Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olmuşdur. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar 2020-ci ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınmış, ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 69,8 faiz azalaraq 806,0 min olmuşdur.
Cari ilin yanvar-sentyabr aylarında mehmanxanalarda keçirilmiş gecələmələrin 56,0 faizi Bakıda, 10,7 faizi Qəbələdə, 6,1 faizi Qusarda, 4,9 faizi Qubada, 3,6 faizi Naftalanda, 2,8 faizi Lənkəranda, 2,5 faizi Naxçıvan Muxtar Respublikasında, 1,4 faizi Şabranda, hər birində 1,1 faiz olmaqla Mingəçevirdə, Qaxda və Xaçmazda, 0,8 faizi Gəncədə və 7,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 78,8 faiz azalaraq 370,5 min olmuşdur ki, bu da ümumi gecələmələrin 46,0 faizini təşkil edir. Gecələmələrin 15,2 faizi Rusiya Federasiyası, 10,4 faizi Səudiyyə Ərəbistanı, 10,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 7,3 faizi Türkiyə, 6,1 faizi Hindistan, 6,0 faizi Böyük Britaniya, 4,6 faizi Küveyt, 3,2 faizi İsrail, 3,1 faizi İran, 2,2 faizi ABŞ, 1,8 faizi Qətər, 1,7 faizi Almaniya, 1,6 faizi İraq, 1,5 faizi İtaliya,1,4 faizi Pakistan, 1,4 faizi Qazaxıstan, 1,3 faizi Ukrayna, 1,0 faizi Gürcüstan, 1,0 faizi Belarus, 18,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 76,6 faizi Bakıda, 6,7 faizi Qusarda, 4,6 faizi Qəbələdə, 4,2 faizi Naftalanda, 3,5 faizi Naxçıvan Muxtar Respublikasında, 2,3 faizi Qubada, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 52,8 faiz azalaraq 435,5 min olmuşdur.
Cari ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 71,6 faiz azalaraq 94,9 milyon manat olmuşdur ki, onun da 58,9 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 29,6 faizi ictimai iaşə xidmətlərindən, 2,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,6 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2020-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,0 faiz səviyyəsində olmuşdur (2019-cu ilin yanvar-sentyabr aylarında 23,6 faiz). Beləliklə, 2020-ci ilin 9 ayında otellərdəki yataq yerlərinin 93%-i boş qalıb.Bu göstərici Beyləqanda 24,0 faiz, Naftalanda 17,3 faiz, Qəbələdə 13,3 faiz, Şabranda 12,1 faiz, Qubada 11,2 faiz, Bakıda 10,0 faiz, Biləsuvarda 9,7 faiz, Qusarda 9,6 faiz, Göyçayda 9,3 faiz, Sabirabadda 8,9 faiz, Şəmkirdə 8,9 faiz, Lənkəranda 7,8 faiz, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.