9 C
Baku
Monday, November 18, 2024

Maqsud Mahmudov 1.6 mln. manatlıq dələduzluqda ittiham olunur

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.

İttihama görə, Maqsud Mahmudov müxtəlif şəxslərin etibarından sui-istifadə edərək külli miqdarda dələduzluqda, tarixi-mədəni irs hesab olunan əşyaları talamaqda və sosial şəbəkə vasitəsilə incəsənət xadimləri barəsində rüsvayedici məlumatlar yaymaqda təqsirli bilinib.

M.Mahmudova verilmiş ittihamda ilk epizod Mədinə İsrafilova ilə birgə işlətdikləri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən lombarda qoyulmuş qızıl-zinət əşyalarının dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlıdır.

İkinci epizod üzrə Maqsud Mahmudov xüsusi və tarixi əhəmiyyətli hesab olunan əşyaları ələ keçirməkdə təqsirli bilinir.

İttihama görə, təqsirləndirilən şəxs Mədəniyyət Nazirliyi tərəfindən tarixi-mədəni əşya kimi tanınmış 19-cu əsrə aid olan, üzərində III Aleksandrın şəkli həkk olunmuş qızıl sikkələri aldatma yolu ilə ələ keçirib. Mədəniyyət Nazirliyi tərəfindən tarixi-mədəni əşya kimi tanınmış həmin sikkələr 97 min manata qiymətləndirilib.

Bundan başqa, Maqsud Mahmudov 19-cu əsrdə Rusiya İmperiyasında istehsal olunmuş tarixi və bədii əhəmiyyəti olan “Həyat ağacı” adlanan qızıl əşyanı etibardan istifadə edərək ələ keçirib.

M.Mahmudov ümumilikdə 1 milyon 600 min manat məbləğində dələduzluqda təqsirli bilinib.

İttihamın üçüncü epizodu isə təqsirləndirilən şəxsin Azərbaycanın incəsənət xadimlərini şantaj etməsi ilə bağlıdır. Maqsud Mahmudov Ukraynada olan müddətdə “YouTube” kanalında incəsənət xadimləri Afət Fərmanqızı (Həsənova) və Vasif Məhərrəmlinin ünvanına qeyri-etik ifadələr işlədib. Maqsud Mahmudov müğənni Vasif Məhərrəmli ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq onun özündən yaşca böyük qadınla əlaqədə olduğu barədə məlumatı olduğunu deyərək, ondan 1000 manat pul tələb edib. V.Məhərrəmli həmin pulu Səbail rayonu ərazisində bir nəfər vasitəsilə ona çatdırıb.

Bundan başqa, Maqsud Mahmudov müğənni Afət Fərmanqızını da eyni cür şantaj edib. O, Afət Fərmanqızı ilə danışaraq onun intim görüntülərlə təhdid edərək 1000 manat pul istəyib. Sonradan A.Fərmanqızı pulu vermədiyi üçün M.Mahmudov “YouTube” kanalında müğənni barəsində rüsvayedici məlumatlar yayıb.

Məhkəməyə sədrlik edən hakim bildirib ki, verilmiş ittihamlar təsdiqini taparsa, təqsirləndirilən şəxs 20 ilə kimi azadlıqdan məhrum oluna bilər.

İttiham aktına münasibət bildirən Maqsud Maqsudov verilmiş ittihamla özünü təqsirli bilmədiyini deyib.

Məhkəmə zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib. Zərərçəkmiş Kamilə Əliyeva ifadəsində bildirib ki, ona 2016-cı ildə əməliyyatla bağlı pul lazım olub. Buna görə özünə məxsus qızılları yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən lombarda verərək 600 manatlıq qızıla görə 350 manat pul götürüb: “Sonradan mənə məlumat verdilər ki, lombard bağlanıb. Dedilər ki, qızılları götürüb qaçıblar. Üstündən bir neçə gün keçdikdən sonra həmin lombarddan mənə zəng etdilər ki, gəl qızılları götür. Məndə pulu ödəyib qızılları götürdüm”.

Zərərçəkmiş şəxs Maqsud Mahmudovdan şikayət və tələbi olmadığını qeyd edib.

Digər zərərçəkmiş Firudin Bağırov da ifadə verib. F.Bağırov ifadəsində Maqsud Mahmudovla uzaq qohum olduğunu deyib. Zərərçəkmişin sözlərinə görə, Maqsud Mahmudova 45 min manat pul verib: “Mənə anasından qalma olduğunu dediyi üzüyü verdi. Dediyinə görə, 130 min manat qiyməti var. Mən də inanıb ona 45 min manat pul tapıb verdim. Sonradan Maqsuddan hissə-hissə pul alıb, hissə-hissə 45 mini götürdüyüm şəxsə verirdim. 28 min manatını verəndən sonra dedi ki, daha verə bilmirəm, get pul aldığın adama de məhkəməyə versin. Bugünkü gündə də həmin 45 min manata görə, mənim 3 milyonluq obyektlərim girovdadır. Mən uzun illər rus, çeçen, inquş milləti ilə işlədim, aldanmadım, gəldim öz elimdə-obamda bu adam məni aldatdı”.

Proses fevralın 17-də davam etdiriləcək.

Qeyd edək ki, M. Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

 

 

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər