10 C
Baku
Saturday, November 23, 2024

Meliorasiya və Su Təsərrüfatında yoxlamaların nəticələri: Dövlət şirkətinin pulları necə xərclənib?

Hesablama Palatası-nin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasına dair aparılmış uyğunluq auditi 01.01.2020-ci il tarixindən 01.01.2022-ci il tarixinədək olan dövrü əhatə edib.

Öncədən billdirək ki, ASC-ni İdarə Heyətinin sədri 2006-cı ildən 2021-ci ilin 5 aprelinə qədər Əhməd Əhmədzadə, həmin tarixdən sonra isə Zaur Mikayılovdur.

Palata qeyd edir ki,  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeli strukturu kimi İdarəyə dövlət büdcəsindən ayrılmış vəsaitlərin həcmi ümumilikdə 70 milyon 859.8 min manat, o cümlədən 2020-ci il üzrə 36 milyon 696.6 min manat, 2021-ci il üzrə 34 milyon 163.2 min manat təşkil etməklə, 95,0%-ə yaxın hissəsi maşın, mexanizm, avadanlıq, qurğu, texnika və digər maddi qiymətlilərin alınmasına yönəldilmişdir.

Qeyd edilir ki, İdarə uzun illərdir ki, meliorasiya sisteminin geniş coğrafiyalı şəbəkəsi üzrə dövlət satınalmalarının yerinə yetirilməsi və təchizat işlərinin həyata keçirilməsi sahəsində ixtisaslaşmışdır.

Nazirlər Kabinetinin 17.06.2006-cı il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş Cəmiyyətin strukturunda İdarə kimi təsbit edilməsinə, meliorasiya və su təsərrüfatının maddi-texniki bazasının formalaşdırılması və gücləndirilməsi işlərində faktiki olaraq mərkəzi anbar və təminat-təchizat funksiyalarını yerinə yetirməsinə, eləcə də müstəqil qərarvermə imkanlarının mövcud olmamasına baxmayaraq, İdarə auditlə əhatə olunan dövrdə kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən təşkilati-hüquqi forması “Digər kommersiya təşkilatı” qismində 06.10.1994-cü il tarixində dövlət qeydiyyatına alınmış 1000444591 nömrəli VÖEN altında ayrıca qurum (hüquqi şəxs) kimi fəaliyyət göstərmişdir ki, bu, eyni zamanda Azərbaycan Prezidentinin 23.02.2006-cı il tarixli 372 nömrəli “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmanından irəli gələn institusional təkmilləşdirmə tələbləri ilə də uyğunsuzluqlar yaradıb.

Eyni zamanda, İdarə ayrıca qurum (hüquqi şəxs) kimi fəaliyyət göstərsə də, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək, istər Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, istərsə də İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları və uçot qaydalarına uyğun maliyyə hesabatlarının tərtib olunması təmin edilməyib.

İdarənin ASC tərəfindən 01.02.2019-cu il tarixində təsdiq edilmiş Əsasnaməsinin 2.2- ci yarımbəndində avadanlıq və materialların alınmasının tender və kotirovka vasitəsi ilə həyata keçirməsinin İdarənin vəzifə öhdəliyi kimi əks etdirilməsi şəraitində auditlə əhatə olunan dövrdə dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitləri həddində satınalma prosedurlarını, o cümlədən avadanlıq və materiallara olan tələbatın müəyyənləşdirilməsini, ehtimal olunan qiymətlərin hesablanmasını, bilavasitə satınalma prosesinin təşkilini ASC-nin müvafiq əmri ilə yaradılmış ASC-nin nümayəndələrindən ibarət tender komissiyası yerinə yetirmiş, İdarə isə bağladığı (imzaladığı) satınalma müqavilələri üzrə malları qəbul edərək ASC-nin sərəncamlarına əsasən tabeli qurumlarına ötürülməsini (təqdim edilməsini) təmin etmişdir.

Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına dövlət satınalmalarının planlaşdırılması və ehtimal olunan qiymətlərin hesablanması prosedurları (o cümlədən, məlumatları sərbəst şəkildə toplamaq imkanları) çərçivəsində zəruri marketinq işlərinin təşkil edilməməsi, alınması nəzərdə tutulan malların istehsalçılar üzrə qiymətlərinin müəyyənləşdirilməməsi, potensial xarici tərəfdaşlarla birbaşa (vasitəçilərsiz) münasibətlərin qurulmaması, ehtimal olunan qiymətlərin idxalçı və (və ya) fəaliyyəti dayandırılmış və (və ya) vasitəçi rezident hüquqi şəxslər üzrə rəsmiləşdirilmiş qiymət təkliflərinin hesabına formalaşdırılması müvafiq xərc istiqamətlərində adı çəkilən Qanunun dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsini müəyyən edən müddəalarına riayət edilməməklə əlavə xərclərin yaranmasını şərtləndirib.

Eyni zamanda, aktivlərin zəruri meyarlar üzrə müasir tələblərə cavab verən elektron (avtomatlaşdırılmış) uçotunun mövcud olmaması ASC-nin sistemi üzrə maşın, mexanizm, avadanlıq, qurğu, texnika və digər maddi qiymətlilərə real tələbatın müəyyənləşdirilməsində təhriflərə yol verilməsini qabaqcadan şərtləndirmiş, o cümlədən illik tələbatın qarşılanması üçün satın alınacaq malların planlaşdırılması prosesində müvafiq tabeli qurumlarda istifadəsiz qalmış ehtiyatların tərkibinin, çeşidinin və miqdarının müəyyənləşdirilməsi və nəzərə alınması təmin edilməyib, İdarənin anbar qalıqlarının həcmi 2020-2021-ci illərdə ehtiyatlar üzrə müvafiq olaraq 50.4% və 2.8 dəfə, uzunmüddətli aktivlər üzrə isə müvafiq olaraq 2.5 dəfə və 31.0% artmışdır.

