Azərbaycanda əhaliyə kiçik kreditlər təqdim edən “Manato.az” və ya “SF Azerbaijan” MMC BOKT 2024-cü ildə 37.74 milyon manat xalis mənfəət əldə edib. Halbuki, hesabat ilindən öncəki dövrdə 315 min manat zərər ilə tamamlamışdı.
Banker.az BOKT-nin illik hesabatına istinadən xəbər verir ki, onun faiz gəlirləri 2024-cü ildə 93.71 milyon manat olub ki, bu da əvvəlki ilin göstəricisi olan 10.27 milyon manatla müqayisədə 813% və ya 83.44 mln. manat artım deməkdir. Faiz xərcləri 2023-cü ildə 723 min manat olduğu halda, 2024-cü ildə bu rəqəm 2.91 mln. manata yüksəlib. Nəticə etibarilə, xalis faiz gəliri 90.8 mln. manata çataraq 2023-cü ildəki göstəricidən 9.5 dəfə və ya 81.25 mln. manat artıb. Kreditlər üzrə gözlənilən zərərlərə ayrılan ehtiyatlar 2023-cü ildə 3.032 mln. manat olduğu halda, 2024-cü ildə bu rəqəm 22.07 mln. manata çatıb.
İnzibati xərclər 2024-cü ildə 18.17 mln. manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 344% və ya 14.07 mln. manat artım deməkdir. Haqq və komissiya xərcləri də artaraq 2.23 mln. manatdan 6.1 mln. manata qalxıb – bu isə 173.4% artımdır. Borc satışından yaranan xalis zərər də 232 min manatdan 2.64 mln. manata yüksəlib.
Balans hesabatına əsasən, “SF Azerbaijan”ın aktivləri 2023-cü illə müqayisədə 4 dəfə artaraq 20.25 manatdan 81.62 mln. manata yüksəlib. Bu artımda əsas rolu müştərilərə verilmiş kreditlər oynayıb – bu göstərici 16.16 mln. manatdan 57.84 mln. manata yüksəlib, yəni 258% artım baş verib. Nağd vəsaitlər isə 362% artaraq 14.42 mln. manata çatıb.
Öhdəliklər də 2.2 dəfə artaraq 21 mln. manatdan 46.02 mln. manata yüksəlib. Borc alınmış vəsaitlər 16 mln. manatdan 20.45 mln. manata qalxıb.
Təşkilatın ümumi kapitalı isə mənfəətin təsiri ilə 2023-cü ilin sonundakı mənfi 755 min manatdan 2024-cü ilin sonuna 35.6 mln. manata qədər artaraq tam bərpa olunub. BOKT keçən il mənfəətindən səhmdarlara 1.38 mln. manat dividend ayırıb.
Xatırladaq ki, “SF Azerbaijan” BOKT 2021-ci ildə 300 000 manat nizamnamə kapitalı ilə Latviyanın Riqa şəhərində qeydiyyatda olan “Sun Finance Central Asia, AS” tərəfindən yaradılıb. BOKT-nin səhmdarları 95% ilə “AS HSFCA”, 2.5 faizlə Rüfat Quliyev Faiq oğlu və 2 faizlə Kristis Krumisə məxsusdur.
Manato.az (SF Azerbaijan) – bank kreditoru olmayan, gözlənilməz xərclərin yarandığı vəziyyətlərdə kredit təklif edən təşkilatdır. Təşkilat 1, 2 və 4 həftəlik kreditlər təklif edir. Məsələn, ilk müştəri olduğunuz təqdirdə bir aylıq 1000 manatlıq borc üçün 50 manat faiz borcu və üstəlik borcalanın üzərinə 120 manat komissiya ödənişi qoyur. Nəticədə, borcalanın 50+120=170 manat bir aylıq borc üçün ödəniş məcburiyyəti ortaya çıxır.