Manatın bahalaşmasının qarşısını alan yeganə “açar”

Azərbaycan manatının ABŞ dolları qarşısında nominal dəyəri ilin əvvəlindən dəyişməyib – 1.7 manat=1 ABŞ dolları məzənnəsi il boyu bankların valyuta alqı-satqısı lövhələrində qalıb.

Belə bir vəziyyətdə maliyyə naziri milli valyutanın nominal olaraq deyil, real bahalanması ilə bağlı narahatlığını dilə gətirməsi xeyli müzakirə yaradıb.

Manat real olaraq bahalanıbmı? Bəli.

Mərkəzi Bankın məlumatına görə, qeyri-neft sektoru üzrə manat real olaraq 10%-ə yaxın bahalananıb.

2015-ci ilin devalvasiya şokundan sonra bu səviyyədə bahalanma olmamışdı. Məsələn, 2016-cı ildə real effektiv məzənnə 1% ucuzlaşmışdı, 2017-ci ildə 4% bahalanmışdı. İndi isə birdən-birə 10%-ə yaxın real bahalanma.

Sual oluna bilər – nominal məzənnə sabit qalırsa, manat necə real olaraq bahalana bilir?

Çox sadə: bizim əsas ticarət tərəfdaşlarımız olan ölkələrdə milli valyutalar dəyərdən düşür, inflyasiyanın artım tempi isə onların valyutasının dəyərsizləşmə tempindən geridə qalır, nəticədə ixtiyari mal səbətini aparıcı valyutalarla (avro, dollar) almaq daha sərfəli olur.

İqtisadi terminlərdən uzaq, asan anlaşılan bir izah: Türkiyədə 100 məhsuldan ibarət ixtiyari bir səbətin dəyəri 2018-ci ilin yanvarında 350 lirə, həmin dövrün nominal kursu ilə 100 dollar idi. Artıq 2018-ci ilin dekabrında həmin səbətin dəyəri inflyasiya nəticəsində 450 lirə olub – hazır məzənnə ilə 88 dollar. Göründüyü kimi, səbət 12% ucuzlaşıb.

Eyni vaxtda Azərbaycanda bu səbət 166.7 manat idi – o zamanın kursu ilə 98 dollar. İl ərzində 2.5% inflyasiya oldu və səbət 4.3 manat bahalanaraq 171 manata və indiki məzənnə ilə 100.5 dollara yüksəlib.

Nəticə nədir – il ərzində lirə real olaraq 12% ucuzlaşıb, manat isə 0.5% bahalanıb. Belə vəziyyətdə həmin səbəti Türkiyədən idxal etmək əcnəbi üçün daha sərfəli olur – yəni Türkiyənin ixracı stimullaşır, paralel olaraq Azərbaycandan idxala maraq azalır.

Bura qədər maliyyə nazirinin arqumenti çox cəlbedici görünür və nazirə haqq qazandırmaq çox məntiqli görünür.

Amma əgər Türkiyədən fərqli olaraq sənin həmin səbətə qoymaq üçün əmtəə istehsalı potensialın çox məhduddursa, əksinə həmin səbəti sən özün xaricdən idxal etməyə məhkumsansa, vəziyyət dəyişir. Olmayan (ya da çox az olan) ixracını həvəsləndirmək istəyərkən, bu ixracdan 6 dəfə çox olan idxalını da bahalndırmış olursan.

Bir sözlə, ixracın stimullaşdırılmasında məzənnə siyasətinin effektiv bir alət kimi istifadəsi o zaman səmərə verir ki, ixrac səbətinin çeşidi xeyli dərəcədə rəngarəng, daxili tələbatı ödədikdən sonra səbətə qoyacaq əhəmiyyətli həcmdə əmtəəyə sahib olursan.

Yenidən başa qayıdırsan, əhalini “panikaya” salıb əmanətlərini dollara çevirməyə, banklardakı pullarını geri çəkməyə, bankları manatla kreditdən imtina etməyə, iqtisadiyyatı 2 rəqəmli inflyasiya ilə yaşamağa məhkum buraxırsan.

Manatın real bahalanmasının qarşısını almağın yeganə açarı üzən məzənnə rejiminə keçiddir. Bu rejim isə yalnız o zaman mümkün olacaq: tədiyyə balansı çərçivəsində ölkəyə gələn valyuta axınlarında neft-sektorunun hazırkı 75%-lik payını heç olmasa 25-30%-ə endirmək mümkün olsun.

Rəsmi açıqlamalar hər nə olursa olsun, Azərbaycanda yaxın dövr üçün manatın dəyərdən salınacağı ilə bağlı gözləntim yoxdu.

—MÜƏLLİF—
RÖVŞƏN AĞAYEV,
iqtisadçı.