“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji yol Xəritəsi”nin “Maliyyə bazarlarının inkişafı” sərlövhəli 2-ci strateji hədəfi çərçivəsində müəyyən edilmiş tədbirlərin icrası davam etdirilir.
Bununla əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasında “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin (AFBİA) üzvləri olan 7 investisiya şirkəti, Bakı Fond Birjası və Milli Depozit Mərkəzinin nümayəndələri ilə görüş keçirildi.
Palatanın Baş İcraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilmiş görüşün əsas məqsədi kapital bazarlarının inkişaf etdirilməsi istiqamətində müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün bazar iştirakçıları ilə effektiv koordinasiyanın və sıx əməkdaşlığın qurulması idi.
Kapital bazarlarının inkişafının prioritet məqsəd olduğunu vurğulayan İ. Alışov bu sahənin inkişafına mane olan amillər, habelə bazarın beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və bazarda aktivliyin artırılması istiqamətində təklifləri tədbir iştirakçıları ilə müzakirə etdi.
AFBİA-nın üzvləri ilə bazarda ticarət olunan alət çeşidinin genişləndirilməsi, iri dövlət müəssisələri və korporativ təşkilatların kapital bazarlarından maliyyələşməyə cəlb edilməsi, şirkətlərin bazarda iştirakının stimullaşdırılması üzrə onlara vergi güzəştlərinin verilməsi, bazarda likvidliyin və dərinliyin yaranmasında mühüm rol oynayan institusional investorların (investisiya fondları, özəl pensiya fondları) formalaşdırılması və xarici investorların yeli bazarda iştirakının təşviq edilməsi məsələləri üzrə interaktiv müzakirələr aparıldı.
Müzakirələrin yekununda İ. Alışov tərəfindən kapital bazarlarında aktivliyin artırılması, səhm bazarının inkişafı və İPO-ların həyata keçirilməsi, xarici investorların bazarda iştirakının artırılması istiqamətində Euroclear və Clearstream kimi beynəlxalq depozitarlarla əlaqələrin qurulması və xarici kastodianların yerli bazara cəlb edilməsi kimi strateji yol xəritəsində müəyyən edilmiş tədbirlərin effektiv icrasının təmin edilməsi istiqamətində müvafiq tapşırıqlar verildi.
Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az və [email protected] ünvanına müraciət edə bilərlər.