Alınmış ehtiyatların və uzunmüddətli aktivlərin illər üzrə istismara buraxılmadan anbar qalığında saxlanılması eyni zamanda, satınalmaların şərtlər toplusunda və bağlanmış müqavilələrin şərtlərində göstərilən texniki təminat müddətinin bitməsini, tabeli strukturlara ötürüldükdən sonra isə təmir məsrəflərinə vəsaitlərin xərclənməsini şərtləndirməklə texniki təminat müddəti ərzində dövlət büdcəsinin vəsaitlərinə qənaət imkanlarını da məhdudlaşdırıb.

Palata bildirir ki, dövlət satınalmalarını və digər əlaqəli prosedurları tənzimləyən hüquqi aktların tələblərinə riayət edilməyərək, ehtimal olunan qiymətlərin hesablanması üçün şifahi sorğulara cavab kimi müəssisələr tərəfindən ünvanlanan qiymət təkliflərinin (məktubların) müvafiq qaydada qeydiyyata alınması təmin edilməmiş, bəzi hallarda ehtimal olunan qiymətlərin müəyyənləşdirilməsində malların zəruri texniki və keyfiyyət xüsusiyyətlərinin düzgün müəyyənləşdirilməməsinə, satınalmaların yekun protokollarının aidiyyəti üzrə göndərilməsinin gecikdirilməsinə, satınalmaların nəticələrinin müvafiq internet saytında yerləşdirilməməsinə, istehsal illəri satınalmaların şərtlər toplusuna və müqavilə şərtlərinə uyğun olmayan xüsusi təyinatlı texnikaların qəbul edilməsinə yol verilib.

Dövlət satınalmaları çərçivəsində bağlanmış müqavilələrin şərtlərinə uyğun olmayan, o cümlədən mənşə ölkəsi, markası və texniki parametrləri fərqli (daha ucuz) olan, dəst halında nəzərdə tutulsa da, komplektləşdirilməsi natamam olan, quraşdırma işləri faktiki olaraq yerinə yetirilmədiyi hallarda həmin işlərin qiymətlərin tərkibinə daxil edilən malların, eləcə də təkrarən sənədləşdirilmiş müvafiq təmir işlərinin alışının rəsmiləşdirilməsi nəticəsində 207.0 min manata yaxın məbləğdə vəsait artıq ödənilib.

KÖHNƏ NASOSU TƏZƏ NASOS ADI İLƏ…

Eyni zamanda, auditin gedişatında aidiyyəti qurumların müvafiq anbar və istehsalat sahələrində seçmə qaydada həyata keçirilmiş əyani müşahidələrlə dəyəri ümumilikdə 410 min manata yaxın məbləğdə olan nasos dəstlərinin və digər avadanlıqların alışının rəsmiləşdirilmiş müqavilə şərtlərinə tam uyğun olmadığı, o cümlədən uzun müddət istismar olunduğu, yeni avadanlıqlara tam və ya qismən bənzəmədiyi aşkar olunub. Toplanmış audit sübutları həmçinin, dövlət əmlakının dövlət sektoru kontekstində sağlam idarə edilməsi baxımından aktivlərin zəruri meyarlar üzrə müasir tələblərə cavab verən elektron (avtomatlaşdırılmış) uçotunun mövcud olmamasını, İdarə tərəfindən Cəmiyyətin sərəncamlarına əsasən elektron qaimə-fakturalarla rəsmiləşdirilmədən təqdim edilən aktivləri qəbul edən vergi ödəyiciləri kimi dövlət qeydiyyatı ayrı olan tabeli regional qurumlarında (yəni, dövlət əmlakının faktiki balanssaxlayıcılarında, istismarçılarında) həmin aktivlərin (əsas vəsaitlərin) uçotunun qanunvericiliklə müəyyən edilmiş meyarlar, o cümlədən kateqoriyalar, adlar və adlara uyğun dəyərlər üzrə ayrı-ayrılıqda aparılmadığını göstərmişdir.

ASC-nin strukturunda ayrıca qurum (hüquqi şəxs) kimi fəaliyyət göstərən İdarə üzrə 14.12.2020-ci il tarixində 1.1 min manat məbləğində 1 ədəd “1C Hesabdar proqram təminatı”nın və 0.5 min manat məbləğində həmin proqram təminatına texniki dəstək xidmətlərinin alınmasına (dəyərinin ödənilməsinə) baxmayaraq, auditlə əhatə olunan dövrdə İdarə üzrə maliyyə (mühasibat) uçotunun avtomatlaşdırılması başa çatdırılmamış, daxili nəzarət mühitinin şəffaflığını artıran maliyyə uçotunun elektronlaşdırılması üçün Cəmiyyət tərəfindən mərkəzləşdirilmiş təsirli daxili nəzarətin təşkili təmin edilməmiş, konsolidə edilən maliyyə hesabatlarının müasir tələblərə cavab verməyən üsullarla tərtibinə üstünlük verilməklə təhrif olunma risklərinin qarşısı alınıb.

Son xəbərlər
Digər xəbərlər