6 C
Baku
Sunday, December 15, 2024

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

®“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

İnformasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Medianın İnkişafı Agentliyi (MEDİA) olub. Agentlik “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure-as-a-Service) virtual server xidmətini əldə edib. MEDİA informasiya sistemlərini tam olaraq “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

Eyni zamanda Medianın İnkişafı Agentliyi üçün məlumatların təhlükəsiz saxlanılması məqsədilə BaaS (Backup-as-a-Service) – rezervlənmə bulud xidmətinin göstərilməsi və daha çevik və sadə idarəetmənin təmin olunması ilə əlaqədar olaraq “Veeam” platformasının yaradılması ilə bağlı razılığa gəlinib.

Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.

Son xəbərlər
Digər xəbərlər