Meta-nın süni intellekt agenti maliyyə şirkətlərinin səhmlərində satış dalğasına səbəb olub

Meta Platforms-ın Muse süni intellekt agentinin sürətlə yayılması Uoll-stritdə bu texnologiyanın ödəniş şirkətləri və “istehlakçı ətaləti”ndən faydalanan digər bizneslərin mövqelərini zəiflədə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Söhbət istehlakçıların bazarda daha sərfəli alternativ olsa belə, vərdiş etdikləri məhsul və ya xidmətdən istifadə etməyə davam etməsindən gedir.

S&P 500 indeksinin maliyyə sektoru iyuldan bəri ən aşağı səviyyədə ticarət olunur. JPMorgan Chase, Wells Fargo, Morgan Stanley və Bank of America daxil olmaqla iri bankların, eləcə də broker və sığorta şirkətlərinin səhmləri təzyiq altında qalıb.

Satış dalğası digər bazar seqmentlərinə də yayılıb. Xüsusilə, Booking Holdings, Expedia və Tripadvisor kimi populyar turizm platformalarının səhmləri də ucuzlaşıb.

İnvestorlar nədən qorxur?

Fevral ayında hazırladıqları hesabatla çatdırılma, ödəniş və proqram təminatı şirkətlərinin səhmlərində kəskin satışlara səbəb olan Citrini Research analitikləri indi yeni potensial autsayderlərə diqqət çəkirlər.

Onların fikrincə, növbəti təzyiq dalğası istehlakçılar üçün əməliyyatların mürəkkəbliyi və əlverişsizliyindən pul qazanan biznesləri əhatə edə bilər.

“Sabah elə bir şey görə bilərsiniz ki, tibbi sığorta şirkətlərinin insanların sığorta təminatını təsdiqlətmək üçün telefonda beş saat gözləmək istəməməsi hesabına nə qədər pul qazandığını düşünməyə başlayarsınız. İstehlakçı davranışı insan psixologiyası ilə müəyyənləşdiyi dövrdə işləyən taktikalar keçmişdə qalacaq”, – Citrini analitikləri bildiriblər.

Uoll-stritdə başqa nə deyirlər?

➖ Goldman Sachs xəbərdarlıq edir ki, Muse kimi agentlərin inkişafı biznesi müntəzəm ödənişlərdən, əlavə xidmətlərdən və danışıqlar nəticəsində endirilə bilən qiymətlərdən asılı olan şirkətlər üçün risk yaradır.

Süni intellekt təkliflərin müqayisəsini, səfərlərin bron edilməsini və müştəri xidmətləri ilə ünsiyyəti asanlaşdıra bilər. Bu halda müştərilər üçün sərfəli olmayan tarifdən və ya adət etdikləri xidmətdən imtina etmək daha rahat olacaq.

Muse artıq PayPal və fintech şirkəti Plaid ilə əməkdaşlıq edir və gələcəkdə ödənişlər, maliyyə planlaşdırması və sığorta sahəsindəki prosesləri dəyişə bilər.

Goldman Sachs həmçinin telekommunikasiya operatorlarını, striminq xidmətlərini və kommunal şirkətləri izləməyi tövsiyə edir.

➖ Maliyyə şirkətləri üçün risk yalnız məsləhətçilərin bir qisminin əvəzlənməsi və onların xidmətlərinə görə komissiyaların azalması ilə məhdudlaşmır.

Citizens analitiki Devin Rayanın izahına görə, süni intellekt agentləri müştərilərin pullarını hesablar və investisiyalar arasında daha səmərəli şəkildə hərəkət etdirə, o cümlədən vergiləri optimallaşdırmaq üçün istifadə oluna bilər.

Belə olan halda broker hesablarında daha az sərbəst vəsait qalacaq. Halbuki vasitəçilər məhz bu vəsaitlərdən gəlir əldə edirlər.

Rayanın sözlərinə görə, ayrı-ayrı bir süni intellekt agenti sənayeni bir gecədə dəyişdirməyəcək. Lakin bu cür məhsulların ardıcıl olaraq istifadəyə verilməsi ənənəvi biznes modellərinin dəyişdiyi və qeyri-müəyyənliyin artdığı hissini gücləndirir.

Niyə hələlik panikaya ehtiyac yoxdur?

Uoll-stritdə hesab edirlər ki, iri maliyyə şirkətləri yeni texnologiyalara sürətlə uyğunlaşa bilsələr, Muse ətrafındakı narahatlıqlar şişirdilmiş çıxa bilər.

Pirker Partners konsaltinq şirkətinin təsisçisi Alois Pirker qeyd edir ki, mövcud bazar iştirakçılarının artıq böyük həcmdə müştəri məlumatları var və süni intellektin tətbiqi onların biznesinin səmərəliliyini artıra bilər.

Ötən həftə Anthropic iş proseslərinin avtomatlaşdırılması üçün Schwab və Vanguard platformaları ilə inteqrasiya olunan Claude alətlər paketini təqdim edib.

Gabelli Funds investisiya fondundan Makrey Sayksın sözlərinə görə, əgər Schwab süni intellekt vasitəsilə məsləhətçilərin səmərəliliyini artırıb onların daha çox müştəri aktivi cəlb etməsinə kömək edə bilsə, şirkət nəticədə saxlanılan aktivlərin həcminin və müştəri fəallığının artmasından faydalana bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər