Müəllif: Rafiq Hunaltay, Marketinq Departamentinin Rəhbəri, IDEAL
Dekabr girəndən mart çıxana kimi olduqca gərgin bir 3 ay keçirdim. İşin biri bitməmiş o biri, bu biri başlamamış yenisi və s. deyə-deyə, edə-edə gəldik mart sonuna. Məlumat üçün deyim ki, 3 ayda 14 fərqli kampaniya keçirmişik. İndi düşünün bunların hər birinin marketinq tərəflərini, hazırlıqları və hamısının bir yerdə bəxş etdiyi stressi.
Son zamanlar narahatçılıq hiss etdiyimdən həkimə getdim, dərin nəfəs alma ehtiyacı yaranmışdı, dərin nəfəs almasam narahat olurdum. Elə ağzımı açıb bunu demişdim ki, dedi “stresdəndir hamısı”. Bunu deyən də elə-belə adam deyildi, yoxsa deyərdim ki, bir şey tapmayanda səbəbini əsəbə, stressə bağlayırlar. Adam Amerikan Hastanesinin tanınmış həkimlərindən biridir.
Bundan sonra oturdum papağımı qoydum qabağıma və bu haqda fikirləşməyə başladım. Bizi həyatın hər anında qarabaqara izləyən bu stress nədir axı, lazımdırmı, çoxdurmu, azdırmı deyə düşündüm. Və belə qərara gəldim ki, biz insan oğulları günümüzü qaçaqaçda keçirə-keçirə heç fərqinə də varmadan ömrümüzdən getdiyini hiss etmirik. İşlə-işlə yaxşı yaşamaq üçün, o yolda stress hər addımda yol yoldaşın olsun, istədiyin nədirsə, sonda nail ol ona, amma sağlamlığın getsin. Bu bizə lazımdırmı bəs? Əlqərəz başladım bir az stress haqqında araşdırmağa, eşələndim və bir şeylər tapdım. Elə təzəcə yazmağa başlamışdım ki, sağ olsun, İdealın fb səhifəsində birinin xanım konsultantı “ağzına duxi tıxamaqda” hədələdiyini oxuyanda tamam əsəb və stressə düşdüm, dostum Anar demiş mövzuya bir az da duz qatdı. Nə isə…
Amerikan alimləri araşdırıb ki, ABŞ-da insanların 40%-i iş yerində stressin qurbanı olurlar. Azərbaycanda isə bunun rahat 60-70-in üzərində olduğunu deyə bilərəm, yəqin ki, də yanılmaram. Hətta bir çox rəhbərlər bilərəkdən işçilərini stress altında saxlayır və hesab edir ki, bu onları daha düzənli işləməyə vadar edir, daha məsuliyyətli edir. Yəqin ki, fikir vermisiniz ki, bəzi dostlar və elə mən özüm də vaxtilə CV hazırlayarkən üstün cəhətlərimizdən biri kimi “stress altında işləyə bilmə” və ya bir az da özümüzü ağıllı göstərib ingiliscə CV hazırlayanda yekə-yekə “able to work under stress” zad da yazırdıq. O vaxt düzünü desəm bu sözü o qədər də başa düşmürdüm, amma indi o qədər anlayıram ki, 4 ildir dostam və bir-birimizi də yola veririk .
Əslində hər stress ziyan deyil. Toksik stress və ya faydalı stressdən xilas olmağa çalışmaq lazım deyil, onu idarə etmək lazımdır. Xroniki stress, yəni davamlı hal alan, mütəmadi sizi izləyən stress isə adətən insanda;
- Faydalı iş əmsalını azaldır
- Sağlamlığa ziyandır
- Enerjinizə boşuna israf edir
- Əlaqələrinizi korlayır
Yuxarıda dediyim kimi bəzən rəhbərlər bilərəkdən işçilərini stress altında işlədir. Daim onu yerli-yersiz tapşırıqlarla ard-arda yükləyir və elə bilir ki, bu ona da, işə də faydalıdır. Qətiyyən yox. Məsələn, bir çox şirkətlərdə iş qrafiki ilə bağlı o qədər sərt qaydalar var ki. Onsuz da insanları şənbə-bazar işlətməklə, işdən sonra min dənə tapşırıqla yükləməklə istismar edirsiniz, daha 3-5 dəqiqənin söhbətini niyə edirsiniz axı. Bu tip şirkətlərdə işçi əminəm ki, hər gün səhər artıq stressdən nəsibini alır.
Və ya başqa bir halda işçiyə karyera irəliləməsi haqqında heç bir vədin verilməməsi (vizyon) də onu bir müddət sonra stressə sala bilir. Bu necə olur? İşçi işləyir bir müddət, amma o sonunda bu şirkətdə haraya gələcəyini bilmir, ona bunu heç kim demir və az sonra işçi “özünü zorlanmış” kimi hiss edir və get-gedə işə həvəsi ölür. Həvəs də öləndən sonra onda işini itirmək qorxusu itməyə başlayır. Bu gün şirkətlərdə minlərlə belə menecerlər var ki, getdikləri yolun sonunu görmür və olduqları yerdə də əlavə bir şey edə bilmədiklərindən cığallıqlar məşğul olurlar, lüzumsuz situasiyalarda konfliktlər yaradıb özlərini də, başqalarını da stressə soxurlar. İşçinizə gələcək haqqında verin, əziz sahibkarlar, CEO-lar və digər 2-3 hərfli ingiliscə vəzifə adları olan hər kəs. Vizyon verin ki, adam bilsin “böyüyüb” nə olacaq, nə ola bilər.
