3 C
Baku
Cümə, Yanvar 21, 2022

Mark Menson: Niyə pis qərarlar qəbul edirik?

Həyatda etdiyiniz hər bir şey bazarın predmetidir. Belə ki, dediyiniz, etdiyiniz və səy göstərdiyiniz hər bir şeyin dəyəri və faydası var. Bəzən çəkdiyimiz xərc və qazandığımız fayda gözə görünmür və daha çox psixoloji xarakter kəsb edir, lakin buna baxmayaraq, bazar həmişə öz mövcudluğunu qoruyub saxlayır. 

Biz həyatın yalnız zövq almaqdan və müvəffəqiyyətlərdən ibarət olduğuna inanmaq istəyirik. Ancaq bu mümkün deyil. Bir şey qazanırsınızsa, mütləq nəsə itirirsiniz. Söylədiyiniz sözlərin və ya etdiyiniz hərəkətlərin sonsuz sayda alternativi var, siz isə seçim etmək üçün onlardan imtina etməli olursunuz. 

İqtisadiyyat kursunda bizə öyrədirdilər ki, “pulsuz nahar deyilən bir şey yoxdur”. Əgər dadlı bir bifşteks yeyirsinizsə, demək ki, hamburger yemək fürsətini qaçırdınız. Əgər hamburger yeyirsinizsə, demək ki, burrito yemək fürsətini qaçırdınız. Yox, əgər burrito yeyirsinizsə, demək ki, özünüzə hörmət etmək fürsətini qaçırdınız. 

Bu, daha qısa desək, qərar qəbul etmək deməkdir. Bir şeyə görə nədən imtina etməyə hazırsınız? Başqa bir şeyə görə nədən imtina etməlisiniz? “Başqa bir şey” nədir və onu axtarmağa dəyərmi? Mən ümumi mənada danışdığımı başa düşürəm, amma bütün bunlar üzləşdiyimiz problemlərin əsasını təşkil edir. 

Ətrafımızda olan hər bir şey bazardırsa, yaxşı həyat – yaxşı sövdələşmə deməkdir. Yəni biz nədənsə imtina etməklə mümkün qədər çox fayda əldə etməliyik. 

Problem ondadır ki, çox vaxt imtina etdiyimiz və qazandığımız bir şeyi düzgün qiymətləndirə bilmirik. Sizdə necədir bilmirəm, amma məndə qərarlarımın dəyərini ölçə bilmədiyim anlar çox olub. Buna görə də niyə pis qərarlar verdiyimizi və daha yaxşı qərarlar qəbul etmək üçün nə edə biləcəyimizi müzakirə etmək istərdim. 

Yaxşı qərar nə deməkdir?

Təsəvvür edin ki, sizə bir oyun oynamağı təklif etdim. Siz mənə 1 dollar verirsiniz və mən qəpiyi göyə atıram. Və onun hansı üzü üstə düşməyindən asılı olaraq, siz ya 50 dollar qazanırsınız, ya da mənə verdiyiniz bir dolları itirirsiniz. Nə edərsiniz?

Göründüyü kimi, 1 dollar itirmək ehtimalı minimaldır, 50 dollar qazanmaq  ehtimalı isə olduqca böyükdür. 

Yaxşı qərar – daha çox şey qazanmaq potensialı olan kiçik riskdir. 

Yaxşı qərarlar özündə bunları cəmləşdirirlər: sizin üçün maraqlı və ya cəlbedici olan biri ilə tanış olmaq, onunla danışmaq, hər gün meditasiyaya 10 dəqiqə vaxt sərf etmək, əldə edə bilməyəcəyiniz iş üçün müraciət göndərmək, çətin söhbətə başlamaq və s. 

Analogiyaya uyğun olaraq, pis qərar – daha az bir şey qazanmaq potensialı olan böyük riskdir. 

Pis qərarlara aiddir: təhlükəli bir şəkildə maşın sürmək, yalan danışmaq, imtahan və ya vacib görüş öncəsi narkotik maddələrdən istifadə etmək və s. 

