ABŞ-ın “SpaceX” şirkətinin qurucusu İlon Mask hesab edir ki, yaxın beş il ərzində süni intellekt sistemləri bütün insanların ümumi intellekt səviyyəsini geridə qoya bilər.
Mask bu fikirləri “The Economist” nəşrinə müsahibəsində səsləndirib.
“İnsanlar dediklərimin gerçəkləşəcəyini dərk etmirlər”, – deyə o bildirib.
Maskın sözlərinə görə, süni intellekt onu eyni gün ərzində həm həyəcanlandıra, həm də qorxuya sala bilir. Buna baxmayaraq, o, gələcəyə nikbin yanaşmağa üstünlük verdiyini bildirib.
Milyarder sahibkar hesab edir ki, təxminən 10 il ərzində robotlar və süni intellekt həm fiziki, həm də zehni əmək tələb edən işlərin böyük hissəsini öz üzərinə götürəcək və insanların işləməsi “könüllü seçimə” çevriləcək.
Onun fikrincə, bu proses nəticəsində dünyada “misilsiz bolluq” yaranacaq və pul əvvəlki əhəmiyyətini itirəcək. Mask hökumətlərin vətəndaşlara sadəcə maliyyə ödənişləri etməsinin kifayət edəcəyini, çünki maşınların istehsal etdiyi sonsuz məhsul və xidmət bolluğu fonunda inflyasiyadan daha çox deflyasiya riskinin yaranacağını bildirib.
Mask süni intellekt sahəsində təhlükəsizlik məsələlərinin beynəlxalq əməkdaşlıq tələb etdiyini də vurğulayıb. O, ABŞ və Çin daxil olmaqla aparıcı süni intellekt şirkətlərinin yeni modelləri istifadəyə verməzdən əvvəl bir-birinin sistemlərini yoxlamasını və aşkar edilən riskləri hökumətlərlə bölüşməsini təklif edib.
O, bu məqsədlə uzun müddətdir məhkəmə çəkişməsində olduğu OpenAI-ın rəhbəri Sem Altmanla da əməkdaşlığa hazır olduğunu bildirib.
“Günün sonunda danışmalı olsaq, danışacağıq. Dünya naminə şəxsi fikir ayrılıqlarımızı bir kənara qoya bilərik”, – deyə Mask qeyd edib.
Mask, həmçinin Çin şirkətlərinin süni intellekt yarışında gələcəkdə liderə çevrilməsi ehtimalını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Çinin elektrik enerjisi potensialı və robot istehsalı imkanları bu sahədə ciddi üstünlük yaradır.
Müsahibədə geosiyasi məsələlərə də toxunan Mask bildirib ki, ABŞ siyasətində həddindən artıq fəallaşdığını sonradan anlayıb.
“Mən, açığı, həddimi aşmışdım”, – deyə o etiraf edib.
Mask daha bir iddialı proqnoz səsləndirərək bildirib ki, 20 il ərzində Böyük Britaniyada vətəndaş müharibəsinin baş verməsi ehtimalını istisna etmir. Onun fikrincə, buna səbəb Qərb dəyərlərinə zidd baxışların cəmiyyət daxilində yaratdığı gərginlik ola bilər.







