İntuisiya bizə deyir ki, əksər biznes modelləri “əla məhsul yarat və digər istehsalçılarla rəqabət apararkən onu sat” prinsipi əsasında qurulub. Bu modeldə istehsalçı məhsulun satışından pul alır. Əslində, həmişə belə olmur.
Bu yazıda sizə “McDonald’s”, “ZARA” və “Ray-Ban”ın əslində necə pul qazandığını göstərəcəyik. Ehtimal ki, hər şey sizin düşündüyünüz kimi deyil.
McDonald’s
Bildiyimiz kimi, “McDonald’s” yemək satır. Bəs o, əsas gəliri haradan əldə edir? Hamburgerlərdən? İçkilərdən? Souslardan? Yox. Bəlkə, françayzidən gələn royaltidən? Yenə yox.
Dünyada 40 mindən çox “McDonald’s” var və onların əksəriyyəti (93%) franşiza ilə işləyir. Yəni, “McDonald’s” restoranlarının 93%-i “McDonald’s” korporasiyasının özünə deyil, françayzilərə aiddir.
Təbii ki, restoranın fəaliyyətə başlaması və inkişaf etməsi farçayzinin boynuna düşür. Bu xərclərə həmçinin binaların icarəsi də daxildir. Bəs françayzilər yeri harada icarəyə götürürlər? Bir qayda olaraq, “McDonald’s” korporasiyasının özündə.
Deyirlər ki, bu ideya “McDonald’s”ın ilk prezidenti və baş direktoru, maliyyə müşaviri Harri Sonneborna məxsusdur. Məhz Sonneborn başa düşdü ki, avadanlığın və yeməklərin satışından deyil, icarədən pul qazanmaq daha sərfəlidir. Beləliklə, “McDonald’s” françayzilərdən torpaq və binalar almağa və onları icarəyə verməyə başladı.
Şərtlər belə idi: françayzilər korporasiyaya icarə haqqının 40% və ya dövriyyənin 5%-ni ödəməlidirlər. Bu sxemin dahiliyi ondan ibarətdir ki, “McDonald’s” torpaq və binaları sabit qiymətə alır və dəyişən qiymətə (restoran qiymətlərindən, dövriyyədən, bazar şəraitindən və s. asılı olaraq) icarəyə verir.
Başqa sözlə desək, zaman keçdikcə françayzilər daha çox ödəniş edirlər və McDonald’s daha çox qazanır.
Sonneborn deyib: “Bizim işimiz iaşə deyil. Bizim işimiz daşınmaz əmlakdır. 15 sent qiymətinə hamburger satmağımızın yeganə səbəbi – onların icarəçilərimiz üçün ən yaxşı gəlir mənbəyi olmasıdır”.
Gəlirdən danışırıqsa, 56% françayzilərin, 42% isə restoranların payına düşür. Göründüyü kimi, cəm 100%-dən azdır, çünki şirkətin başqa gəlir mənbələri də var. Və burada deyə bilərsiniz: “Ha-ha, gəlirin yalnız yarıdan bir qədər çoxu françayzilərin payına düşür. Nə danışırsınız?”. Fakt budur ki, “McDonald’s”ın öz restoranlarında satışın gəlirliliyi 18%, françayzinqli restoranlarda isə 82% təşkil edir.
Bir də bu aspekti düşünün – torpağın “McDonald’s”dan əvvəlki dəyəri və sonrakı. Əlbəttə ki, bu da icarə haqqını müəyyən edir.
Ola bilsin ki, lənətə gəlmiş kapitalistlər sizin və bizim bütün bunları bilməyimizi istəməzdilər, amma xoşbəxtlikdən, eyni lənətə gəlmiş kapitalistlər illik hesabat təqdim etmək qaydasını ortaya çıxarıblar.
