2008-ci il ipoteka böhranını əvvəlcədən proqnozlaşdırmış investor və “The Big Short” filminin baş qəhrəmanının prototipi olan Maykl Byurri süni intellekt bumunun dayanıqlılığı ilə bağlı növbəti dəfə açıq şəkildə şübhələrini ifadə edib. O, X platformasında bir sıra paylaşımlar edərək bir neçə ay əvvəl Nvidia ilə başlanan qiyabi polemikanı davam etdirib.
Nvidia ilə paralellər aparan Byurri 1920-ci illərin “radio maniyası”nı xatırladıb. Həmin dövrdə investor marağı əsasən Radio Corporation of America (RCA) səhmləri ətrafında cəmlənmişdi. 1930-cu illərin əvvəlində isə şirkətin səhmləri pik həddindən minimuma qədər təxminən 98% ucuzlaşmışdı. Halbuki radionun yayılması onilliklər boyu davam etmişdi. “Hətta radionun yarım əsr dominant olacağını əvvəlcədən bilsəydiniz belə, RCA səhmlərindən yenə də pul itirərdiniz”, – deyə Byurri yazıb.
Byurri suallarını digər bigtex şirkətlərinə də ünvanlayıb. O, Oracle Corporation, Alphabet, Meta, Microsoft, Amazon.com və gözlənilmədən Caterpillar şirkətlərini işarələyərək süni intellekt üçün data mərkəzlərinin tikintisinə yönəlmiş hazırkı kapitallaşma supertsiklinin davamlılığını yenidən şübhə altına alıb. Onun fikrincə, bu investisiyalar şirkətlərin sərbəst pul axınının böyük hissəsini udur, nəticədə isə korporasiyalar borclanmanı artırır və qeyri-ənənəvi maliyyələşdirmə alətlərinə əl atır. Bu isə, Byurrinin sözlərinə görə, “guya təcili ehtiyac” və “miqyasın bu xərcləri əsaslandırdığı” arqumenti ilə izah olunur.
“Siz indi xərcləri gizlətmək və mənfəəti dəstəkləmək üçün mühasibat fəndlərinə əl atırsınız, çünki maliyyə göstəricilərinə təzyiq həddindən artıq güclüdür. Hesabatları getdikcə daha mürəkkəb və o qədər də şəffaf olmayan üsullarla düzəliş etməyə məcbur qalırsınız. Bu nə vaxt bitəcək?” – deyə o bildirib.







