7 C
Baku
Wednesday, December 4, 2024

Manat və lirədən daha geniş istifadə hansı hallarda perspektivlidir?

Ölkə Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı toxunulan bir çox məsələlərdən ikisi: Türkiyə və Azərbaycan arasındakı ticarət əlaqələrində manat və lirədən istifadə və sıfır gömrük rüsumu məsələləri ciddi marağa səbəb olaraq müzakirə mövzusuna çevrilmişdir. Məsələlərlə əlaqədar fikirlərini bizimlə bölüşmək üçün iqtisadçı-ekspert, özəl banklardan birinin Risk Menecmenti Departamentinin direktoru Elman Sadıqova müraciət etdik.

Elman müəllim, başlayaq Türkiyə və Azərbaycan arasındakı ticarət əlaqələrində dollardan imtina edərək manat və lirədən istifadə olunması ilə bağlı fikirlərdən. Belə bir ideyanın həyata keçməsi hər iki ölkəyə hansı faydaları gətirə bilər?

Öncə onu qeyd edim ki, bu fikir qətiyyən dollardan imtina etməyi nəzərdə tutmur. Hazırda bu mümkün də deyil. Nə siyasi, nə də iqtisadi cəhətdən. O səbəbdən bunu dollardan imtina kimi təqdim etmək tamamilə doğru deyildir. Söhbət iki ölkə arasındakı ticarət əlaqələrində manat və lirədən daha geniş istifadə, başqa sözlə ticarət əlaqələrində hər iki valyutanın çəkisinin artırılmasından gedir. Hər iki ölkə üçün bunun müsbət tərəfi öz valyutalarının təsir dairəsini artırmaq, dollar dövriyyəsini azaltmaqdır. Məsələnin əsas hədəfi və məqsədi də budur. Lakin, həyata keçirilməsi incə və zərgər dəqiqliyinə malik peşəkar yanaşmalar tələb edəcək. Birincisi, Azərbaycanın Türkiyəyə satdığı qazın dəyərinin ödənişi müqaviləyə görə ABŞ dolları ilədir. İkincisi, dünyada neft və qazın kotirovkaları ABŞ dolları müəyyən olunur. Bu səbəbdən hətta türk lirəsi ilə də ödəniş olacaqsa bu dolların kursuna istinadən olacaq. Satış və ödəniş arasındakı vaxt intervalında isə türk lirəsinin dəyər itirməsi Azərbaycan üçün itki deməkdir. Çünki, satış zamanı dollara fiksasiya olunmuş məbləğin Azərbaycana köçürülməsi və həmin lirənin yenidən dollara və ya manata çevrilməsi üçün müəyyən vaxt lazımdır. Bu zərəri minimallaşdırmaq üçün türk lirəsinin satışın reallaşdırıldığı günə deyil, ödəniş gününə olan kursu götürülsə də, bu zərərin olmayacağını deyil, nisbətən azalacağını göstərir. Türk lirəsi ölkəmiz üçün rezerv valyuta da deyil. Nəhayət, neft və qazın dollardan başqa digər valyutada satılması özündə bir çox riskli faktorları ehtiva edir. Siyasi və iqtisadi riskləri əhatə edən bu məsələ çox geniş mövzudur. Mən qısa və hamının bildiyi məsələləri xatırlatdım. Nəticə etibarilə, qeyd etdiyim səbəblərdən hər iki ölkənin manat və lirədən ticarət əlaqələrində enerji daşıyıcıları istisna olaraq digər sahələrdə istifadə edə biləcəkləri daha realdır. Lakin, burada da nüanslar və incəliklər çoxdur.

Shekil ElmanS3
Elman Sadıqov

Qeyd etdiniz ki, qeyri-neft sektorunda istehsal olunan məhsulların ticarətində manat və lirədən istifadə edilməsində bir çox incəliklər və nüanslar var. Həmin məsələlər hansılardır?

