Azərbaycanda əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun (ÜDM) 7205,0 manata bərabər olub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
İlkin məlumatlara görə 2017-ci ildə ölkənin ümumi daxili məhsulu əvvəlki illə müqayisədə 0,1 faiz artaraq 70135,1 milyon manata çatıb.
ÜDM-nin 62,8 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 37,2 faizi isə neft-qaz sektorunda istehsal edilib.
Bu dövrdə iqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər 5,0 faiz azalıb, qeyri-neft sektorunda isə 2,7 faiz, o cümlədən nəqliyyat və anbar təsərrüfatı sahələrində 8,5 faiz, informasiya və rabitə sahələrində 6,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5 faiz, sosial və digər xidmət sahələrində 1,5 faiz artıb. Eyni zamanda, qeyri-neft sənayesində məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz, bu sahədə yaradılıb əlavə dəyər isə 3,8 faiz artıb.
ÜDM istehsalının 40,1 faizi sənayenin, 10,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinin, 9,5 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 16,4 faizi isə digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil edib.