20 C
Baku
Wednesday, May 21, 2025

Mask ən azı daha beş il “Tesla”ya rəhbərlik edəcəyinə söz verib

“Tesla”nın baş icraçı direktoru İlon Mask ən azı daha beş il şirkətin rəhbərliyində qalmağı planlaşdırır. O, bunu Qətərdə keçirilən iqtisadi forumda deyib.

Məşğul siyasi həyatında “Tesla” qarşısında öhdəliklərini yerinə yetirməyə sadiq qalıb-qalmaması ilə bağlı suala Mask belə cavab verib: “Bəli, buna heç bir şübhə yoxdur. Səbəbi pul deyil, şirkətin gələcəyini müəyyən etmək istəyidir”, – deyə o izah edib.

Mask gələcəkdə siyasi xərcləri əhəmiyyətli dərəcədə azaltmaq niyyətində olduğunu bildirib. ABŞ-də seçkilər üçün nə qədər xərcləməyi planlaşdırdığı ilə bağlı suala o belə cavab verib: “Mən çox az şey edəcəyəm. Düşünürəm ki, artıq kifayət qədər işlər görmüşəm”.

Mask həmçinin DOGE-nin rəhbəri kimi təsirinin çox az olduğunu söyləyib. “Mən sadəcə məsləhətçiyəm, rəsmi səlahiyyətim yoxdur. Prezident məsləhətlərimi qəbul edə və etməyə bilər”, – milyarder bildirib.

Çıxışdan sonra “Tesla” səhmləri 3%-dən çox bahalaşaraq dünən Bakı vaxtı ilə saat 18:50-də 346.28 dollara çatıb. Qeyd edək ki, “Tesla” səhmləri 2025-ci ilin əvvəlindən 15% ucuzlaşıb.

2025-ci ilin ilk üç ayında şirkətin xalis mənfəəti 71% azalaraq 409 milyon dollar olub. Ümumilikdə 336.7 min avtomobil tədarük edilib ki, bu da illik müqayisədə 13%, rüblük müqayisədə isə 32% azdır.

Xatırladaq ki, daha əvvəl “WSJ” qəzeti Maskın “Tesla”nın rəhbəri vəzifəsindən istefa vermək istədiyini, lakin hələ uyğun varis tapmadığını yazıb. “Tesla” idarə heyətinin sədri bu şayiələri “quru yalan” adlandırıb və Maska güvəndiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər