Almaniya istehsalı, populyar avtomobil brendi “Mercedes-Benz” İranda istehsala başlayacaq.
“Iran Front Page”ə istinadən, İranın yeni il təqvimi ilə (21 mart) ən böyük avtokonsern “Daimler AG” adıçəkilən ölkədə “Mercedes-Benz”in E-klass avtomobillərini istehsal edəcək.
Şirkət bir ildə 2500 ədəd “Mercedes-Benz” E-klass avtomobili istehsal etməyi planlaşdırır. Avtomobillərin 20%-i İranda yaradılacaq. Avtomobilin qalan hissələri isə sökülmüş şəkildə təslim ediləcək və yerli konveyerlərdə yığılacaq.
Tərəflər hələ 2016-cı ilin yanvarında razılıq əldə ediblər. Belə ki, “Daimler AG” “Khodro Diesel” və “Mammut Group” arasında “Hərtərəfli qayıdış” haqqında müqavilə imzalanıb.
Qeyd edək ki, “Mercedes-Benz” İranla 1950-ci illərdə əməkdaşlıq edərək ildə 10 min avtomobil satırdı. Amma 2012-ci ildə İrana qarşı sanksiyalar səbəbindən bu ölkə ilə olan əməkdaşlıq dayandırılmışdı. Sentyabrda “Mercedes-Benz” “Iran Khodro” şirkəti ilə İranda avtomobil istehsalının yenilənməsi haqqında müqaviləni imzaladı.
İran beynəlxalq avtomobil istehsalçıları üçün cəlbedici bazardır. 2016-ci ilin yanvarında İrana qarşı sanksiyaların ləğv edilməsindən sonra “PSA” və “Renault” fransız avtomobil istehsalçıları səy göstərdilər ki, yerli bazarda əvvəlki mövqelərini geri qaytarsınlar.