Manatda verilmiş kredit faizlər yüksəlir, depozitlərdə düşür

Azərbaycanda bankların manatla verdiyi kreditlər üzrə orta faiz dərəcəsi 2026-cı ilin əvvəlindən yüksəlib, müddətli manat depozitləri üzrə faizlər isə əks istiqamətdə hərəkət edib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, müddətli depozit və əmanətlər üzrə manatla orta faiz dərəcəsi yanvar ayında 9.44% olduğu halda, avqustda 9.12%-ə düşüb. Beləliklə, ilin əvvəlindən azalma 0.32 faiz bəndi təşkil edib.

Bu dövrdə fiziki şəxslərin manatla müddətli əmanətləri üzrə orta faiz 10.26%-dən 9.99%-ə, hüquqi şəxslərin depozitləri üzrə isə 7.15%-dən 6.86%-ə geriləyib.

Xarici valyutada müddətli depozitlərin orta faizi isə yanvar-avqust dövründə 3.18%-dən 3.13%-ə düşüb.

Kredit bazarında isə əks dinamika müşahidə olunub.

Manatla kreditlər üzrə orta faiz dərəcəsi yanvar ayyında 15.44% olduğu halda, avqustda 15.74%-ə yüksəlib. Fiziki şəxslərə verilən manat kreditlərinin orta faizi 17.07%-dən 17.31%-ə, hüquqi şəxslərə verilən kreditlər üzrə faiz isə 11.63%-dən 11.77%-ə qalxıb.

Xarici valyutada kreditlər üzrə orta faiz yanvar ayındakı 5.80%-dən avqustda 5.78%-ə dəyişib.

UÇOT FAİZ DƏRƏCƏSİ…

Bank faizlərindəki bu dinamika Mərkəzi Bankın son iki ildən artıq müddətdə uçot dərəcəsini mərhələli şəkildə azaltması fonunda baş verir.

Mərkəzi Bank 2 may 2024-cü ildə uçot dərəcəsini 7.5%-dən 7.25%-ə endirib. 2025-ci ilin iyulunda faiz daha 0.25 faiz bəndi azaldılaraq 7%-ə, həmin ilin dekabrında isə 6.75%-ə salınıb. 5 fevral 2026-cı ildə isə uçot dərəcəsi gözlənilmədən 6.5%-ə endirilib.

Beləliklə, 2024-cü ilin mayından indiyədək uçot dərəcəsi ümumilikdə 1 faiz bəndi azalıb.

Bununla belə, uçot dərəcəsinin aşağı salınması bankların kredit faizlərinə tam və dərhal ötürülməyib. Əksinə, 2026-cı ilin ilk səkkiz ayında manatla kreditlərin orta faizində artım qeydə alınıb.

Bu yazımızda uçot dərəcəsinin ayrıca müqayisə edilməsi təsadüfi deyil. Bu göstərici Mərkəzi Bankın pul siyasətinin əsas alətlərindən biridir və onun dəyişməsi bankların maliyyələşmə şərtlərinə, nəticədə isə kredit və depozit faizlərinə təsir göstərməlidir. Buna görə də uçot dərəcəsinin son illərdəki azalması fonunda bank faizlərinin necə dəyişdiyini müqayisə etmək monetar siyasətin faiz bazarına ötürülməsini qiymətləndirməyə imkan verir.

İllik müqayisə də kredit bazarında fərqli mənzərə yaradır. 2025-ci ilin avqustu ilə müqayisədə 2026-cı ilin avqustunda fiziki şəxslərə manatla kreditlər üzrə orta faiz 19.03%-dən 18.96%-ə, yəni cəmi 0.07 faiz bəndi azalıb. Hüquqi şəxslərə manat kreditlərində isə faiz 7.09%-dən 7.46%-ə yüksəlib.

Xarici valyutada kreditlər üzrə faiz də fiziki şəxslər üçün illik müqayisədə 6.80%-dən 7.07%-ə qalxıb.

KREDİT-DEPOZİT MARJASI

Kreditlə depozitlər arasındakı faiz fərqi 2026-cı ilin avqustunda həm hüquqi, həm də fiziki şəxslər üzrə genişlənib.

Belə ki, hüquqi şəxslər üzrə faiz fərqi 2025-ci ilin avqustundakı 4,17 faiz bəndindən 2026-cı ilin avqustunda 4,91 faiz bəndinə yüksəlib. Fiziki şəxslər üzrə isə spread 6,50 faiz bəndindən 7,33 faiz bəndinə çatıb.

Beləliklə, son bir ildə hüquqi şəxslər üzrə fərq 0,74 faiz bəndi, fiziki şəxslər üzrə isə 0,83 faiz bəndi artıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər