Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən, yanvarın 1-dən etibarən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb. Gömrük rüsumlarının artması avtomobil bazarında qiymətlərin artmasına səbəb olub. Bəs hazırda avtomobil bazarında vəziyyət necədir? Daha çox hansı ölkələrin avtomobillərinə üstünlük verilir?
Məsələ ilə bağlı danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, bazarda daha çox tələbat olan avtomobillər neçə illərdir dəyişməyən bir konnekturadır. “Belə avtomobillər üzrə ilk beşliyi Yaponiyanın iki markası- “Toyota” və “Nisan”, Cənubi Koreyanın iki markası – “Hyundai”və “KİA”, Rusiya istehsalı olan avtomobillər tutur. İkinci əl avtomobil bazarında isə hələ ki Almaniyadan gətirilən “Mercedes” markalı avtomobillər digər rəqiblərini üstələyir”.
O bildirib ki, ilin əvvəlində qiymət artımı baş versə də, son 15 gündə bazarda qiymətlərin nisbi azalması müşahidə edilir. “Bu da təbii ki, tələb və təklif strukturu arasındakı ciddi fərqlə əlaqəlidir. Tələb aşağıdır, təklif çoxdur. Ona görə də qiymətlər yenidən azalmaya doğru gedir. Amma azalma ötən dövrlərdə olan artımla müqayisədə aşağıdır. Avtomobillər bazarlarında hələ də durğunluq davam edir”.
Mənbə: Fins.az