7 C
Baku
Thursday, December 12, 2024

Manata təzyiqin artdığı dekabr ayında məzənnədə dəyişiklik olacaqmı?

Hər Yeni il ərəfəsində ölkədə dollara olan tələbat artır. Bu, müxtəlif iqtisadi səbəblərlə izah edilir. Əsas səbəblər sırasında isə dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlarla bağlı olaraq xarici səfərlər yer alır. İqtisadçılar bildirirlər ki, 2019-cu ilin ilk 11 ayında 5 milyard 707 milyon dollar valyuta satan Dövlət Neft Fondu (ARDNF) ötən ilin analoji dövrü ilə müqayisədə satışı 1,3 faiz azaltsa da, bu aydan etibarən dollara tələbin artması müşahidə olunmaqdadır. Bəzi banklarda son aylar ilk dəfə olaraq 1 dolların alış kursu 1.7020-dək yüksəlib.

Dəyişiklik mümkündürmü?

İqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, ilin sonuna yaxınlaşan zaman valyuta dövriyyələri artır: “Xüsusilə də müəyyən öhdəliklərin yerinə yetirilməsi, borcların qaytarılması baxımında ödənişlərin həcmi arta bilir. Ancaq hesab etmirəm ki, bütün bunlar manatın məzənnəsində dəyişikliyə səbəb ola bilər. Manatın məzənnəsi 2016-cı ilin əvvəlindən sabitdir və praktik olaraq dəyişmir. Bu gün manatın məzənnəsinin dəyişməsinə təsir edə biləcək əsas faktorlardan biri neftin dünya bazarındakı qiymətidir. Artıq aylardır ki, neftin dünya bazarındakı qiyməti 60-65 dollar arasında dəyişə bilir. Gözləntilər də ondan ibarətdir ki, bu qiymətlərdə yaxın perspektivdə ciddi dəyişiklik baş verməyəcək. Eləcə də bu səbəblərdən manatın məzənnəsində hansısa dəyişikliyin olacağı gözlənilən deyil. Dəyişikliyin olması üçün ciddi bir səbəb görmürəm”.

Azərbaycanda uzun müddətdir ki, valyutadəyişmə məntəqələrinin açılması məsələsi müzakirə edilsə də, hələ ki nəticə yoxdur. Xüsusilə də bayram öncəsi ölkəyə xeyli sayda turist gəlir. Şənbə və bazar, bayram günləri əksər banklar işləmədiyi üçün turistlər valyuta dəyişməkdə çətinlik çəkirlər. Bəs nə üçün “exchange”ləri açmağa maraq yoxdur?

Yada salaq ki, 2015-ci ilin dekabrında baş verən manatın ikinci devalvasiyasından sonra ölkədə əhali arasında dollar ajiotajı daha da gücləndi. İnsanlar kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə üz tutaraq dollar almağa çalışdılar.

Nəticədə manata olan tələbat bir qədər də azaldı və yerli valyutanın ucuzlaşması üçün şərait yarandı. Belə olan təqdirdə çıxış yolu kimi ölkədə valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edildi və həmin ilin yanvar ayından etibarən bu məntəqələrin fəaliyyəti rəsmən dayandırıldı.

Valyutadəyişmə məntəqələri bağlandıqdan sonra “qara bazar”lar aktivləşdi. Daha sonra hökumət “qara bazar”larla mübarizəyə başladı. 2017-ci ildə manatın sabitləşməsindən və ölkəyə turist axınının başlamasından sonra valyutadəyişmə məntəqələrinin açılması məsələsi də gündəmə gəldi. Həmin ilin aprel ayında Milli Məclisin plenar iclasında “Valyuta tənzimi haqqında” Qanun müzakirə edilərək, qəbul olundu. Deputatlar bildirdilər ki, valyutadəyişmə məntəqələrinin açılması vacibdir.

Bu gün valyutadəyişmə məntəqələrinin açılması üçün qanunun tələblərinə görə 50 min manatlıq və ya 50 min dollarlıq ilkin depozit şərti də mövcuddur. Həmçinin valyutadəyişmə məntəqələrinin özünün müxtəlif təhlükəsizlik qaydalarına cavab verməsi üçün avadanlıqlarla təchiz edilməsi şərti var. Təqribən bu da 100 min manata başa gəlir.

Bu sahədə heç bir addımın atılmamasına səbəb şərtlərdirmi?

Fikrət Yusifov mövzu ilə bağlı bildirdi ki, hələ 2015-ci ildə bu məntəqələr bağlanan zaman bir çox şəxslər bildirirdilər ki, ölkənin valyuta bazarında natarazlıq olacaq: “Xüsusilə də turistlərin ciddi problemlərlə üz-üzə qalacağı barədə bəyanatlar verildi. Bundan sonrakı dövrdə qanunda dəyişiklik edildi. Valyutadəyişmə məntəqələrinin açılmasının qarşısında qoyulan qadağa götürüldü. Yuxarıda da qeyd etdiyim kimi, bağlanan zaman deyirdilər ki, ciddi problemlərlə üzləşəcəyik. Ancaq zaman göstərdi ki, ciddi problemlər müşahidə edilmir. İndi də valyutadəyişmə məntəqələrinin açılışının qarşısında ciddi maneə olmasa da, heç kim bu məntəqələri açmaq istəmir. Çünki bu bazarın fəaliyyətini təmin edə biləcək digər addım atıldı. Belə ki, bazarda artıq şəffaflıq təmin edilib. Məncə, əsas məsələ də elə budur. Çünki valyutadəyişmə məntəqələrinin əksəriyyəti mənşəyi, mənbəyi məlum olmayan pullarla işləyirdi. İndi açılarsa, eyni formada işləyə bilməyəcəklər. Çünki yerli qaydalara əsasən bu məntəqələrə daxil olan valyutanın hərəkəti görünəcək, izlənəcək. Güman edirəm ki, daha çox bu səbəbdən valyutadəyişmə məntəqələrini açmağa maraq göstərmirlər”.

“Yeni Müsavat”

Son xəbərlər
Digər xəbərlər