®“Meqa Sığorta” ASC Avstriyanın ən böyük beynəlxalq sığorta qrupu olan “Vienna Insurance Group” şirkətlər qrupuna daxil olan “VİG Re” şirkəti ilə əməkdaşlığa başlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, “Meqa Sığorta” şirkəti ilə VİG Re şirkəti arasında əmlak sığortası, eləcədə katastrofik risklərin təkrarsığortası üzrə obliqator təkrarsığorta müqaviləsi bağlanmışdır.
Əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən “Meqa Sığorta” ASC tərəfindən sığortalanmış əmlak sığortası sinifləri üzrə risklər (əmlakın yanğından və digər risklərdən sığortası, daşınmaz əmlakın icbari sığortası, tikinti-quraşdırma risklərinin sığortası, podratçının maşın və avadanlıqlarının sığortası və s.) 5 mln AZN həddində VİG Re təkrarsığorta şirkətinə ötürüləcək. Bundan əlavə yeni əməkdaşlıq müqaviləsi çərçivəsində Meqa Sığorta zəlzələ, sel-daşqın və digər təbii fəlakətlər nəticəsində yarana biləcək katastrofik hallardan da təkrarsığorta müdafiəsi əldə edib.
Qeyd edək ki, dünyanın 30-dan çox ölkəsində, 30 mindən çox əməkdaşı olan Vienna Insurance Group Mərkəzi və Şərqi Avropanın ən iri sığorta qrupu hesab olunur və şirkətin maliyyə dayanıqlığı reytinqi Standard & Poor’s tərəfindən A+ olaraq təsdiq edilmişdir.
“Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 36 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə Azərbaycan sığorta bazarının lider şirkətlərindən biridir.