Artıq Azərbaycanda idxal və ya ixrac olunan mallara dair məlumatlar əvvəlcədən gömrük xidmətinə elektron qaydada göndərilməklə Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən malların təsnifatı, mənşə ölkəsi müəyyənləşdiriləcək və qəbul edilən qərarlar öncədən sahibkarlara təqdim olunacaq.
Banker.az Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, biznes subyektləri Komitənin rəsmi internet səhifəsinin “Sahibkarlar üçün” bölməsinə daxil olmaqla “Məcburi Qərarlar” altbölməsindən müraciətlərini ünvanlaya bilərlər.
Gömrük bəyannaməsinin 44-cü qrafasında əldə olunan məcburi qərar təsnifat ilə bağlıdırsa 5013, mənşə ölkəsi ilə bağlıdırsa 7001 kodu, qərarın nömrəsi və tarixi qeyd edilməlidir.
Qeyd edək ki, öncədən əldə olunmuş məcburi qərarın mövcudluğu malların gömrük rəsmiləşdirilməsi zamanı təsnifat kodunun və ya mənşə ölkəsinin müəyyənləşdirilməsi üçün təkrar ekspertizası aparılması zərurətini aradan qaldırır.