2017-ci il ərzində Azərbaycan valyuta bazarının ümumi həcmi 2016-cı illə müqayisədə azalıb. Belə ki, 2016-cı illə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 5,8%, avro ilə əməliyyatların həcmi isə 5,4% azalıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasəti icmalına istinadən xəbər verir.
İcmalda qeyd olunur ki, dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i ABŞ dolları, 17%-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 24%-i banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 56,7%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95,8%-ni hüquqi şəxslərlə valyuta əməliyyatları təşkil edib.
Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən 2016-cı il ərzində 445,4 mln. dollarlıq xalis valyuta satışı həyata keçirildiyi halda, 2017-ci ildə 26,5 mln. dollarlıq xalis satış reallaşdırılıb.
Qeyd edək ki, məzənnə rejiminin çevikliyinin artırılması çərçivəsində AMB 12 yanvar 2017-ci il tarixindən başlayaraq valyuta hərracı mexanizminə dəyişikliklər edib. Bu dəyişikliklərə uyğun olaraq hərraca çıxarılan valyuta təklifi bazar iştirakçılarının təklif etdiyi qiymətlər əsasında reallaşdırılır. Başqa sözlə, hərraclar əsasən daha yüksək qiymət təklif edən bankdan daha aşağı qiymət təklif edən banka doğru valyutanın satılması ilə yekunlaşır.
Eyni zamanda, xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limit (+4%) də 12 yanvar 2017-ci il tarixindən aradan götürülüb.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta satışının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən 2017-ci il ərzində ümumilikdə 99 valyuta hərracı keçirilib. Dövr ərzində ARDNF-in xarici valyuta satışları 3 597,8 mln. dollar təşkil edib ki, bu da 2016-cı il ilə müqayisədə 26,3% azdır.
Hesabat ilində Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının “Bloomberg” platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərmişdir. Dövr ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 1 065 mln. dollar olub.