“Sentyabr ayından sonra manatın məzənnəsində müəyyən dəyişiklik gözlənilir”. Bu barədə ötən günlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib.
Parlament üzvü deyib ki, bu, Azərbaycan Mərkəzi Bankının yürütdüyü siyasətdən və ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) qəbul edəcəyi qərardan asılı olacaq: “Hazırda bank sektorunda vəziyyət pisləşməkdə davam edir. Ölkənin maliyyə-bank sektoruna nəzarəti artırmaq üçün yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası da problemin öhdəsindən gələ bilmir. Doğrudur, həyata keçirilən tədbirlər sayəsində müəyyən qədər sağlamlaşma prosesi gedib, amma bu, o demək deyil ki, bank sistemində hər şey öz qaydasındadır”.
“Sağlamlaşdırma hələ də sona çatdırılmayıb. Vaxtı keçmiş kreditlərin həcmi azalmaq əvəzinə artır. Problemli kreditlərin həcmi 1, 7 milyard manata çatıb. Kreditlər faktiki olaraq geri qaytarılmır. Maliyyə Bazarlarına Nəzarət Palatası bizim gözlədiyimiz nəticələri vermir. Hesab edirəm ki, bank sistemlərinə nəzarətin Palataya verilməsi iqtisadiyyata və bank sisteminə mənfi təsirlərini göstərməkdədir. Bu, bizim üçün ciddi problemdir”.
V. Əhmədov qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafı üçün bank sistemi normal işləməlidir: “İnsanların müəyyən iş qurması üçün kreditə əlçatanlıq artırılmalıdır. İstehlak kreditlərinin faizi 28-30-dan düşmür. Mərkəzi Bank kredit faizini yüksək saxlayır. Bank sistemində problem həddindən çoxdur. Palata öz fəaliyyətində ciddi dəyişikliklər etməlidir ki, sistemi sağlamlaşdırsın. Bütün bunların hamısı milli valyutanın məzənnəsinə təsir edən amillərdir. Hazırda məzənnə stabildir. Çünki Mərkəzi Bank vəziyyətə nəzarət edir. Amma vəziyyət uzun müddət bu cür davam edə bilməz”.
Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında, Azərbaycanda adətən payızda dollara tələbatın artdığını deyib: “Payız fəslində bir az aktivlik çoxalır və ilin sonunadək bu proses davam edir. Çünki artıq bir sıra öhdəliklər, müqavilələr icra olunmalı, ödənişlər edilməlidir, yəni, bir qayda olaraq belə olur. Buna görə də bizdə adətən payızda dollara tələbat artır”.
Onun sözlərinə görə, əgər Mərkəzi Bank ilə Dövlət Neft Fondu əlavə valyuta satmasa, o zaman manatın məzənnəsinin düşmə ehtimalı artacaq: “Amma onu da unutmayaq ki, Mərkəzi Bankın kifayət qədər valyuta ehtiyatı var. Yəni, istəsələr, yenə ondan istifadə edib süni şəkildə məzənnəni saxlaya bilərlər. Necə ki, onsuz da il ərzində saxlayırlar. Amma bu, uzun müddət belə davam edə bilməz. Valyuta ehtiyatlarımız tükənməz deyil. Payızda hər halda gözlənilir ki, Mərkəzi Bankın banklara kredit verməsi artacaq. Yəni, dövriyyəyə əlavə manat kütləsi buraxılacaq. Bu da manatın məzənnəsinə təsir edə bilər”.
ABŞ-ın Federal Ehtiyatlar Sisteminə (FED) gəldikdə isə, ekspert deyib ki, bu gözlənti də var: “Əgər FED ABŞ-da faiz dərəcəsini artırsa, dünyada dolların bahalaşma ehtimalı var, o cümlədən Azərbaycanda. Ümumiyyətlə, valyuta məzənnəsinə dair Azərbaycan kimi ölkədə qısamüddətli proqnoz vermək mümkün deyil. Çünki bizdə valyutamızın məzənnəsini bazar müəyyən etmir, Mərkəzi Bank müəyyən edir”.
