1 C
Baku
Saturday, December 14, 2024

MBA-ya qəbul olmaq istəyirəm, hansını seçməliyəm – IELTS, yoxsa TOEFL?

MBA təhsilinə sahib olmaq istəyən demək olar ki, hər bir kəs bu seçimlə qarşılaşır: IELTS, yoxsa TOEFL? Onlardan hansını seçmək lazımdır? Bu məqalədə siz qərar vermək üçün lazım olan bütün məlumatları tapa  bilərsiniz:

– hansı imtahan sizin təhsil və peşə ehtiyaclarınızı ödəyir;

– hansı imtahan sizin tərzinizə daha yaxındır.

Gəlin, seçiminizə təsir edə biləcək faktları nəzərdən keçirək.

Əlçatanlıq

IELTS və TOEFL sertifikatları harada istifadə edilə bilər? Onlar eyni dərəcədə əhəmiyyətlidir, yoxsa yox? Çoxları əmindir: əgər IELTS Avropada yaranıbsa, demək ki, bu imtahan ABŞ universitetləri üçün uyğun deyil. Eyni səbəbdən çox insan TOEFL-in İngiltərə, Avstraliya və ya Yeni Zelandiyada qəbul edilməyəcəyini düşünür. Qeyd edək ki, bu fərziyyələrin heç biri 100% doğru adlandırıla bilməz. Bəzi vacib faktlara nəzər yetirək:

– IELTS dünyanın bütün universitet və kolleclərində qəbul edilir;

– TOEFL Birləşmiş Krallıq çıxmaq şərti ilə hər yerdə tanınır;

– Amerika universitetləri bəzən TOEFL-ə üstünlük verirlər.

İmmiqrasiya məqsədi ilə:

– IELTS General Training – İngiltərə, İrlandiya, Avstraliya, Kanada və Yeni Zelandiyada yaşamaq hüququnu qazanmaq üçün əsas şərtlərdən biridir.

– Əgər Birləşmiş Krallıqda yaşamaq və ya təhsil almaq istəyirsinizsə, IELTS UKVI imtahanını verməli olacaqsınız.

Məsələnin praktiki tərəfi

İmtahanların qiyməti, əlçatanlığı, müntəzəmliyi və nəticələrin əldə olunması prosesi barədə əldə olan məlumatlar:

– qiymət demək olar ki, eynidir;

– IELTS imtahanını dünyanın 140 ölkəsində (1100-dən çox test mərkəzi) vermək olar;

– TOEFL dünyanın hər yerində əlçatandır;

– IELTS ildə 48 dəfə keçirilir, TOEFL – 50;

– hər iki imtahanın cavabı təxminən iki həftə sonra çıxır.

Formatların, məzmunun və bal sisteminin müqayisəsi

Həm IELTS, həm TOEFL imtahanı dörd hissədən ibarətdir: Listening, Writing, Reading və Speaking. Lakin bütün digər məqamlarda – imtahanın müddəti, testlərin məzmunu, üstünlük təşkil edən sual növləri və bal sistemi –  müəyyən fərqlər var. Sonuncudan başlayaraq bütün aspektləri müqayisə edək.

Kompüter, yoxsa kağız?

IELTS namizədləri həm kağız, həm də daha az ənənəvi olan kompüterləşdirilmiş versiyanı seçə bilərlər. Burada nəzərə almaq lazımdır ki, hər iki halda Speaking üz-üzə keçirilir.

TOEFL çox vaxt elektron formada aparılır (bu versiya TOEFL iBT adlanır). Speaking də daxil olmaqla bütün testlər onlayn keçirilir. Qeyd edək ki, İnternetin praktiki olaraq mövcud olmadığı ölkələrdə ildə yalnız dörd dəfə TOEFL imtahanını vermək imkanı var.

Bölmələr, imtahanların növləri və müddəti

– Daha əvvəl də qeyd edildiyi kimi, IELTS-in iki növü var: General Training (potensial immiqrantlar və xaricdə işləmək istəyənlər üçün) və Academic. Hər iki versiya üç hissədən ibarətdir – Reading, Listening və Writing – üçü də bir gündə keçirilir. Ümumilikdə test 2,5 saat davam edir (dinləməyə 30 dəqiqə, digərlərinə isə hərəsinə 60 dəqiqə sərf olunur). Speaking bölməsinə təxminən 15 dəqiqə ayrılır (adətən testin əsas hissəsindən 2-3 gün əvvəl).

– TOEFL iBT imtahanında isə bu kimi ardıcıllığa riayət olunur: Reading, Listening, Speaking və Writing. Testin müddəti imtahanın ilk iki mərhələdəki tapşırıq və sualların sayından asılı olaraq dəyişir. Beləliklə, Reading hissəsinə minimum – 54, maksimum -72 dəqiqə; Listening hissəsinə minimum – 41, maksimum – 57 ayrılır. 10 dəqiqə davam edən qısa fasilədən sonra namizədin şifahi nitqi yoxlanılır, 50 dəqiqə yazıya sərf edilir. Burada belə nəticəyə gələ bilərik ki, imtahanın ümumi müddəti 2 saat 42 dəqiqə ilə 3 saat 16 dəqiqə arasında dəyişir.

Məzmun və sualların növləri

Kollec və ya universitetə qəbul olmaq istəyən hər kəs üçün IELTS Academic və ya TOEFL imtahanından keçmək əsas şərtlərdən biridir. Əvvəlcə Listening və Reading mərhələlərinin müqayisəsini aparaq, sonra Writing və Speaking-ə keçək.

Reading və Listening

IELTS Listening dörd hissədən ibarətdir: sizə dörd səsyazma təklif edilir (hər birinə dair 10 sual verilir). İlk iki səsyazmada gündəlik həyatla əlaqəli olan, son iksində isə akademik mövzular müzakirə olunur. Birinci səsyazmada 2 nəfər, üçüncüdə isə 4 nəfər iştirak edir (2 və 4-cü səsyazma monoloq şəklində keçir). Reading 3 hissədən və ümumilikdə 40 sualdan ibarətdir. Mətnlər müxtəlif mənbələrdən – dərsliklərdən, qəzet və jurnallardan tərtib olunur və daha çox ixtisaslaşmış mövzuları deyil, ümumi sahələri əhatə edir.

– TOEFL testində Listening və Reading mərhələsindəki bütün tapşırıqlar akademik kontekstə əsaslanır. Dinləmənin bir hissəsi olaraq namizədlərə universitet mühazirələri kimi stilize edilmiş 3 və ya 4 qısa nitq və elmi mövzularda (ən çox 2 nəfərin iştirak etdiyi) 2-3 dialoq təklif olunur. Reading bölməsi 3-4 hissəli mətndən (hər biri təxminən 700 söz) ibarətdir, namizədə onlardan hər birinə aid 10 sual verilir.

Tapşırıqların növləri. Burada vacib bir ziddiyyət gözə çarpır. TOEFL-in hər iki mərhələsində yalnız bir düzgün variant seçdiyiniz test suallarından istifadə olunur. IELTS isə daha geniş növdə olan tapşırıqlar təklif edir: cümlənin və ya ifadənin tamamlanması, uyğunluq, doğru və ya yanlış və s.

Speaking və Writing

– IELTS Writing iki tapşırıqdan ibarətdir. Birincisində ən azı 150 sözdən istifadə edərək qrafik şəkildə təqdim olunan bəzi məlumatları (dairəvi qrafiklər, sətir qrafikləri, diaqramlar, planlar və ya xəritələr) təsvir etmək lazımdır. İkinci tapşırıqda ən azı 250 sözdən ibarət olan esse (inşa) yazılmalıdır. Qeyd edək ki, namizədlərə birinci tapşırığa 20 dəqiqə, ikinci tapşırığa isə 40 dəqiqə sərf etmək tövsiyə olunur. Hər iki mətn yüksək peşəkarlar tərəfindən qiymətləndirilir: tapşırıqların yerinə yetirilib-yetirilməməsi, əsaslılıq, leksika, qrammatika və dəqiqlik.

– IELTS Speaking də oxşar qaydalara uyğun olaraq təcrübəli mütəxəssislər tərəfindən yoxlanılır. Burada əsas diqqət namizədin söz ehtiyatı, səlislik, qrammatik konstruksiyaları qurmaq, tələffüz və intonasiyası kimi vacib keyfiyyətlərinə qiymət verilir. Ümumilikdə Speaking üç hissədən ibarət olur: birinci mərhələdə (beş dəqiqə davam edir) namizədlər ümumi xarakterli sualları cavablandırır, ikinci hissəsə verilmiş mövzuda iki dəqiqəlik monoloq aparır, üçüncü mərhələdə isə namizəd və imtahan alan şəxs arasında dialoq qurulur.

– TOEFL Writing bölməsi iki hissədən ibarətdir: 20 dəqiqə sərf edəcəyiniz “inteqrasiya edilmiş tapşırıq” və 300-350 sözdən ibarət inşa.

– TOEFL Speaking dörd mərhələdən təşkil olunub. Onlardan üçü “inteqrasiya edilmiş tapşırıqlar”dan ibarətdir: bir şeyi dinləmək və ya oxumaq, 15-30 saniyəlik hazırlıqdan sonra müəyyən mövzuda qısa monoloq söyləmək (dördüncü hissə müstəqildir).

Balların hesablanması

– IELTS 0-dan 9-a qədər olan şkala üzrə qiymətləndirilir. Listening və Reading mərhələsində ballar düzgün cavabların sayına görə hesablanır. Writing və Speaking-də qiymət yuxarıda göstərilən dörd meyara görə aldığınız balların ortalamasından formalaşır.

– Çox vaxt universitetə qəbul olmaq üçün IELTS imtahanından ən azı 6.0 bal toplamaq lazımdır, əgər prestijli təhsil ocağından danışırıqsa – 7.0 və daha çox.

– TOEFL isə 120 ballıq şkala üzrə qiymətləndirilir. Hər bir maksimum 30 bal toplamaq mümkündür.

– Müqayisə üçün: IELTS-də 7.0-8.0 bal TOEFLdə 95-120 bala bərabərdir. Hər iki göstərici CEFR şkalası üzrə C1 səviyyəsinə uyğun gəlir. Daha yüksək qiymət (8.5-9.0) namizədin ikidilli oldugunu göstərir və CEFR-də C2 səviyyəsinə bərabər olur.

Seçim edin

IELTS və TOEFL ingilis dili biliyini qiymətləndirmək üçün dünyanın ən etibarlı və nüfuzlu testləridir. Sizin seçiminiz həm şəxsi istəyinizdən, həm də müəyyən şərtlərdən asılı olaraq dəyişə bilər. Birinciyə canlı ünsiyyət sevgisi və ya qələm və kağızdan çox, klaviatura və ekran istifadə etmək vərdişi misal ola bilər. Unutmayın ki, IELTS və TOEFL haqqında daha çox məlumat öyrənməyin ən yaxşı yolu – rəsmi saytları ziyarət etmək və sınaq imtahanlarda iştirak etməkdir.

 

 

Son xəbərlər
Digər xəbərlər