Manatın məzənnəsindəki dəyişklik bazarda gərginliyi qaytara bilər – ŞƏRH

Dünyada maliyyə bazarlarında dolların bahalaşması, xüsusən də Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyə valyutasının ucuzlaşmasının yaratdığı psixoloji təsirlər valyuta bazarında son həftələr gərginlik dolu canlama yaradıb. Bu canlanmanın aktiv iştirakçıları bir tərəfdən dollar alışına girişmiş əhalidirsə, digər tərəfdən banklardır. Banker.az bildirir ki, bu barədə fikri iqtisadçı-ekspert Samir Əliyev bölüşərkən deyib. O bildirir ki, bankların aktivliyinin atması onların Azərbaycan Mərkəzi Bankının hərraclarına maraqlarını azaldıb.

S. Əliyev avqust ayı başlayandan həm depozit, həm də fond birjasında keçirilən hərraclarda bankların tələbi əhəmiyyətli dərəcədə azalmasını təsadüf saymır:

“Depozit hərracında bankların tələbi avqustda 40%-ə qədər azalıb. Avqustun 6-da keçirilmiş hərracda tələb 943,9 milyon AZN olduğu halda, növbəti hərracda 746,6 milyon AZN-ə, bu gün keçirilmiş sonuncu hərracda isə 569,3 milyon AZN-ə düşüb. Bununla da bankların hərracda tələbi son 6 ayın ən aşağı hədində olub.”

Qeyd edək ki, AMB-nin Bakı Fond Birjasında yerləşdirdiyi qısamüddətli (28 gün) notlarına da tələb azalıb. Hətta notların orta faiz dərəcəsinin 8,01%-dən 8,48%-ə qaldırılması da bankların marağını artıra bilməyib. Avqustun 15-də keçirilən sonuncu hərracda tələb 2 dəfəyədək azalaraq son 6 ayda ən aşağı həddə – 383,6 milyon AZN-ə düşüb. Halbuki əvvəlki hərracda bu göstərici 704,7 milyon AZN olub.

İqtisadçı deyir ki, Mərkəzi Bank hər iki hərrac vasitəsilə 1,5 milyard AZN-dən çox vəsaiti dövriyyədə müvəqqəti çıxarmağa müvəffəq olur ki, bu da valyuta bazarına olan təzyiqləri nisbətən azaldır:

“Ancaq son hərraclar göstərir ki, hazırki hərraclar valyuta bazarını daim və uzunmüddətli sabit saxlamağa qadir deyil. Bu sabitlik kövrəkdir. Çünki istənilən psixoloji amillər, o cümlədən tam həllini tapmayan kapital axını bu hərracları bankalar üçün maraqsız edə bilər. Üstəgəl kredit vermək çətinliyi ucbatından son aylar banklarda yaranmış yüksək likvidlik onlar üçün valyuta bazarının cazibəliyini getdikcə artırır. Belə vəziyyətdə xarici bazarlarda və ölkərdə baş vermiş hadisələrin yaratdığı psixoloji amillər və manatın hər hansı məzənnə dəyişikliyi bazarda gərginliyi yenidən bərpa edə bilər.”