məbləğini müəyyənləşdirək.
Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən, vergi ödəyicisi malları ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa, malların qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt və malların əskik gəlməsinin, xarab olmasının baş verdiyi tarix (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.
Belə ki, müəssisədə 2.000 manatlıq malın əksik gəlməsi və 3.000 manatlıq malın xarab olması Vergi Məcəlləsinin 159.5 maddəsinə əsasən vergi tutulan əməliyyat sayılır. Müəssisə 2022-ci ilin yanvar ayında büdcəyə 900 ((2.000+3.000)x18%) manat ƏDV ödəməlidir.
Misal 3: Vergi ödəyicisinin Kür çayı ətrafı ərazilərində yerləşən rayonda bir ambarı vardır. Daşqın nəticəsində vergi ödəyicisinin ambarını sel aparmış və vergi ödəyicisinin 150.000 manatlıq (ƏDV-siz) dəyərində malları zay olmuşdur.
Vergi Məcəlləsinin 159.5 maddəsinə əsasən, fövqəlada hal zamanı vergi ödəyicisinin ƏDV öhdəliyi yaranmır. Misalda qeyd etdiyimiz vəziyyət fövqəladə hal olduğu üçün vergi ödəyicisinin ƏDV öhdəliyi yaranmır.