Dəyərlər və kompromisslər

Siz özünüzə sual verə bilərsiniz ki: “Bu və ya digər halda riskin az və ya çox olduğunu necə müəyyən edə bilərəm?” Hər şey sizin ən çox nəyə dəyər verməyinizdən asılıdır. Buna görə hər zaman şəxsi dəyərlər haqqında danışıram. Həyatdakı seçimlərin əksəriyyəti mənim oyunum qədər sadə deyil. Adətən onlar çaşdırıcı və subyektiv olurlar. 

Təhsilinzi davam etdirmək üçün bir il ərzində sosial fəaliyyətdən imtina etməyiniz nə dərəcədə məqsədəuyğundur? Özünə ev almaq üçün bir il qənaət etməyə dəyərmi? Yaxşı bir qərar qəbul etmək üçün sizin üçün nəyin vacib olduğunu başa düşməlisiniz. Aydındır ki, mənim üçün yaxşı olan sizin üçün dəhşətli ola bilər. 

Bu, qərarsızlıqdan əziyyət çəkən insanlar üçün böyük problemdir: onlar nədən narahat olduqlarını bilmirlər və nəyin vacib olduğunu başa düşmürlər. Yaxşı olar ki, dəyərlərinizi müəyyən edəsiniz, yalnız bu halda qətiyyətli addımlar atmaq daha asan olacaqdır. 

Pis qərarlar qəbul etmək daha rahat görünür. Sizcə, niyə belədir? Gəlin, bu məsələyə daha yaxından baxaq. 

Niyə yanlış qərarlar qəbul edirik

İnsanlar pis qərarlar qəbul edirlər, çünki müsbət və mənfi cəhətləri obyektiv şəkildə qiymətləndirməyi bacarmırlar. Bu halda edə biləcəyimiz ən yaxşı şey onları tanımaq və düzgün idarə etməyi öyrənməkdir. 

Ümumiyyətlə, bütün psixoloji uğursuzluqları əsas üç kateqoriyaya bölmək olar:

1. Emosiyaların təsiri

2. Zamanı yanlış qavranılması

3. Müəyyən sosial statusa sahib olmaq istəyi

Bu kateqoriyaların hər birinə nəzər salaq.

1. Emosiyalar bizə necə təsir göstərirlər

Həyatınızda qəbul etdiyiniz ən axmaq qərarlarınızı xatırlayın. Çox güman ki, onların əksəriyyəti emosiyaların təsiri altında qəbul edilib. Səbəb nə olursa olsun, hamımız bunu yaşamışıq. Emosiyalar gerçəklik hissini əlimizdən alır və birdən-birə daha əvvəl yaxşı hesab etdiyimiz bir fikir gözümüzdə dəhşətli görünməyə başlayır.

Problem ondadır ki, emosiyalar fikirlərdən ayrı fəaliyyət göstərirlər. Bu, hər birimizin iki beyinə  – düşünən və hiss edən – sahib olmağımız ilə izah edilə bilər. Düşünən beyin yüksək səmərəlidir, bizim ən ağıllı və düşüncəli hissəmizdir. Hiss edən beyin isə bizim heyvan tərəfimizdir və istəklərimizi əks etdirir. 

Təəssüf ki, hiss edən beyin düşünən beyindən daha güclüdür. Üstəlik, hiss edən beyin düşünən beyinə təzyiq edir. Bəs bunun öhdəsindən gəlmək üçün nə etmək olar? Bu, çətindir. Və mən bilmirəm, nə vaxtsa bununla bacara biləcəksiniz, yoxsa yox. 

Bir şeyi unutmayın ki, ilk olaraq emosiyaları dərk etməyi öyrənməlisiniz. Belə ki, bir çox insan sevindiyini və ya qəzəbləndiyini başa düşmür, bu da onları yanlış qərarlar qəbul etməyə sövq edir.

