13 C
Baku
Friday, April 19, 2024

Mərkəzi Bank həftə sonuna “ən çətin” qərarlarında birini verir – Uçot dərəcəsini endirəcəkmi?

BANKER.AZ — Azərbaycan Mərkəzi Bankı bu həftənin son iş günü, 19 mart 2021-ci il tarixinə faiz dəhlizinin parametrlərinə dair mühüm qərar verəcək.

AMB ilin ikinci iclasında bir çox yerli analitiklər tərəfindən “gözləmə mövqeyində” dayanacağı proqnoz edilir. Necə ki, ilk iclasda da requlyator bu mövqedən çıxış etdi. 2020-ci ilin son iclasında uçot faiz dərəcəsini 6.50 faizdən 6.25 faizə qədər endirməli olsa da, yanvarın 29-u gerçəkləşən görüşdə faiz dərəcəsinin parametrlərinə toxunmadı.

Bəs AMB bu iclasda hansı göstəriciləri nəzərə almaqla qərar verəcək?

AMB, son iclasında faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiya səviyyəsi və inflyasiya gözləntiləri, proqnoz horizontunda iqtisadi aktivliyin bərpa tempi, daxili və xarici risklərin reallaşması ehtimalları, onların maliyyə bazarlarına təsirləri nəzərə alınmaqla qəbul ediləcəyini bildirmişdi.

Mərkəzi Bank sonuncu görüşü zamanı fiskal siyasətin dəstəyi ilə məcmu tələbin artması gözləntiləri fonunda öz inflyasiya gözləntilərini bu ilin sonuna 4% olaraq proqnozlaşdırır.

Digər tərəfdən isə, faiz dərəcəsinin dəyişdirilməsində əsas nəzərə alınan amillərdən biri isə valyuta bazarında xarici valyutaya olan tələbdir. Fevral ayı kimi, mart ayında da xarici valyuta tələbi 2020-ci ilin dekabrı və cari ilin ilk ayındakı tələb kimi deyil. Yəni, manat hazırda “rahat zonada” görünür.

İqtisadçı Elman Sadıqov deyir ki, bu dəfə Mərkəzi Bank üçün qərar qəbul etmək əvvəlkilərlə müqayisədə daha çətin olacaq.

Elman Sadıqov bunu onunla izah edir ki, bir tərəfdən inflyasiyanı tətikləyən bir neçə qiymət artımının olması  2021-ci il ərzində inflyasiya təzyiqini saxlayacaq və Mərkəzi Bankın əsas hədəflərindən biri olan qiymət stabilliyi məsələsi prioritet istiqamətlərdən biri olacaq.

“Digər tərəfdən isə, hazırda və eləcə də post-pandemiya  dövründə biznesin inkişafı, bərpası məqsədi ilə kreditləşməyə, maliyyələşməyə ehtiyac var. Yəni, faiz dərəcələrinin qaldırılması kreditləşmə və maliyyələşməyə mənfi təsir göstərə bilər. Belə ki, bu halda da faizlərin artma ehtimalı var. Faiz dərəcələrinin də endirilməsi inflyasiya artımı üçün riskli görünə bilər“, deyə E.Sadıqov deyib.

E.Sadıqovun fikrincə uçot faiz dərəcəsinin dəyişməz qalması “ən optimal variant” kimi görünür, lakin 0.25 faiz bəndi ilə 6%-ə endirilməsi istisna deyil.  İqtsadçı düşünür ki, “hər iki variantdan biri məqbul hesab edilə bilər. Faiz dərəcələrinin yuxarı və aşağı hədinin endirilməsi də mümkündür”.

Ayın əvvəli isə Azərbaycanda fəaliyyət göstərən “Unicapital” İnvestisiya Şirkətinin proqnozunda demişdi ki, “artacaq inflyasiya gözləntiləri fonunda uçot faiz dərəcəsinin kəskin azaldılması ehtimalı aşağı görünür”

Bildirək ki, Dövlət Neft Fondu manatı qorumaq üçün mart ayınının ilk 4 valyuta hərracında yerli banklara cəmi 207.4 mln. dollar ekvivalentində xarici valyuta satıb ki, öncəki aylardan xeyli azdır. Bu göstərici yanvar ayında (yəni ilk dörd hərracda ) 379.1 mln. dollar, fevral ayında 207.4 mln. dollar idi. Mərkəzi Bank bu azalmaya şərh kimi fevral ayında Banker.az-ın sorğusuna “dollara tələbin” azaldığı və ölkənin xarici ticarətdə ixracının əsas payçısı olan xam neftin qiymətinin artımının təsirindən yarandığını açıqlamışdı.

Bu məsələyə şərh verən iqtisadçı Elman Sadıqov da qeyd edir ki, manatın məzənnəsi ilə bağlı vəziyətdə əvvəlki aylara isbətən ciddi, kəskin risklər yoxdur və hətta azalıb.

“Əsas məsələlərdən biri neft qiymətləridir. Bu qiymətlər də hazırda 66-67 dollar civarındadır. Neft qiymətləri isə Azərbaycan üçün optimal hesab etmək olar”.

İqtisadçı əlavə edir ki, hazırda Mərkəzi Bank qarşısında duran iki vacib məsələ vardır: real sektor üçün faiz dərəcələrinin artmaması. Bunun üçün də ən azından uçot faiz dərəcəsi artırılmır, həmçinin uçot faiz dərəcəsinin kəskin endirilməsi istisnadır.

Son xəbərlər
Digər xəbərlər