İlon Mask hesab edir ki, süni intellekt dünya iqtisadiyyatını köklü şəkildə dəyişdirə və nəticədə qlobal iqtisadiyyata ildə 30 trilyon dollaradək əlavə dəyər qazandıra bilər. Bu barədə Yahoo! Finance yazır.
Maskın hesablamalarına görə, süni intellekt dünya iqtisadiyyatının həcmini 20–30% artıra bilər.
“Miqyasın nə qədər böyük olduğunu təsəvvür etməyiniz üçün deyim: məncə, süni intellekt dünya iqtisadiyyatını təxminən 20–30% böyüdəcək. Bu, mənim təxmini hesablamamdır. Söhbət ildə təxminən 20–30 trilyon dollardan gedir”, – Mask G20 sammitində bildirib.
Mask həmçinin proqnozlaşdırıb ki, gələn ilin sonuna qədər süni intellekt fiziki dünyaya müdaxilə, yəni “atomların yerini dəyişdirməyi” tələb etməyən demək olar ki, istənilən rəqəmsal tapşırığın öhdəsindən gələ biləcək.
Onun sözlərinə görə, süni intellekt proqram təminatının hazırlanmasında “Stockfish səviyyəsinə” çata bilər. Bu halda insanların proqramlaşdırma sahəsində süni intellektlə rəqabət aparması faktiki olaraq mümkün olmayacaq.
Stockfish açıq mənbəli, dünyanın ən güclü şahmat mühərriklərindən biridir. Onun saniyədə milyonlarla şahmat mövqeyini hesablaya bildiyi bildirilir.