ZARA
Söhbət “ZARA” deyil, onun “Bershka”, “Massimo Dutti”, “Oysho”, “Pull & Bear”, “Stradivarius” və “Uterqüe” brendlərinin sahibi olan ana şirkəti “Inditex” haqqında gedəcək.
“Inditex”in biznes modeli şaquli inteqrasiyası ilə diqqət çəkir: şirkət inkişafa (dizayn), istehsala, logistikaya, paylanmaya və satışa nəzarət edir. Ümumiyyətlə, o, heç kəsi yaxına buraxmır və bütün pulları öz daxilində saxlayır.
Eyni zamanda, “Inditex” həm də aşağı reklam xərcləri ilə tanınır. Bəlkə də, haradasa “ZARA” reklamını görmüş ola bilərsiniz, lakin onun reklam büdcəsi orta bazar qiymətindən xeyli aşağıdır (3.5%-ə qarşı 0.3%). Məsələ burasındadır ki, “Inditex” reklamdan deyil, məkandan asılıdır. Əlverişli məkan yaxşı trafik və satış deməkdir. Məkan üçün nə lazımdır? Düzdür, binalar, yəni daşınmaz əmlak. Bəs 7200 “Inditex” (onlardan 2000-i “ZARA”dır) mağazasının yerləşdiyi binaların bir hissəsi kimə məxsusdur? “Pontegadea” şirkətinə. Bəs “Pontegadea” kimə məxsusdur? İspan iş adamı Amansio Orteqaya. Amansio Orteqa nə ilə məşhurdur? O, “Inditex”in qurucusudur.
Beyniniz qarışdı? Baxın: “Pontegadea” – Orteqanın aktivlərini idarə edən təşkilatdır. O, “Inditex”də 59.29% paya nəzarət edir və həmçinin 15 milyard avro dəyərində daşınmaz əmlaka sahibdir. Bu əmlak “Inditex”in özünə icarəyə verilir. Beləliklə, deyə bilərik ki, “Pontegadea” “Inditex”dən əldə etdiyi dividendlərə daşınmaz əmlak alır və sonra onu yenidən “Inditex”ə icarəyə verir.
Luxottica
“Gözləyin, axı “Ray-Ban” haqqında danışacaqdıq!”. Səbirli olun, məhz onun haqqında danışacağıq. Fransanın “Essilor” şirkəti ilə birləşən “Luxxottica” indi “EssilorLuxottica” adını daşıyır. Bu, biznes modeli şaquli inteqrasiyaya əsaslanan daha bir böüyk şirkətdir.
Şirkət linzalar, zəif görməni korreksiya edən və yalnız aksesuar kimi istifadə olunan günəş eynəkləri (həmçinin “Ray-Ban” da) istehsal edir. Bir çoxları “Luxottica”nı monopoliya adlandırır və onun eynək və linzalar bazarındakı payını 80%-ə qədər qiymətləndirir.
Bəlkə də, “Luxottica” haqqında heç vaxt eşitməmisiniz, amma indi sizə onun sahib olduğu və ya lisenziya ilə istehsal etdiyi markaları təqdim etmək istəyirik:
Yuxarıdakı markaların siyahısına baxın. Əgər siz 27 iyun 2022-ci il tarixindən əvvəl bu siyahıdan eynək almısınızsa, o zaman pulunuz Leonardo Del Vekkyonun cibinə düşüb – məhz o, “Luxottica”nın 66%-nə sahib olub. Dahilik ondan ibarətdir ki, hansı markanı seçməyinizdən asılı olmayaraq, pulunuzu eyni insanlar alır.
Əlbəttə ki, bu sxem yeni deyil və bir çox şirkət ondan istifadə edir – “Volkswagen”dən tutmuş “Starbucks”a qədər.
Sözsüz ki, bu biznes modelin “Rolls-Royce (təyyarə mühərrikləri), “Playstation”, “Gillette”, “Hilti” və s. kimi “əks-intuitiv” digər nümunələr də var, lakin onlar haqqında növbəti dəfə danışacağıq.