Dövlət Gömrük Komitəsinin rəsmi rəqəmlərinə müraciət edək. Türkiyə ilə 2017-ci ildə ticarət dövriyyəmiz 2.6 milyard dollar olmuşdur ki, bunun da 1.366 milyard dollarını ixrac, 1.274 milyard dollarını isə idxal təşkil etmişdir. İxracın böyük payının neft-qaz məhsulları olduğunu nəzərə alsaq, qeyri-neft sektorunun ixracı çox aşağıdır. İki ölkə arasında qeyri-neft sektorunda idxal-ixrac əməliyyatlarında ən azı 1 milyard dollar mənfi saldo yaranır. Qeyri-neft sektoru sahəsində ödənişlərin manat və lirə ilə həyata keçirilməsi daha realdır ki, bu da əlbəttə ölkəmiz üçün hazırlanması mümkün olan effektiv mexanizimlərin tətbiqi ilə iqtisadi cəhətdən faydalı olar. Burada əsas incə məsələlərdən biri də maliyyə mexanizmlərinin hazırlanmasıdır. Banklar vasitəsilə hər iki valyutada köçürmələr, hər iki ölkədə hər iki valyuta üzrə likvidlik, birja əməliyyatları və sair. Şübhəsiz ki, digər iqtisadi məsələlər də vardır. Bir haşiyə çıxım ki, rəqəmlər DGK-nın rəsmi statistikasına əsaslanır və burada DGK rəsmən qeyd etmişdir ki, hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam  neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmışdır.

Digər iqtisadi məsələlər dedikdə nəyi nəzərdə tutursunuz?

Çox geniş bir mövzuya toxunmaq istəmirəm. Qısaca olaraq qeyd edim ki, dollar hazırda dünyanın həm əsas rezerv valyutasıdır, həm dünya mal dövriyyəsində əsas hesablaşma valyutasıdır, həm də əsas kotirovka valyutasıdır. Yəni, qızıl, neft, qaz, buğda, pambıq və sair strateji əmtəələrin qiyməti dollarla müəyyən olunur. Digər valyutalarda isə dolların kursu nəzərə alınmaqla ölçülür. Dünyanın iqtisadi və ticarət əlaqələri o qədər mürəkkəbdir ki, aparıcı valyutanın olmaması böyük bir xaosa səbəb olardı. Qızıl bir çox iqtisadi səbəblərdən dolları əvəz edə bilməz. O cümlədən müasir dünyada hər hansı digər bir ölkənin valyutası. Dünyanın ən böyük qızıl ehtiyatının da ABŞ-a məxsus olduğunu və ABŞ iqtisadiyyatının həcmini nəzərə alsaq, alternativ yol bu gün demək olar ki, yoxdur. Hazırda əsas məntiq belədir ki, hər bir ölkədə həmin ölkənin valyutası hökmran olmalıdır. Dollar isə ehtiyat valyutadır. Həm dövlət üçün, həm də böhranlar zamanı həmin ölkənin əhalisi üçün. Bu mexanizm dünyada iqtisadi-maliyyə-ticarət əlaqələrinin süzgəcindən keçərək formalaşmışdır. Bu mexanizm ideal bir mexanizm olmaya bilər, lakin bundan daha yaxşısı hələlik tapılmamışdır. Bu mexanizmi dəyişmək mümkün olsaydı və ya iqtisadi riskləri olmasaydı Rusiya, Çin və digər böyük ölkələr çoxdan dəyişərdi. Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi ümumi ticarət dövriyyəsinin 11.68%-ni təşkil edir. Bu rəqəm getdikcə artacaqdır. Burada hər hansı dəyişiklik iqtisadiyyata, maliyyə sisteminə təsir edər. Digər tərəfdən, əgər bu sahədə hər hansı addım atılacaqsa, o halda İran da eyni məsələni qaldıra bilər, Gürcüstan da, Rusiya da. Baxmayaraq ki, Türkiyə və Rusiya iqtisadi cəhətdən bizdən qat-qat böyük dövlətlərdir və hər iki dövlət hələ keçən il eyni təşəbbüsü səsləndirmişdilər, hələlik bu sahədə konkret addım və nəticə yoxdur.

Turizm sektorunda qarşılıqlı olaraq manat və lirənin tətbiqi mümkündürmü?

