“Meta” şirkəti “Facebook” və “Instagram” sosial şəbəkələrinin istifadəçilərin psixi vəziyyətinə təsiri ilə bağlı daxili araşdırmanı mənfi nəticələr əldə edildikdən sonra dayandırıb. Bu barədə ABŞ-nin dövlət ibtidai və orta məktəblərini birləşdirən məktəb dairələri tərəfindən şirkətə qarşı qaldırılan iş üzrə sənədlərə istinadən “Reuters” yazıb.
“Merkuri Layihəsi” adlandırılan və 2020-ci ildə “Nielsen” şirkəti ilə birgə aparılan araşdırma, sosial şəbəkələrdən bir həftəlik uzaqlaşan insanlarda depressiya, tənhalıq və narahatlıq səviyyəsinin azaldığını göstərir. Sənədlərdə qeyd olunur ki, şirkət nəticələri dərc etməyib və araşdırmanı davam etdirməkdən imtina edib.
Həmin illərdə “Meta”nın ictimai siyasət üzrə rəhbəri vəzifəsini tutan Nik Kleqqə məlumat verilib ki, nəticələr doğrudur və səbəb-nəticə əlaqəsini göstərir. Eyni zamanda işçilərdən biri nəticələri gizlətməyi “siqaretin zərərləri barədə məlumatı yaymayan tütün şirkətləri kimi davranmaq” adlandırıb.
“Meta” nümayəndəsi Endi Stoun bildirib ki, araşdırma qeyri-dəqiq metodologiya səbəbilə dayandırılıb, şirkət məhsulların təhlükəsizliyini artırmaq üzərində işləyir və dəyişikliklər zamanı valideynlərin rəyini nəzərə alır.
“Motley Rice” hüquq firması yalnız “Meta”ya qarşı deyil, həmçinin “Google”, “TikTok” və “Snapchat”a qarşı da iddia qaldırıb. İddiaçılar şirkətlərin yeniyetmələrdən və valideynlərdən sosial şəbəkələrin risklərini gizlətdiyini bildirirlər. “Meta” tərəfindən yeniyetmələr üçün hazırlanmış məhdudiyyətlər isə qeyri-effektiv adlandırılıb. Stoun bu iddiaları təkzib edib.
“Meta” öz daxili sənədlərinin iş materiallarından çıxarılması üçün vəsatət verib. Məhkəmə iclası 2026-cı il yanvarın 26-da Şimali Kaliforniya dairə məhkəməsində keçiriləcək.








