“Masdar” Azərbaycanda 2030-cu ilədək 10 qiqavatta qədər qədər təmiz enerji istehsal etməyi planlaşdırır.
Bu barədə “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Cəmil Al Ramahi bu gün Azərbaycanda 1 qiqavatt gücündə günəş və külək enerjisi stansiyaslarının təməlqoyma mərasimində deyib.
“Azərbaycan “Masdar” üçün əsas strateji bazardır. SOCAR-ın tərəfdaşlığı ilə bu 1 qiqavatt gücündə yenilikçi külək və günəş layihələri sayəsində Azərbaycanda 2030-cu ilədək 10 qiqavatta qədər təmiz enerji istehsalına dair iddialı planımızı həyata keçirmək istiqamətində mühüm addım atırıq”, – o deyib.
Onun sözlərinə görə, ötən il regionda ən böyük işlək elektrik stansiyası olan 230 meqavatt gücündə Qaradağ günəş elektrik stansiyasının açılışı və hazırlıq mərhələsində olan digər mühüm layihələrin fonunda “Masdar” COP29 ərəfəsində və sonrakı dövrdə ölkədə təmiz enerji konsepsiyasının reallaşdırılmasını dəstəkləyir və sürətləndirir.
Qeyd edək ki, üç layihəyə 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyalarından və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyası daxildir. Layihələr üzrə investisiya razılaşmaları 2023-cü ilin oktyabrında əldə edilib, bundan sonra elektrik enerjisinin satın alınması, elektrik ötürülməsi xəttinə qoşulma və torpaq icarəsinə dair müqavilələr imzalanıb.
Bakı Enerji Həftəsinin açılışında keçirilən mərasim “Masdar” şirkətinin Azərbaycanla qlobal strateji tərəfdaş olaraq uzunmüddətli əməkdaşlığa sadiqliyini təsdiqləyir.