21 C
Baku
Saturday, May 25, 2024

“Masdar” şirkəti dələduzluqla bağlı xəbərdarlıq edib

“Abu Dhabi Future Energy Company” PJSC – Masdar (“Masdar”) Azərbaycanda təsis edilmiş törəmə şirkətləri (“Masdar Azerbaijan” MMC və “Masdar Azerbaijan Energy” MMC) ilə birgə bəyan edir ki, onlarda olan məlumatlara görə ayrı-ayrı şəxs və ya təşkilatlar sosial media platformalarından istifadə edərək Azərbaycan ictimaiyyət nümayəndələrini “Masdar” şirkəti ilə əlaqəsi olduğunu iddia edən şirkətlərə sərmayə qoymağa təşviq edir.

Bu barədə “Masdar” şirkəti məlumat yayıb. Xüsusilə, “Masdar” şirkətinə verilən məlumatda insanların “Masdar Energy” adlı şirkətə sərmayə qoymağa təşviq olunduğu və vəsaitlərini günəş və külək enerjisi istehsalı layihələrinə yatırılacağı ilə bağlı vədlər verildiyi bildirilir.

““Masdar” bu və bu kimi sosial media platformalarında təbliğ olunan “investisiya imkanları”nın əslində vəsaitin yalnız investorlardan gəldiyi “piramida” sxemi olduğunu anlayır. Aşağıda göstərilən məlumat ictimaiyyət nümayəndələrini “Masdar”ı təmsil etmək və ya onun adından məhsul və ya xidmətlər təklif etmək iddiasında olan qurum və ya şəxslərin dələduzluq əməllərindən qorumaq məqsədi daşıyır.

“Masdar” bərpa olunan enerji istehsalı üzrə aparıcı şirkətdir və tam olaraq üç səhmdara məxsusdur: “Əbu Dabi Milli Enerji Şirkəti” (TAQA), “Mubadala İnvestisiya” şirkəti (Mubadala) və “Əbu Dabi Milli Neft” şirkəti (ADNOC). “Masdar” fiziki şəxslərə və ya şirkətlərə heç bir bank və ya investisiya xidmətləri göstərmir və ya heç bir maliyyə institutunun nümayəndəsi kimi çıxış etmir. Heç bir halda “Masdar” şirkəti və ya onun hər hansı əməkdaşı “Telegram” və ya “YouTube” kimi sosial media platforması vasitəsilə hər hansı investisiya imkanları təklif etmir. “Masdar” şirkətindən olduqlarını iddia edən şəxs və ya qurumlar sosial media və ya digər kanallar vasitəsilə sizə investisiya xidmətləri təklif edərsə, pul depozitləri istəyərsə və ya şəxsi məlumatlarınızı əldə etməyə cəhd edərsə, həmin şəxs və ya qurumlar dələduzluq və ya şəxsi məlumatların ələ keçirilməsi əməlləri ilə məşğuldur və onlar barəsində yerli polis orqanına məlumat verilməlidir.

“Masdar” şirkətinin rəsmi veb-saytı yalnız https://www.masdar.ae domen adı altında fəaliyyət göstərir və bu rəsmi veb-sayta bənzəyən hər hansı digər veb-saytların hostları ilə əlaqəsi yoxdur. Siz yuxarıdakı domen adını brauzerinizin ünvan sətrinə yazmaqla və ya orijinal vebsaytı işarələməklə “Masdar” veb-saytına daxil ola bilərsiniz. Tövsiyə edirik ki, “Masdar” veb-saytına mənşəyi məlum olmayan e-məktublarda və ya veb-saytlarda təqdim olunan hiperlinklər, internet axtarış sistemləri və ya işçi pəncərələr vasitəsilə daxil olmayasınız”, – deyə məlumatda bildirilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər