Çox güman ki, “Qazprom” oktyabrın 1-dən Moldova üçün qazın qiymətini endirməyəcək.
Bu barədə Moldovanın prezidenti Maya Sandu bildirib.
Məlumata görə, “Qazprom” və “Moldovaqaz” arasında müqavilə qazın qiymətinin hesablanması üçün iki düstur nəzərdə tutur. Aprel-sentyabr aylarında qiymət əvvəlki ay üçün qazın orta aylıq qiymətinin 70%-i (TTF indeksi üzrə) və neft səbətinin qiymətinin 30%-i bazasında formalaşır. Oktyabrdan mart ayına kimi qiymətin 70%-i neft səbətinin, 30%-i isə qazın orta qiymətinin payına düşür.
“Enerji sektorunda “Qazprom”un “Moldovaqaz”la müqaviləni yerinə yetirəcəyinə heç bir zəmanətimiz yoxdur. Bu müqaviləyə əsasən, oktyabrın 1-dən Moldovadan olan istehlakçılar üçün qazın qiyməti əhəmiyyətli dərəcədə aşağı salınmalıdır, müqavilə öhdəliklərinə əməl etmək “Qazprom”un borcudur”, – Maya Sandu qeyd edib.
O əlavə edib ki, Moldova hakimiyyəti istənilən ssenariyə hazırdır və bu qış vətəndaşlara yardım göstərməyə hazırdır.
Qeyd olunur ki, hazırda Moldova enerji qiymətlərinin artması səbəbindən enerji böhranı yaşayır.
Xatırladaq ki, Moldovanın Baş naziri Nataliya Qavrilitsa bu il oktyabrın 10-12-də Azərbaycanın paytaxtında keçiriləcək ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası komissiyasının iclası çərçivəsində Bakıya səfər edəcək. Müzakirə olunan məsələlər arasında Azərbaycandan təbii qazın idxalının mümkünlüyü də var.
Azərbaycan qazı Avropaya Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.