“Tesla” şirkətinin baş direktoru İlon Mask illik səhmdarlar yığıncağında bildirib ki, şirkət “Roadster” elektrik avtomobilinin ikinci nəsil seriya versiyasını 2026-cı il 1 aprel tarixində təqdim edəcək. Bu, layihənin ilk dəfə elan olunmasından demək olar ki, doqquz il sonra baş verəcək, “TechCrunch” yazır.
Nəşrin qeyd etdiyinə görə, “Roadster”in 2026-cı ildə təqdim olunacağı vədi daha bir gecikmədir. Xatırladaq ki, 2025-ci ilin noyabr ayının əvvəlində Mask Cоe Rоganın podkastında avtomobilin ilin sonuna qədər nümayiş etdiriləcəyini söyləmişdi.
Mask həmçinin bildirib ki, yeni “Roadster” əvvəl göstəriləndən kəskin fərqli olacaq. İş adamı təqdimat tarixinin seçilməsini belə izah edib: bu tarix ona “inkar imkanı” verir və əgər təqdimat yenə təxirə salınsa, “sadəcə zarafat etdiyini” deyə biləcək. O, həmçinin əlavə edib ki, “Roadster”in istehsalı təqdimatdan 12–18 ay sonra başlayacaq.
2025-ci ilin oktyabrında “OpenAI” şirkətinin rəhbəri Sem Altman sosial şəbəkələrdə paylaşım edərək, 2018-ci ildə öncədən sifariş etdiyi “Tesla Roadster” üçün ödədiyi 50 min dolların ona qaytarılmasını xahiş edib. O, “bu avtomobili çox istədiyini” və gecikmələri başa düşdüyünü qeyd edib, lakin “7,5 illik gözləmə artıq çoxdur” deyib.








