7 C
Baku
Sunday, December 15, 2024

Manatı bahalaşdıran göstərici: 28 günlük notların gəlirliliyi son 4 ilin maksimumuna çatdı

Azərbaycan Mərkəzi Bankı (AMB) anti-inflyasiya tədbiri kimi strelizasiyanı davam etdirməkdədir və bu gün növbəti 120 mln. manatlıq ümumi notlar dövriyyəyə buraxmaqla iqtisadiyyatdan pul yığmağı davam etdirir.

Banker.az xəbər verir ki, 10 may 2023-cü il tarixində Bakı Fond Birjasında AMB-nin hər biri 30 milyon manat həcmində 28 gün qısamüddətli (AZ2081024708 dövlət qeydiyyat nömrəli) və 84 gün tədavül müddətli notlarının (AZ2082024707 dövlət qeydiyyat nömrəli) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Uçot faiz dərəcəsinin ardından keçirilən ikinci hərracda 28 günlük notların gəlirliliyi 6.89%-dən 7.38%-ə yüksəlib. Bu da 2019-cu ilin aprelindən bu tərəfə qeydə alınmış ən yüksək göstəricidir.

Azərbaycan Mərkəzi Bankı mayın 3-ü uçot faiz dərəcəsini və faiz dərəcəsinin yuxarı həddini 25 baza bəndi artırdığı halda, aşağı həddi gözləniləndən daha çox – 50 baza bəndi artırıb.

04.05.2023 tarixindən etibarən belədir:

  • Aşağı həddi – 7.5%
  • Yuxarı həddi – 10.0%
  • Uçot faiz dərəcəsi – 9.0%

28 günlük notlar üzrə hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 9 938.9400 (7.9%) manat və 9 947.0046 (6.85%) manat olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33 400 000 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,940.4676 (7.7%) manat, orta ölçülmüş qiyməti isə 9,942.9247 (7.38%) manat olaraq müəyyən edilmişdir. Notların ödəmə tarixi 07.06.2023-cü ildir.

84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərracı zamanı 15 investor tərəfindən qiymət intervalı 9 813.3822 (8.15%) manat və 9828.2400 (7.49%) manat olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,530,000 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9816.9788 (7.99%) manat, orta ölçülmüş qiyməti isə 9822.6688 (7.74%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 02.08.2023-cü ildir.

Qeyd edək ki, notların gəlirliyinin artması şirkətlər və bankları AMB-nin notlarında investisiya etmiş olur. Belə olacağı təqdirdə real sektora verilən kreditləri risksiz sayılan AMB notlara yerləşdirməyə daha çox meyilləndirir. Nəticədə, ölkədə kreditləşmənin zəifləməsinə və depozitə marağın artmasına səbəb olur ki, bu da inflyasiyanı cilovlamağı asanlaşdırır. Digər tərəfdən isə iqtisadiyyatda az effekt verən uçot faiz dərəcəsinin təsirini gücləndirir.

Hazırda AMB-nin notları üzrə hərraclarda banklarla bərabər qeyri-maliyyə təşkilatı olan hüquqi şəxslər də iştirak edə bilir.

Son xəbərlər
Digər xəbərlər