Turist şirkətləri arasında mümkün ola bilər. Lakin, turistlər mal və xidmətlər qarşılığında ödənişləri həmin ölkənin valyutasında aparmağa məcburdurlar. Məsələn, Azərbaycanda mal və xidmətlərə görə yeganə ödəniş vasitəsi manatdır. Bu səbəbdən lirə ilə Azərbaycana gələn turist həmin lirəni manata dəyişməlidir. Azərbaycan vətəndaşı da Türkiyədə lirə almaq məcburiyyətindədir. Burada belə bir mexanizm hazırlana bilər ki, məsələn Azərbaycan vətəndaşı ölkələr arasında dollar dövriyyəsini azaltmaq üçün Türkiyəyə dollar, Avro deyil, manat da aparsa rahat bir şəkildə lirəyə dəyişə bilsin. Bu cür mexanizmlər düşünülə bilər. Qısaca desəm, qeyd etdiyim bütün amilləri nəzərə alaraq, elə bir mexanizm hazırlamaq lazım olar ki, həmin mexanizm hər hansı risk yaratmadan manat və lirənin istifadə dairəsini genişləndirməyə xidmət etsin.

Elman müəllim, keçək növbəti məsələyə. Cənab Prezident İlham Əliyev Türkiyədə mətbuat konfransında tərcihli ticarət məsələsinə toxundu. Burada aşağı və ya sıfır dərəcəli gömrük rüsumu məsələsi də gündəmdədir. Belə mexanizm ölkələrimizə hansı faydalar gətirəcək?

Məsələyə iqtisadi nəzəriyyə və Ümumdünya Ticarət Təşkilatının prizmasından baxsaq, istənilən gömrük rüsumu qlobal ticarətdə itirilmiş iqtisadi dəyər deməkdir. İqtisadi dəyərin əsl mahiyyəti və onun itirilməsinə səbəb olan amilləri iqtisadçılar bilir. Burada buna toxunmağa lüzum yoxdur. Lakin, həm iqtisadi, həm maliyyə, həm də ticarət o qədər mürəkkəbləşib ki, standart yanaşmalar özünü doğrultmur. Daha sadə dillə desək, azad ticarət, rəqabət vacibdir, lakin ölkə daxilində. Qlobal ticarətdə biz nə azad ticarət siyasəti yeridə bilmərik, nə də rəqabətə davam gətirə bilmərik. Məhz bu səbəbdən dünyada gömrük sistemi yaranmışdır ki, ölkədə daxili istehsalı, emalı qoruya bilsin. Bunun da geniş tətbiqi proteksionist siyasətdir. Əslində hər bir ölkə tətbiq etdiyi gömrük rüsumları ilə proteksionist siyasət yürüdür. Bunu desə də belədir, deməsə də. Lakin, xüsusilə valyuta müharibələri fonunda proteksionist siyasət daha da kəskin xarakter almağa başladı. Yəni, ölkələr öz valyutalarını ucuzlaşdırmaqla ixraclarını daha da rəqabəqabiliyyətli etməyə çalışırlar. Bunun da qarşısını almağın daha az maliyyətli yolu gömrük siyasətidir. Proteksionist siyasət, daxili bazarı qorumaq, çevik gömrük tarifləri siyasəti o qədər geniş, dərin və əhatəli mövzudur ki, bir neçə müsahibəyə sığmaz. Keçək konkret olaraq Türkiyə ilə sıfır gömrük siyasətinə. Burada da bu siyasəti bütün mallara tətbiq edə bilmərik. Xüsusilə ölkəmiz üçün bu bir çox istehsal sahələrinin, o cümlədən kənd təsərrüfatının bir çox sahələrinin məhv olmasına səbəb olar. Lakin, hər iki ölkə bunu qarşılıqlı şəkildə razılaşdıraraq ayrı-ayrı malların və ya mal çeşidlərinin idxal və ixracında tətbiq edə bilərlər. Bunun yolları mövcuddur. Məsələnin geniş oxucu kütləsinə aydın olması üçün bir neçə sadə misallarla bu yollardan bir neçəsinə toxuna bilərəm. Ölkəmizdə bu gün cins şalvarlar və ya kişi köynəklərinin tikilməsi səviyyəsi çox aşağıdır. Biz cins şalvar və ya köynək tikilişi üçün kifayət edəcək kəmiyyət və keyfiyyətdə parça da istehsal etmirik. Bu səbəbdən sağlamlıq üçün zərərli olan, aşağı keyfiyyətli Çin, Tailand və digər ölkələrin cins şalvarlarını, köynəklərinin əvəzinə sıfır vergi tətbiqi ilə ölkəmizdə rəqabət qabiliyyəti daha da artacaq bu cür malların Türkiyədən idxalının genişləndirilməsi və bununla da digər ölkələrin keyfiyyətsiz və sağlamlığa zərərli mallarının yaradılmış rəqabət fonunda bazardan sıxışdırılması daha məqsədəuyğun olardı. Lakin, eyni sözü məsələn, kartof, pomidor və ölkəmizdə yetişən digər kənd təsərrüfatı malları haqqında demək olmaz. Əksinə, burada daxili bazarı qorumaq vacibdir. Burada gömrük tariflərindən istifadə olunur, lakin kvotalardan daha geniş istifadəyə ehtiyac vardır. Yəni, hər iki ölkə bir-birlərinə maksimum qarşılıqlı fayda verəcək mexanizmlər işləyib hazırlayacaq və bu mexanizmlər həm qarşılıqlı əlaqələrin dərinləşməsinə, həm də hər iki ölkənin iqtisadiyyatının güclənməsinə xidmət edəcəkdir.

Kvota tətbiqi hansı əsaslarla həyata keçirilir? Oxucularımıza daha aydın olması üçün bunu açıqlayardınız.

Kvota tətbiqi ölkələr arasında çox geniş yayılmışdır. Əsas mahiyyəti ölkə daxilində istehsal olunan malların idxal olunan mallar tərəfindən sıxışdırılmasının qarşısının alınmasıdır. Məsələn, ölkədə il ərzində alma istehlakı 100 min tondur. Ölkədə il ərzində 80 min ton alma yetişir, bunun da 35 min tonu digər ölkələrə ixrac edilirsə o zaman ölkəyə alma idxalı üçün 55 min ton (burada 5-10 faiz az-çox ola bilər) idxal kvotası müəyyən olunur ki, ölkədə yetişən və ixrac olunmayan 45 min ton alma normal qiymətə satılsın və batmasın. Hər bir ölkə üçün hər bir məhsul çeşidinə görə də kvota müəyyən olunur. Vacib və aktual məsələdir.

Sizcə Azərbaycan və Türkiyə arasında daha hansı iqtisadi sahələrdə əməkdaşlıqları genişləndirmək mümkündür?

Bütün sahələrdə. Türkiyə mənəvi cəhətdən bizə ən yaxın olan dost, qardaş ölkədir. Bu ölkə ilə hər bir sahədə əməkdaşlığı qat-qat artırmaq və dərinləşdirmək üçün imkanlar genişdir. Hər iki ölkə Prezidentinin səsləndirdikləri fikirlərdən də görünür ki, həm Türkiyə, həm də Azərbaycanda birgə layihələrin həyata keçirilməsi, investisiyaların artırılması ilə yanaşı üçüncü ölkələrdə birgə iqtisadi layihələrin həyata keçirilməsi, investisiya qoyuluşları etmək məsələləri hazırda gündəmdədir. Türkiyə böyük və güclü dövlətdir. Üçüncü ölkələrə birgə investisiyalarda da qarant rolunu oynaya biləcək gücə malikdir. Digər tərəfdən Azərbaycan və Türkiyə bir-birlərinin daha da güclənməsini səmimi bir şəkildə ürəkdən istəyən qardaş dövlətlərdir. Qarşılıqlı əlaqələr qat-qat dərindir, genişdir və daha da genişlənəcəkdir. Bu səbəbdən hər iki ölkə bir-birinə daha çox iqtisadi fayda verməyə çalışacaqdır. Başqa sözlə, həm siyasi iradə, həm yaxınlıq, həm geniş əlaqələr, qarşılıqlı inam hər iki ölkəyə iqtisadi əlaqələri davamlı olaraq genişləndirmək və qarşılıqlı əlaqələrdən maksimum faydalanmaq imkan verir və bu proses davam edəcəkdir.

Elman müəllim, maraqlı və ətraflı müsahibəyə görə təşəkkür edirik.

Mən Sizə təşəkkür edirəm.

Son xəbərlər
Digər xəbərlər