2. Niyə zamanı yanlış qavrayırıq

Çox maraqlı iqtisadi eksperiment var: insanlara bu gün 100 dollar və ya bir il sonra 150 dollar almağı təklif edirlkər. Əlbəttə, çoxları 100 dollar almağı seçir. İqtisadiyyatda buna “müvəqqəti endirim” deyirlər, yəni uzaq gələcəkdə bir şeyə sahib olmaq bizim üçün daha az cəlbedici görünür. 

Yəqin ki, həyatınızın bütün sahələrində bununla qarşılaşmısınız. Biz hər şənbə günü iki dənə pizza yeməyə üstünlük veririk, amma bir il sonra hansı çəkidə olacağımızı düşünmək istəmirik. Məncə, buna görə bir çox insan pula qənaət edə bilmir. Buna görə prokrastinasiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. Buna görə vacib və çətin məsələlər təxirə salınır. 

Zaman bizi qorxuzur. Biz gələcəyi çox da yaxşı planlaşdıra bilmirik və bu gün çəkməli olduğumuz əziyyəti həddindən çox böyüdürük. Məsələn, hər hansı bir bacarığa yiyələnmək istəyirsiniz. Əgər gündə 30 dəqiqə məşq etsəniz, növbəti ildə möhtəşəm nəticələrə sahib olacaqsınız. 

Lakin bunun əvəzinə, biz düşünürük: “Bir gün məşq etməsəm, nə olacaq ki? Ölməyəcəm ki”. Və sonra bu ifadəni həftədə bir-iki dəfə təkrar edirik. Siz haqlısınız, dəhşətli heç nə baş verməyəcək. Buna baxmayaraq, unutmayın ki, belə halların tez-tez təkrarlanması gələcək nəticələrə əhəmiyyətli təsir göstərə bilər.

3. Niyə bu və ya digər sosial status bizim üçün cəlbedici görünür?

Maraqlıdır, niyə beyin məhz bu şəkildə işləyir. Əslində insan təkamülündə bu, beynimizin mənfi deyil, daha çox müsbət cəhətlərindən biri sayılırdı. Əlli min il əvvəl savannada bu və ya digər şeyin bir il sonra dəyərli olub-olmamasını təsəvvür etmək mümkün deyildi. Xeyr, ya o lənətə gəlmiş heyvanı öldürürsünüz, ya da onun yeməyi olursunuz. Qədim zamanlarda yalnız indiki zamanda düşünmək vacib idi. 

Min illər keçsə də, insanlar hələdə status iyerarxiyasına bağlıdırlar. Yəqin ki, indi deyəcəksiniz: “Mən status iyerarxiyalarına əhəmiyyət vermirəm. Mən özüm özümü təmin edirəm və istədiyim kimi yaşayıram”.

Əla.., amma yanılırsınız. 

Fakt budur ki, hamımız sosial baxımdan arzu olunan olmaq istəyirik. Bu avtomatik olaraq baş verir və qavrayışımızı rəngarəng edir. Hamımız gözəllik, var-dövlət və ya güc əldə etdikdə daha passiv oluruq, özümüzü təhlükədə hiss etməyə başlayırıq. 

Bunu Uill Smitlə tanış olduğum zaman gördüm. Mən başa düşdüm ki, onun zarafatlarına düşünmədən gülürəm və daim hansı istiqamətdə getdiyini izləyirəm. Onunla bir kitab üzərində işləməli olduğum üçün, bilmədən hər hansısa səhvə yol verməkdən qorxurdum və daim özümü əldə saxlamağa çalışırdım. 

Biz yüksək sosial statusa sahib olan insanlar qarşısında boyun əyirik, psixologiyada buna “halo effekti” deyirlər. Biz elə hesab edirik ki, fiziki cəhətdən cazibədar olan insanlar daha ağıllı və ya daha bacarıqlıdırlar. 

