Son dövrlər ən çox soruşulan sual məhz budur. 2016-cı ilə dollara nisbətən 1.5610 kursu ilə başlayan manat may ayının sonuncu gününə 1.4906 məzənnəsi ilə daxil oldu. Bu isə deməkdir ki, ikinci devalvasiyada 48 faiz dəyər itirən milli valyutamızın rəsmi krusu son 5 ayda 4 faiz möhkəmlənə bilib. Məsələ heç də devalvasiya ilə nisbətdə manatın dəyər qazanma faizinin böyük olmaması deyil, həmçinin bu möhkəmlənmədə bazarın nə qədər rol oynaması ilə bağlıdır.
Öndə qeyd etdiyimiz sualı cavablandırmadan öncə nə üçün mart ayından başlayaraq manat möhkəmlənməsi səbəblərinə diqqət yetirək. İkinci devalvasiyadan sonra vətəndaşlar və eləcə də biznes qısa zamanda öz milli valyutalarını dollara çevirməyə çalışdılar. Nəticədə, dollarlaşma prosesi kəskin sürətləndi və nəinki əllərdəki manat, hətta bankların gündəlik yığımları belə dollarlaşdı.
O zaman “qara bazarda” manatı dollara məzənnəsi hətta 1.90-dək yüksəldi. Bu isə o deməkdir ki, dollarlaşma prosesi manatın xeyili aşağı məzənnəsi ilə müşahidə edildi və biznes və vətəndaşlar baha dollar almaq məcburiyyətində qaldılar. Mart ayından başlayaraq isə istər banklar, istəsə də vətəndaşlar cari xərclər üçün dollarlarının bir hissəsini bazara çıxardılar. Büdcənin investisiya xərclərinin azalması idxalın da bu istiqamətdə məhdudlaşmasına səbəb oldu.
Bankların xarici valyutada istehlak kreditləşməsinə tətbiq edilən məhdudiyyətlər də dollara tələbini azaltdı. Nəhayət, Mərkəzi Bankın manat bazasını 2015-ci ilin yanvarı ilə müqayisədə may ayında 11.542 milyard manatdan 6.726 milyard manatadək azatması da milli valyuta təklifinin məhdudlaşdırdı. Nəticədə, həm əks-dollarlaşma prosesinin başlaması, həm də Mərkəzi Bank ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati tədbirləri dollara tələbi azaltdı.
Mərkəzi Bank yaz aylarında hərraclara alıcı kimi qatılması isə milli valyutanın məzənnəsinə təsir göstərməyə başladı. 4 faizlik marjı qoruyan Mərkəzi Bank valyuta bazarında yenə də aparıcı oyunçu kimi qalmaqdadır. Bu isə o deməkdir ki, manatın məzənnəsinə ən azı valyuta bazarı qədər Mərkəzi Bank təsir göstərir. Hətta dünya bazarında dolların möhkəmlənməsi də belə milli valyutanın kursuna təsirsiz ötüşür. Məzənnəni bazar müəyyənləşdirmədiyi və liberal üzən valyuta rejiminə keçirilmədiyi halda milli valyutanın gələcək məzənnəsi ilə bağlı biznesdə qeyri-müəyyənlik qalacaq.
Aydındır ki, Mərkəzi Bank inzibati metodlar ilə prosesi uzun müddət apara bilməz. İdxalın artması halında yenidən dollara tələb yükəsələcək. Digər tərəfdən, “isti pullar” real sektorun canlandırılmasının əsas prinsiplərindən biri olduğu üçün müəyyən müddətdən sonra Mərkəzi Bank manat bazasını genişləndirmək məcburiyyətində qalacaq. Bu isə xarici valyutaya təbii tələbin formalaşdırılması deməkdir.
Bu baxımdan, manatın gələcək taleyini belə ümumilləşdirmək olar: mövcud iqtisadi qanunlar ilə milli valyuta uzun müddət möhkəmlənə bilməz (1); Mərkəzi Bank inzibati metodlardan yalnız qısa müddətli dövrdə faydalana bilər (2); real sektorun canlanması, alıcılıq qabiliyyətinin yüksəlməsi fonunda idxalın genişləndirilməsi hesabına xarici valyutaya tələb yükəsələ bilər (3); enerji məhsulları ümumi ixracatımızın 85 faizini formalaşdırdığı üçün manatın gələcək məzənnəsi daha çox neftin dünya bazar qiymətini necə dəyişməsindən asılı olacaq.
Manat üçün bədbin proqnoz neftin bir barellinin qiymətinin 40 dollardan aşağı olması, orta proqnoz isə 60 dollar olmasıdır. 80 dollardan yüksək satıldığı halda neft manat üçün nikbin mənzərə formalaşdıra bilər. Neftin qiyməti ilə bağlı proqnoz vermək mümkün olmasa da əgər xarici müdaxilələr olmazsa güman olunur ki, qiymət 50 dollat ətrafında stabilləşə bilər (4); Apardığımız müzakirələr və görüşlər ondan xəbər verir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı yeni yol xəritəsi hazır olduqdan sonra manat bazasında artım müşahidə ediləcək. Manat bazasının genişləndirilməsi real sektorun inkişaf baxımdan vacib olmaqla yanaşı xarici valyutalara da tələbi artıracaq və yenidən dolların məzənnəsi yüksələcək (5); FED gələn ay uçot stavkasını artırarsa manata psixoloji təzyiq formalaşacaq və bu zaman inzibati metodlar zəifləyəcəyi halda dollar ölkəmizdə yenidən dəyər qazanmağa başlaya bilər (6); nəhayət, Mərkəzi Bank gec-tez liberal üzən məzənnə siyasətinə keçecək və bu halda artıq baş bank deyil, valyuta bazarı kursun müəyyənləşdirilməsində aparıcı olacaq.
Vüqar Bayramov