“Twitter”in rəhbəri İlon Mask sosial şəbəkə hesabındakı ödənişli abunəçilər sayəsində ayda təxminən 100 min dollar alacaq.
Məlumata görə, “Twitter”sahibinin profilində azı 24.7 min aktiv ödənişli abunəçi var. Və əgər Maskın 24.7 min abunəçisi varsa, o, ayda 98.8 min dollar qazanacaq. Milyarder əmin edib ki, onun hesabına ayda 4 dollara abunə olan “Twitter” istifadəçiləri bir neçə həftədən bir “ondan nəyi istəsələr soruşa” biləcəklər.
Maskın sözlərinə görə, monetizasiyanın köməyi ilə sosial şəbəkədə müəlliflər abunəçilərə eksklüziv məzmun, o cümlədən məqalələr, uzun videolar və şəxsi çatlar təqdim edə biləcəklər. Abunəçilər həmçinin xüsusi nişanlar alacaqlar.
Qeyd edək ki, hazırda Maskın sərvəti təqribən 165 milyard dollar dəyərindədir.
O, “Twitter” ilə yanaşı “Tesla”, “SpaceX”, “The Boring Company” və “Neuralink” də daxil olmaqla daha dörd şirkətə sahibdir.