Amerika istehsalçısı “Mars” (qənnadı məmulatları, qida və heyvan yemi istehsal edir) 35.9 milyard dollar dəyərində qiymətləndirilən “Kellanova” (keçmiş “Kellogg Co.”) şirkətini almaq barədə razılığa gəlib, “Financial Times” yazır.
Qəzetin mənbələrinə görə, “Mars” səhm başına 83.5 dollar ödəyəcək və bu, 2024-cü ilin ən böyük müqavilələrindən biri olacaq. Bakı vaxtı ilə saat 13:49-a Nyu-York Fond Birjasında premarket ticarətində “Kellanova”nın səhmləri hər səhmə görə 79.29 dollara (+6.43%) ticarət olunub.
“Kellanova” şirkəti 2023-cü ildə “Kellogg Co.”nun biznesi bir neçə şirkətə bölmək qərarı nəticəsində yaranıb. 2024-cü ilin ikinci rübünün maliyyə hesabatının nəticələrinə görə, xalis satışlar illik müqayisədə 4.7% azalaraq 3.19 milyard dollar olub. Eyni zamanda, əməliyyat mənfəəti 18% artaraq 493 milyon dollara çatıb.
Eyniadlı şokolad çubuqları, eləcə də digər qənnadı məmulatları (“Bounty”, “Milky Way”, “Twix”, “Snickers”, M&M’s, “Skittles”) ilə yanaşı, “Mars” həmçinin “Orbit” və “Wrigley’s” saqqız brendlərinə sahibdir.