“Qısa müddətli perspektivdə Mərkəzi Bank istədiyi kimi məzənnə ilə oynaya bilər. Ona görə də əhali əlində olan manatı qaçıb dollara çevirməli deyil. Amma uzun müddətli perspektivdə heç olmazsa, 6 aya — 1 ilə manatın ucuzlaşması gözləniləndir. Kiminsə əlində pulu çoxdursa, onun hamısını dollara çevirmək lazım deyil. Heç olmazsa, bir neçə aylıq ehtiyatını milli valyutada saxlamalıdır” — Həsənov vurğulayıb.
Ekspertin fikrincə, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti qənaətbəxş deyil: “Buna baxmayaraq Palata müəyyən müsbət addımlar atıb. Amma bir sıra hallarda qanunsuz və səmərəsiz addımlar da atıb. Bu baxımdan Palata bank sistemini əlinə ala bilməyib”.
İqtisadçı-ekspert Vüqar Bayramov isə açıqlamasında deyib ki, onların qiymətləndirməsinə görə, avqust ayında dollara olan tələb artıb: “Öncədən avqust ayında dollara olan tələbin artacağını proqnozlaşdırmışdıq. Amma bu, özünü məzənnədə göstərmədi. Çünki artan tələbi Mərkəzi Bank qarşılamaq imkanına malik oldu”.
“Amma avqustun sonu — sentyabrın əvvəllərində biz dollara olan tələbin stabilləşməsini müşahidə edirik. Avqust ayında dollara tələbin artması birbaşa, xüsusilə yeni tədris ilinin başlaması — ölkəyə idxal edilən məktəb ləvazimatlarının artması ilə bağlı olub. Bu da dollara tələbin artmasına gətirib çıxarıb. Hərraclarda satılan dolların təxminən 92 faizi idxal üçün alınıb. O baxımdan idxalın artması ilə dollara tələbin artması müşahidə olunub” — Bayramov bildirib.
Onun sözlərinə görə, ilin sonunadək proqnoz ondan ibarətdir ki, dekabr ayında dollara tələbin artması müşahidə olunacaq: “Çünki dekabrda həm idxal artır, həm də xarici səfərlərin sayı çoxdur. Eyni zamanda, dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri var. Bu da dekabr ayında dollara olan tələbə təsir göstərir”.
Bununla yanaşı, ekspert hesab edir ki, yenə də dekabr ayında dollara olan tələbin manatın məzənnəsinə necə təsir göstərməsi birbaşa Mərkəzi Bankdan asılı olacaq: “Mərkəzi Bank yenə də bazardakı təklifi qarşılayaraq məzənnəni saxlaya bilər. Əgər bazardakı tələbin qarşılanmasında çətinlik olarsa, bu, məzənnəyə təsir göstərə bilər. Amma bütün hallarda Mərkəzi Bankın mövqeyi və xüsusilə dollara tələbin ödənilməsinə münasibəti çox vacib olacaq. Yəni, bu, manatın məzənnəsini müəyyənləşdirən əsas faktor olacaq”.
İqtisadçının fikrincə, hələlik tədiyyə balansında müsbət saldo var: “Neftin dünya bazar qiyməti 50 dollar ətrafındadır. Bu da indiki məqamda Azərbaycan üçün məqbul hesab edilə bilər. Dollarlaşma səviyyəsi yüksək olaraq qalmaqdadır. Bu da Mərkəzi Bank üçün əks-dollarlaşmaya başlamaq baxımından vacib məqamdır. O baxımdan biz dollara olan tələbin necə dəyişməsini proqnozlaşdırırıq”.
“Amma məzənnəni necə dəyişməsi birbaşa Mərkəzi Bankın qəbul edəcəyi qərarlardan asılıdır. Hələlik Mərkəzi Bank tələbi ödəyir. Eyni zamanda, bazarın da təklifi azdır. Çünki yığım üçün dollar alışı son 6 ayda xeyli aşağı düşüb. Bu, manatın məzənnəsinin stabil qalması ilə bağlıdır. Hətta depozitlərdə belə, dollarlaşma səviyyəsinin müqayisəli şəkildə azalması müşahidə olunur. Mərkəzi Bank üçün dollara tələbin artması baxımından ən çətin ay dekabr ayı olacaq” — V. Bayramov vurğulayıb.