Müəllif: Ruslan Süleymanlı , Marketinq menecer
Merçendayzinq,əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi,müasir biznesin çox önəmli və ayrılmaz bir hissəsidir.Rəqabətin hər gün artdığı müasir dövrdə, satış etməyi artıq olduqca xırda detallar həll edir.Bir çox şirkətlərdəki mütəxəssislər olduqca geniş olan informasiya resurslarından eyni cür istifadə etmək imkanlarına sahibdirlər.Belə olan halda, rəqabət aparmaq getdikcə çətinləşir və rəqabət daha çox yaradıcılıq tələb edir.Üstəlik,bu yazı yazılarkən dünyada istehlak dövrünün artıq bitdiyinə dair fikirlər səslənməkdədir.Başqa sözlə,insanların bol alış-veriş etmək dövrü müvəqqəti də olsa bitməyə doğru gedir.Şübhə yoxdur ki, bu vəziyyət qarşıdakı bir neçə ildə ölkəmizdə də özünü güclü bir şəkildə göstərəcəkdir.Deməli,istehlakçıya satışı həyata keçirən şirkətlər üçün merçendayzinqin önəmi birə on qat artır.Elə isə,”Merçendayzinq ilə satışlarınızı artırın” adlı birinci və ikinci yazılarımızın davamı olaraq “Merçendayzinq ilə satışlarınızı artırın-3”-adlı yazımızda da merçendayzinq qaydaları haqqında müzakirələrə davam edəcəyik.Əvvəlki qaydaları oxumuşsunuzsa,7-ci qaydadan davam edəcəyimizi də yadda saxlamışsınız.
7.POP/POS materialları və qiymət etiketləri qaydası. POP(point of purchase)/POS (point of sale) materialları məhsulların satışı məqsədilə müştərilərin bilgiləndirilməsi və həvəsləndirilməsi üçün marketlərdə qoyulmuş materiallar hesab olunurlar.Bunlar, stend, lent,kağız,kardon, kauçuk materiallar və sairlərdən ibarət ola bilərlər.POP/POS materillarının məqsədi müştərilərin diqqətini daha asan cəlb etmək,məhsul haqqında məlumat vermək və nəticədə, satışları artırmaqdır.Həmçinin,qiymət kağızlarının da bu işdə özünüməxsus rolu olduğu da danılmazdır.Hər nə qədər ölkəmizdəki bir çox marketlərdə qiymət kağızları ilə bağlı qaydalara riayyət olunmasa da,şirkətlər özləri məhsulları üçün xüsusi, diqqət cəlb edən qiymət kağızları hazırlaya bilərlər.Supermarketlərdə qiymət kağızları standart olsa da,digər qrup, daha kiçik market və parakəndə mağazalarda xüsusi yazılmış qiymət kağızlarından istifadə etmək mümkündür.Məhsullar rəflərdə yerləşdirilərkən məhsula aid olan POP/POS materialların və qiymət kağızlarının onlara uyğun şəkildə yerləşdirilməsinə müntəzəm olaraq diqqət yetirmək lazımdır.Əgər POP/POS materialların üzərində qiymət göstərmək üçün yer varsa,qiymətlər onun üzərində göstərilməlidir. Qiymətdə dəyişiklik olarsa dərhal rəflərin üzərində öz əksini tapmalidir.
- Promo blokları qaydası .Promo bloklar və ya promosiya blokları, satışı artırmaq üçün həyata keçirilən həvəsləndirici və ya güzəştli kampaniyalar-dır.Promosiya bloklarının supermarket daxilində yerləşdirilməsi üçün ən münasib yerlər əsas hərəkət koridorlarları və sağ tərəfdəki rəf bölümlərinin başlarıdır.Promo blokların hazırlanması üçün xüsusi qaydalar mövcuddur.Bunlardan bəziləri:
- Diqqət cəlb etmək üçün rəngli kağızlardan istifadə olunması.
- Qiymətlərin böyük rəqəmlərlə yazılması.Belə ki,qiymətlər ən az 6 metr uzaqdan oxunmalıdır.
- Müştərilərin diqqətini cəlb etmək üçün bütün promosiya blokunu əhatə edən lentlə bağlanması.Lentin üzərində“Hədiyyə”, ”Kampaniya” və sair sözlər yazılması daha münasibdir.
- Bloku “ölü zona”da deyil,müştərilərin hərəkət marşurutu üzərində yerləşdirmək.Yadınızdadırsa,əvvəlki yazılarımızda supermarket içərisindəki ölü zonalardan ətraflı şəkildə bəhs etmişdik.
- Blokun içərisindən bir və ya bir neçə məhsulu götürməklə məhsulların sürətlə satıldığı təsəvvürünü yaratmaq.
Gördüyünüz kimi,diqqəti cəlb edən promosiya bloku hazırlamaq üçün ən az yuxarıdakı qaydaları tətbiq etmək lazımdır.Bundan başqa,promo blokların müxtəlif cür düzülüş qaydaları mövcuddur.Bunlardan bəziləri aşağıdakılardır:
1.Palet düzülüşü modeli-taxta və ya plastik altlıqlar üzərində qurulur.Paletin hündürlüyü altlıq və üzərində yığılmış məhsullarla birlikdə 1.25 m səviyyəsində olmalıdır.Altlıqlar məhsul üçün tanıtım lentləri və endirim yazıları ilə örtülməlidir.
2.Tort düzülüşü modeli-Adına uyğun formada,içkilər və ya şampun kimi məhsulların düzülüşü üçün istifadə olunur.
3.Piramida düzülüşü modeli-Adından göründüyü kimi, məhsullar piramida formasında yığılır.Bu model daha çox konserv və yağ məhsullarının düzülüşü üçün istifadə olunur.
4.Şəlalə düzülüşü modeli-Məhsullar alt sırada çox,yuxarı qalxdıqca azalmaqla düzülür.Bu model çox yer tutsa da diqqət cəlb edir və böyük həcmdə məhsulu promosiya etmək üçün idealdır.
9.Qiymətə görə planoqram qaydası.Bu qayda, rəflərdə bir neçə müxtəlif məhsulu yerləşdirib planoqram hazırlamaq istədikdə və bu zaman seçimlər qarşısında qaldıqda lazım olur.Belə olduqda,müxtəlif məhsullarımızı rəflərə onların qiymətlərinin artması və ya azalması qaydalarına görə yerləşdirməliyik.Burada qiymət dedikdə daha çox marja dəyəri nəzərdə tutulur.Yəni:
- Qiyməti( marja dəyəri) yüksək olan məhsullarımızı yuxarıdakı rəflərdə,xüsusilə,göz və əl səviyyəsindəki rəflərdə yerləşdirməliyik.
- Daha ucuz olan məhsullarımızı isə aşağı rəflərdə yerləşdirə bilərik.
Bu qayda, əvvəllər də haqqında danışdığımız göz və əl səviyyəsi qaydasına əsaslanır.Müştərilər daha çox göz və əl səviyyəsində olan məhsulları almağa meylli olduqları üçün marja dəyəri yüksək olan məhsulları bu hissələrdə yerləşdirmək daha vacibdir.
Beləliklə,merçendayzinq qaydaları haqqındakı daha bir yazımıza burada son qoyuruq.Merçendayzinq qaydalarının davamı üçün gələcək yazılarımızı izləyin.Sual və təkliflərinizi [email protected] ünvanına yaza bilərsiniz.