Bir də Sizə məsləhət işinizə emosiyanızı, hislərinizi qatmayın. Yoxsa stress sizi qarabaqara izləyəcək. Xüsusən də rəhbərinizlə ancaq iş müstəvisində və iş münasibəti qurun. Dostluq, münasibəti istiləşdirmək, bəzən səmimiləşdirmək zərərli ola bilər. Sabah o rəhbər Sizi cəzalandıranda məyus olacaqsınız, sanki öz dostunuzdan, qardaşınızdan inciyirmiş kimi inciyəcəksiniz. Halbuki bu işdir və professional şəraitdə buna da professional yanaşmaq lazımdır. Qızıl ortanı tuta bilmirsinizsə, yaxşısı heç ona şərait də yaratmayın. Fərq etmir, rəhbər də, işçi üçün də eynidir bu. Bunu oxuyanda yəqin ki, bir çoxlarınız dayanıb bəzi şeyləri xatırladınız və mənə haqq verdiniz. Bir dəfə təlimdə də bu haqda danışmışdım.
Bəs stressdən necə xilas olaq? Bunun bir çox real və praktik yolları var:
Fikir verməyin, küsməyin, qəlbinizə yaxın buraxmayın. Ən əsası isə çalışın ki, heç kimdən heç nə ummayın ki, onu ala bilməyəndə də məyus olmayasınız. İşdə qızıl prinsip budur. Balıq-xaliq məsələsi yəni.
Bir də alimlər deyir ki, “4 addım metodu” da effektlidir. 1. Dur 2. Nəfəs al (8 saniyə) 3. Düşün 4. Seçim et
- Dinləyin. Əgər yaxın bir tanışınız çox əsəbi və stress içindədirsə, ona ən yaxşı kömək onu sona qədər şərhsiz, iradsız dinləməkdir. Müdaxilə etməyin, özü danışıb, özü sual verib elə özü də cavablandıracaqdır.
- Axşam gəzintiləri. İndiyədək bir çox həm qəlbə, həm evə yaxın dostlarımla axşamlar uzun-uzun gəzirəm. Çox rahatladır, evdə oturub yuxulamaqdansa, çıxıb həm nəyisə müzakirə etmək, edə-edə də gəzmək, hava almaq, ələlxüsus gecə insanı çox rahatladır. Sınamayanlar sınasın, məncə.
- Stolunuzu səliqəli saxlayın. Hardansa eşitmişdim ki, bəzi adamlar qəsdən stolunun üstünü qarmaqarışıq saxlayır ki, işgüzar şəxs görüntüsü yaratsınlar. Amma mən, məsələn adi kağız belə stolumda öz yerində durmayanda narahat oluram və tez düzəldirəm. Ümumiyyətlə məndə hər şey yerində olmalıdır, əksi olanda əsəbi oluram. Mənim kimilər üçün də stolunu səliqəli saxlaması stressdən müəyyən qədər xilas edə bilər. Məsələn, çoxlu oxunmamış e-maillərim olanda da mən stressə düşürəm. Ona görə çalışıram mailləri çox oxunmamış saxlamayım.
- Gündəlik (iş cədvəli) mütləqdir. Bir gün belə gündəliksiz dura bilmərəm. Edəcəyim hər şey yazılı olmalıdır. Məsələn, gün ərzində 10 iş görməliyəmsə, onun gün sonu 4-nü görmüşəmsə, 6-sı qalsa belə, rahat oluram. Çünki BİLİRƏM ki, 6 görülməmiş işim var. Amma vay o haldan ki, beynində nələrinsə edilmədiyi “random” vəziyyətdədir. O saat məndə stress yaradır. Etdiyiniz, etmədiyiniz hər şeyi yazın ki, kontrolunuzda olsun hər şey.
- Əgər rəhbərsinizsə, işçiyə iş tapşıranda motivə edən sözlər deməyi unutmayın. Tutalım ki, lap qəsdən işdə stress mühiti yaradanlardansınız. Ok, amma bu halda da işçinizə iş tapşıranda tapşırıqdan həmən sonra onu rahatladan da sözlər deyin ki, o işin ağırlığı onda stress yaratmasın. Məsələn, “Filankəs bunu etmək lazımdır. Bu iş əslində sənin əlində çox asandır, bacaracaqsan” demək faydalıdır, nəinki, “vaxt çox azdır, təcili çatdırmaq lazımdır” demək.
Ümumiyyətlə OLMALI(DIR) kəlməsi işçidə stress yaradır.
Heç vaxt “burda səhv etsək, batdıq” deməyin işçiyə, batacaq bilin bu halda. Yox əgər işçisinizsə, o halda özünüzü lüzumsuz stressdən qorumaq üçün iradları şəxsiləşdirməyin. Özünüzü artıq hiss etməyin, hisslərinizlə davranmayın, tez qərar verməyin.
Bu arada mən Sizə özümün çox sınadığım bir üsulu deyim. Məsələn, yatmazdan yarım saat öncə hansısa kitab oxuyun. Bir az keçəcək və bu sizdə o qədər alışqanlıq olacaq ki, yuxunuz gəlməsə belə kitabı oxuyandan sonra yuxunuz avtomatik gələcək. Stress sizdə işdən sonra da qalıbsa, axşam nəsə fərqli bir mühitə girəcəyinizi bildiyinizdən bu sizi rahatladacaq. Xüsusən bədii ədəbiyyatlar insanı olduğu mühitdən çox tez çıxara bilir.
Bir sözlə, pozitiv olaq, elə bilək ki, stəkan yarıya qədər doludur zad, hərəyə bir ağac əkək, amma stressin bizə qalib gəlməsinə imkan verməyək. Bu yaxınlarda radioda eşitdim ki,insanlar tv seyr edib, kitab oxumaq əvəzinə, kitab seyr edib, tv oxuyurlar. Yəni bir az da kitab oxuyaq, dostlar.