19 C
Baku
Sunday, May 19, 2024

Menecment və idarəetmənin xüsusiyyətləri

Menecment konkret bazar şərtləri və ya bazar iqtisadiyyatı şəraitində özünəməxsus idarəetmə metodunu ehtiva edir. Bu, biznes təşkilinin ən optimal variantının əldə olunması məqsədilə şirkəti bazar ehtiyacı və bazar tələbatına oriyentasiya edir, xərclərin azaldılması yolu ilə istehsal effektivliyi göstəricisinin daimi artımına istiqamətləndirir. 

İdarəetmə – şirkətin özünün məqsədlərini formalaşdırmaq və ona nail olmaq məqsədilə planlaşdırma, motivasiya, nəzarət və təşkiletmə proseslərindən ibarətdir. Idarəetmənin mahiyyəti şirkət qarşısında duran məqsədlərə nail olmaq üçün mövcud resurslardan (torpaq, əmək, kapital və s) daha optimal istifadəyə əsaslanır.

Eləcə də idarəetməni eyni anda bir neçə bir-birilə qarşılıqlı əlaqəli olan funksiyaların realizə olunması kimi də qiymətləndirmək olar:

  • Nəzarət
  • Işçilərin motivasiyası
  • Təşkiletmə
  • Planlaşdırma

Planlaşdırma funksiyası vasitəsilə bu və ya digər təşkilatın konkret məqsədləri, eləcə də təşkilat qarşısında duran həmin məqsədlərə nail olmağın ən effektiv metodları müəyyən olunur. Hazırda bu funksiyanın ən vacib elementləri qismində inkişafın ehtimal olunan istiqamətləri üzrə proqnozlar, eləcə də strateji planlaşdırma çıxış edir.

Təşkiletmə funksiyası təşkilat strukturunun formalaşdırılması və onun personal, istehsal vasitələri, kapital, material, resurs və s. təminatı ilə məşğul olur. Sadə şəkildə desək, bu mərhələdə əvvəl qoyulmuş məqsədlərə çatmaq üçün şərait yaradılır.

Motivasiya prosesi digər insanların məqsədə çatmağa istiqamətlənmiş fəaliyyətinin xüsusi formada həvəsləndirilməsidir. Bu zaman rəhbərlik təşkilat işçilərinin professional yüksəlişinə nail olmaq və ya bu keyfiyyətinin üzə çıxması məqsədilə onların maddi və mənəvi formada stimullaşdırılmasını həyata keçirir.

Nəzarət funksiyası bu və ya digər təşkilatın əldə olunmuş nəticələrinin effektivliyinin qiymətləndirilməsi və analizin həyata keçirilməsini özündə birləşdirir. Bu funksiya sayəsində qarşıya qoyulmuş məqsədlərə nail olma səviyyəsini qiymətləndirmək, eləcə də sonrakı fəaliyyət üzrə bir sıra düzəlişlər həyata keçirmək mümkündür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər