Almaniyanın “Mercedes-Benz” şirkəti dizayn üzrə direktoru Qordon Vaqenerin vəzifəsindən getdiyini açıqlayıb. Onun yerini 1 fevral 2026-cı ildən etibarən bundan əvvəl lüks idman avtomobillərinin istehsalı ilə məşğul olan “Mercedes-AMG” bölməsinin dizayn üzrə direktoru olmuş Bastian Bodi tutacaq.
Cənab Vaqener 28 il ərzində “Mercedes-Benz”in dizaynı ilə məşğul olub. Şirkətdə fəaliyyətə başlamazdan əvvəl o, “Volkswagen”, “Mazda” və “General Motors”da avtomobil dizaynı sahəsində çalışıb.
Alman KİV-lərinin qeyd etdiyinə görə, o, təxminən üç onillik ərzində şirkətin korporativ üslubunu və dizayn mədəniyyətini formalaşdırıb, həmçinin “Mercedes-Benz”in seriya modellərinin dizaynını köklü şəkildə dəyişib. Ekspertlərin fikrincə, Vaqenerin rəhbərliyi dövründə şirkətin avtomobil dizaynı daha konservativ nümunələrdən uzaqlaşaraq daha ekspressiv və emosional xarakter alıb.
“Mercedes-Benz” digər alman avtomobil istehsalçıları kimi tələbin azalması, xərclərin artması, Çin şirkətləri tərəfindən rəqabətin güclənməsi, ABŞ-nin idxal rüsumlarının yüksəlməsi və digər problemlərlə üzləşir. Şirkətin üçüncü rübdə xalis mənfəəti 31% azalıb.