Bu halda edə biləcəyimiz ən yaxşı şey, status anlayışından asılı olduğumuzu başa düşməkdir. Uğurlu və ya təqdiredici olduğunu düşündüyünüz insanlara necə reaksiya verdiyinizə diqqət yetirin. Onlar haqqında hər zaman müsbət düşünürsünüz, yoxsa yox? Daha sonra özünüzdən soruşun: “Əgər tanımadığım bir insan bunu desəydi, eyni rekasiya göstərərdim?”

Əgər özünüzə qarşı dürüstsünüzsə, cavabınız “yox” olacaq. 

Daha düzgün qərarlar qəbul etmək üçün nə etmək lazımdır

Qərəzli və yanlış fikirləri aydınlatmaq üçün özünüzə necə kömək edə bilərsiniz? Necə başa düşmək olar ki, qəbul etdiyiniz bu və ya digər qərar mütləq düzgündür? Daha əvvəl dediyim kimi, ağılın qüsurlarını aradan qaldırmağın yolu yoxdur – bunlar beynimizdə illərdir möhkmləniblər. Lakin buna baxmayaraq, şanslarınızı artırmaq üçün atacağınız müəyyən addımlar var.

1. Yazın

Mən bilirəm: hamı sizə gündəlik tutmağı, fikirləri yazmağı, ideyaları şübhə altına almağı məsləhət görür. Lakin bunun səbəbi var. 

Fikirlərinizi yazdığınız zaman onlara daha obyektiv baxmağı öyrənirsiniz – sanki onlar heç sizin deyil. Tutaq ki, qərarları avtopilot (yəni avtomatik) rejimində qəbul edirsiniz, bu halda yazı bu rejimi “söndürməyə” kömək edə bilər. 

Vacib bir qərar haqqında düşündükdə, bir şey etməyi sevirəm: vərəqin ortasından şaquli xətt çəkirəm və birinci sütünda bütün risk və xərcləri, ikinci sütünda isə faydaları yazıram. Çox vaxt nəzərdən qaçan məqamları görmək üçün bu məşq kifayət edir.

2. Narahtlığa qalib gəlməyi öyrənin

Adətən pis qərarlar gözümüzə daha rahat görünür deyə onları qəbul edirik. Emosiyalar bizə yanlış istiqamət verir, daxilimizdəki status hissi isə başqalarını və özümüzü necə qəbul etməyimizə təsir göstərir. 

Bütün bunlar o deməkdir ki, çox vaxt qərar ziddiyətli, mürəkkəb və qorxulu şeylərin kombinasiyası kimi görünür və biz intuisiyamıza qarşı hərəkət etməli oluruq. Çox güman ki, axili hissiyata deyil, rəqəmlərə güvənməli olacaqsınız. Başqalarını təəssüfləndirmək üçün risk edəcəksiniz. 

Bu, göründüyü qədər asan və xoş deyil. Əslində el arasında buna “komfort zonasından çıxmaq” və ya “mübarizə aparmaq” deyirlər. Fərq etmir – əsas odur ki, narahatlığa qalib gəlməyi öyrənəsiniz, sərhədlərinizi yoxlayasınız, gələn təkliflərə şübhə ilə yanaşasınız və daha düzgün qərarlar qəbul edəsiniz.

3. Zəif cəhətlərinizi tapın

Qərar verməyə gəldikdə hər birimizin zəif cəhətləri var. Kimsə başqalarından daha emosional olur, kimsə ucuz şöhrəti təqib edir və təmtərahlı yığıncıqlardan imtina edə bilmir, kimsə isə həqiqətən gələcək haqqında düşünməyə çalışır. 

Siz daha yaxşı və daha pis uyğunlaşdığınız situasiyaları başa düşməlisiniz və gələcək qərarları nəzərdən keçirərəkən bunu nəzərə almalısınız. Mən, bir qayda olaraq, ətrafımdakı insanların təsirinə məruz qalmıram, xüsusilə sağlamlıq ilə əlaqəli vərdişlərdən danışılırsa. Bu, daim davam etdirməli olduğum bir döyüşdür.

4. Zəif cəhətlərin qarşısını almaq üçün mühiti dəyişdirin

Zəif cəhətlərə qalib gəlməyin ən yaxşı yolu güc və ya dissiplindir. Əslində reallıqda hər şey daha sadədir – həyatınızı elə qurun ki, pis qərarları kompensasiya edə biləsiniz. 

Məsələn, mən zərərli yeməklər yeməyə bilmirəm. Buna görə elə edirəm ki, evimdə elə ərzaqlar olmasın. Mən başa düşdüm ki, almamaq yeməməkdən daha asandır, buna görə zərərli ərzaqlar almıram. 

Daha bir nümunə: dostlarımla hər gün səhər saat 9.00-da “Zoom”da görüşməyə razılaşdım ki, hər kəsin iş yerində olduğuna əmin olum. Bu, dahi bir fikir olmasa da, kifayət qədər effektivdir. Mən hər kəs işləyən zaman günortaya qədər yatan axmaq biri olmaq istəmirəm, məhsuldarlığımı dəsətkləməyi düşünürəm. 

Mühiti dəyişin ki, zəif cəhətlərinizə qalib gələ biləsiniz. Bunun üçün bəlkə bir sıra saytları blok etməyə, lazımsız xəbərləri isə oxumamağa məcbur olacaqsınız. 

Ən pis həll yolu – heç bir həll yolunun olmamasıdır

Həyatınız boyu qəbul etdiyiniz qərarların çox hissəsi pis ola bilər, lakin buna baxmayaraq, bu heç nə etməməkdən daha yaxşıdır. Biz hamımız qərar verməliyik. Hər gün nə yeyəcəyik, nə geyinəcəyik, vaxtımızı necə keçirəcəyik və s. Əgər heç bir qərar qəbul etməsəniz, onda heç yaşamayacaqsınız. 

Problem onadır ki, hər bir qərar xərc, risk və qurbanlarla müşayiət olunur.  Əlbəttə, həyatınızı yaxşı strukturlaşdırsanız, risk və xərclərlə kifayətlənmək mümkün olur. Bəlkədə onları artıq sevməyə başlayırıq. 

Lakin çox vaxt qəbul etdiyimiz qərarlara görə ödədiyimiz qiymətdən, üzərimizə götürdüyümüz riskdən məmnun olmayacağıq. Və tez-tez onları görməməyə çalışacağıq. Bu və ya digər hadisənin baş vermədiyini və ya günahkar olmadığımızı iddia etməyə başlayacağıq. 

Bir gün nə etməyimizdən asılı olmayaraq həyatımızda risklə qarşılaşmağı istəmədiyimizi qərarlaşdırdığımız bir nöqtəyə çata bilərik. Bir tərəfdən, bu bizi təkəbbürlü edir, digər tərəfdən isə belə davranış başqalarını qıcıqlandırsa da, yalnız bizə zərər verir. 

Biz qəbul etdiyimiz qərarlara görə məsuliyyət daşıyırıq və bu məsuliyyətdən imtina etmək də bir qərardır. Qərar qəbul etməkdən imtina etdiyiniz zaman artıq həyatınızın səbəbi deyil, nəticəsi olursunuz. Artıq öz taleyinizi təyin etmirsiniz, bunu başqalarının mərhəmətinə buraxırsınız. 

Düzdür, qısamüddətli perspektivdə özünüzü rahat hiss edə bilərsiniz. Bu, “Baxın, mənim heç bir günahım yoxdur, amma X, Y və Z baş verdi!” demək üçün bir fürsətdir. Lakin uzunmüddətli perspektivdə belə yanaşma sizi tamamilə məhv edəcəkdir. 

Qərarlar qəbul edin. Həyatınızı seçin. Risk edin, çünki risk həyatımıza məna qatır.

Son xəbərlər
Oxşar xəbərlər